Məhkəmə qərarları › İş №2-1(112)-6255/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6255/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6255/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müddətsiz əlilliyin bərpa edilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «müddətsiz əlilliyin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 3 dekabr 1970-ci il tarixdə doğulmuşdur. 1991 – 1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, onun barəsində “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqə göstərilməklə qərar verilmişdir. İddiaçıya 1994-cü ildən 2 mart 2015-ci ilədək müddətli, 2 mart 2015-ci il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. 2021-ci ildə tibb müəssisəsinin 0050003AAC7C göndərişi avtomobilə tibbi göstərişi Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmişdir. 30 noyabr 2022-ci ildə avtomobilə tibbi göstəriş verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyində əyani müayinədə olmuşdur. Bir müddət keçdikdən sonra bu barədə məlumat əldə etmək məqsədi ilə dəfələrlə Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə müraciət etsə də, həmin orqan tərəfindən ona cavab verilməmişdir. Bundan sonra 4 yanvar 2023-cü ildə avtomobilə tibbi göstəriş verilməsi üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə qarşı məhkəməyə müraciət etmişdir. Eyni zamanda 2023-cü ilin yanvar ayında pensiya ödənişi vaxtı iddiaçının pensiyası ödənilməmişdir. Bu zaman ona məlum olmuşdur ki, 27 dekabr 2022-ci ildə avtomobilə tibbi göstəriş verilməsindən imtina edilmiş və 30 noyabr 2022-ci il tarixdə isə onun 02 mart 2015-ci il tarxdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyinatına qanunsuz olaraq cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki, iddiaçının əlillik təyinatı haqqında heç bir müraciəti olmamış, sadəcə avtomobilə tibbi göstəriş verilməsi barədə müraciət etmişdir. İddiaçı hesab edir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin onun müddətsiz əlillik təyinatını əsassız ləğv edərək imtina etməsi qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2-1(102)-2004/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-188/2022 nömrəli, xx.xx.2021-ci il tarixli 2-1(112)-4867/2021 nömrəli, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(106)-29/2023 nömrəli və xx.xx.2022-ci il tarixli 2-1(120)-1426/2022 nömrəli qərarları nəzərə alaraq iddia ərizənin təmin edilməsini xahiş edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, 57, 60, 149-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına, «İnzibati icraat haqqında» Qanunun 64, 65-ci maddələrinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, iddiaçının 2 mart 2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə 23 saylı Şəhər Poliklinikasının 25 fevral 2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bəzi erkən ağırlaşmaları => T79.8 - Travmanın digər . . ., Diaqnozun mətni: Sağ pəncəni dəlib keçən güllə yaralanmasından sonrakı qalıq əlamətləri. Bel fəqərələrinin osteoxandrozu ağrı sindromu ilə. Hipertoniya xəst. İİ mər. Şəkərli diab. İİ tip, Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Sağ pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı qalıq əlamətləri” səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. Daha sonra vətəndaş yenidən müraciət etmiş və Bakı 23 nömrəli Şəhər Poliklinikasının 16 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə‘zi erkən ağırlaşmaları => T79.8 - Travmanın digər..., Diaqnozun mətni: Sağ pəncənin dəlib keçən güllə yaralanmasından s/v. a/ə obliterasiya edici endoartriti. baldır arteriyasnın stenozu, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ pəncənin dəlib keçən güllə yaralanmasından s/v.” səbəbi ilə müddətsiz əlillik verilmişdir. Bakı 23 nömrəli Şəhər Poliklinikasının 16 fevral 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T79 - Travmaların digər rubrikalarda təsnif olunmayan bə‘zi erkən ağırlaşmaları => T79.8 - Travmanın digər...; Diaqnozun mətni: Sağ pəncənin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Aşağı ətrafın obliterasiyaedici endoartriti. Baldır arteriyasının stenozu, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam Reablitasiya olunması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və 14 dekabr 2022-ci il tarixli qərarla barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına. göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 2-ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz əlilliyinin 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı barəsində Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. İddiaçıya 25 fevral 2014-cü il tarixdən 1 illik müddətinə əlillik təyin edilmiş, 02 mart 2015-ci il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Lakin iddiaçının əlilliyi 27 dekabr 2022-ci il tarixdən dayandırılmışdır ki, cavabdehin qənaətinə görə iddiaçı tam reabilitasiya olmuşdur. Hazırda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir və əlilliyinin bərpasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Məhkəmə iddiaçının əlilliyinin dayandırılması üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - İkinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirilir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) ləğv edərək, onun tam reabilitasiya olması barədə qərar qəbul etsə də, bu barədə ayrıca inzibati icraat aparmamışdır. - Hazırki işdə əlillik dərəcəsinin ləğv edilməsindən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur; - Cavabdeh iddiaçının tam reabilitasiya olunması barədə qərar qəbul etsə də, onun əlilliyin müddətsiz olmasını, ümumiyyətlə əlilliyin qiymətləndirilməsi üçün göndərişin olmamasını nəzərə almamış, iddiaçının minik avtomobili ilə bağlı müraciətinə baxılan zaman onun tam reabilitasiya olması qənaətinə gəlmişdir ki, bununla da onun əlilliyi ləğv edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.Göründüyü kimi, qüvvədə olan qanunvericilik əlilliyin qiymətləndirilməsini məhz müvafiq tibbi müəssisə tərəfindən rəsmiləşdirilmiş göndəriş əsasında aparılmasını nəzərdə tutsa da, cavabdeh əlilliyin qiymətləndirilməsi üçün tibb müəssisənin göndərişi olmadan, onun minik avtomobili ilə bağlı müraciətinə baxılan zaman onun əlilliyin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedurl qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 52, 68-ci maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı 2-ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz əlilliyinin 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2-ci qrup “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz əlilliyinin 27 dekabr 2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar