Məhkəmə qərarları › İş №2-1(112)-6256/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6256/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6256/2023 19.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı "iddiaçının sürücülük vəsiqəsinin üzərinə və sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı iddiaçının sürücülük vəsiqəsinin üzərinə və sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus AB499076 seriya nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün xx.xx.2022-ci ildə o, 7 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmiş və orada ona sürücülük hüququna məhdudiyyət qoyulduğu üçün sürücülük vəsiqəsinin dəyişdirilməsinin qeyri-mümkün olması bildirilmişdir.Məhdudiyyətin qoyulmasının səbəbi kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(009)-49/2013 nömrəli hökmü göstərilmişdir. İddiaçı qeyd edilən məsələ ilə bağlı Səbail rayon məhkəməsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə müraciətlər ünvanlamışdır. Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda xx.xx.2013-cü il tarixli, 1(009)-49/2013 nömrəli hökmün icra edilməsi üçün xx.xx.2013-cü il tarixli məktubla Azərbaycan Respublikasının DİN-nin Baş X1 İdarəsinə göndərildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi isə xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, o, sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyi üçün sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayandırılmış və müddətin axımı həmin sürücülük vəsiqəsi təqdim edildikdən sonra başlayacaqdır.Halbuki iddiaçı Bakı şəhəri Səbail rayon məhkəməsində proses

zamanı məhkəmə katibinə sürücülük vəsiqəsini təqdim etmiş və bir illik müddət bitdikdən sonra isə məhkəmədən təhvil almışdır. 2013-cü ildən 2022-ci ilə qədər nəqliyyat vasitəsini heç bir problem olmadan idarə etmiş, stasionar postlarda YPX-nin əməkdaşları tərəfindən sürücülük vəsiqəsi dəfələrlə yoxlanılmış, həmçinin bir neçə dəfə yol hərəkəti qaydalarının pozulması ilə bağlı protokollar tərtib edilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən sürücülük hüququna qoyulan məhdudiyyət götürülməmiş və cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçının hüquqlarını məhdudlaşdırmaqla bərabər həm də kobud şəkildə pozmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən iddia tələbinə etirazın təqdim edilməsinin tələb olunmasına baxmayaraq cavabdeh iddiaya etirazını təqdim etməmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

7.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı sürücülük vəsiqəsinə sistemdə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Səbail rayon məhkəməsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən Səbail rayon məhkəməsinin 1(009)-49/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmü xx.xx.2013-cü il tarixli müşayiətedici məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə icra edilməsi üçün göndərilmişdir.Həmin məktubla İddiaçı sürücülük vəsiqəsinin cinayət işinin materiallarına əlavə edilmədiyi göstərilmişdir. Səbail rayon məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş xx.xx.2013-cü il tarixli, 016-9372-1213 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə

məhkum olunmuş İddiaçı 1 il müddətinə sürücülük hüququndan məhrum edilməsinə aid hökmün surətinin alınması və icraata yönəldilməsi göstərilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Səbail rayon məhkəməsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubuna əsasən cavabdeh AR CMnin 263.1-ci maddəsi ilə məhkum olunmuş İddiaçı bir illik müddətinə sürücülük hüququndan məhrum edilməsinə dair hökmün surətinin alınmasını və icraata yönəldilməsini təsdiq etmişdir. - Səbail rayon məhkəməsinin cavabdehə ünvanlanmış 1(009)-49/2013 nömrəli, xx.xx.2013-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə məhkum olunmuş İddiaçı barəsində məhkəmənin xx.xx.2013-cü il tarixli hökmü icra edilməsi üçün Baş X1i İdarəsinə göndərilmişdir, qeyd edilən hökmün icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumatın verilməsi xahiş edilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına dair Səbail rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(009)-49/2013 saylı hökmündə göstərilmiş məlumatlar Baş X1i İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyatda alınmışdır.Bununla yanaşı İddiaçı sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi təqdim edildikdən sonra başlayacaqdır.

İV. Məhkəmənin mövqeyi

8.Məhkəmə, iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin qeyd edilən maddəsinin xx.xx.2013-cü il tarixdə qüvvədə olan redaksiyasına əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə;

12. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə barədə hökm qanuni qüvvəyə mindikdən sonra və ya bu Məcəllənin 154.3-cü maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru onun surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkuma bu hüququ verən orqana göndərir. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görür.

13. Hal-hazırda işin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və əsas cəza növü ilə yanaşı əlavə cəza növündə nəqliyyat vasitələrini idarə etmək hüququndan bir il müddətinə məhrum edilmişdir, həmin əlavə cəza növü hissəsində ittiham hökmü icra edilməsi üçün Səbail rayon məhkəməsi tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli müşayiətedici məktubla göndərilsə və cavabdehin həmin məhkəməyə ünvanlanmış məktubuna əsasən ittiham hökmü iddiaçı barədə əlavə cəzanın icra edilməsi üçün icraata götürülsə də cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi iddiaçıya münasibətdə icra edilməmişdir, yəni iddiaçı nəqliyyat vasitələrini idarə etməkdə davam etmişdir. Bununla yanaşı cavabdeh imtina məktubunda İddiaçı tərəfindən sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə verilməməsi, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etməməsi səbəbindən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımının dayandırılması və müddətin axımının həmin sürücülük vəsiqəsi təqdim edildikdən sonra başlayacağını bildirsə də məhkəmə qeyd edilənləri əsassız hesab edir.Belə ki, cavabdeh sürücülük vəsiqəsinin iddiaçıdan tələb etməsinə dair hər hansı bir sübutu, ümumiyyətlə iddiaçı barədə əlavə cəza hissəsində ittiham hökmünün icra edilməsi ilə bağlı gördüyü tədbirlərin əks olunduğu inzibati icraat materiallarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində göstərilən əməl ehtiyatsızlıqdan törədilən olmaqla böyük ictimai təhlükə törətmətən cinayət hesab edilir, böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilən şəxsə münasibətdə ittiham hökmü iki müddətində icra edilmədikdə məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdehə məhkəmənin ittiham hökmü icra edilməsi üçün 2013-cü ildə göndərilməsinə baxmayaraq ittiham hökmü iddiaçının əlavə cəzanın çəkilməsi hissəsində icra edilməmişdir, belə olan halda ittiham hökmü əlavə cəza hissəsində icra edilmədiyi üçün və həmin müddətdən də 2 ildən çox müddət keçdiyi üçün iddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin əlavə cəzanı çəkməkdən azad edilmiş hesab edilir.

14. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda sadalanan normalarını pozmuşdur, belə ki, o, iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80.1-ci maddəsinə əsasən əlavə cəzanı çəkməkdən azad edilmiş hesab edildiyini, iddiaçının xeyrinə olan halları nəzərə almamış, iddiaçının nəqliyyat vasitələrini idarə etmək hüququnun üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını təmin etməmişdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

16. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı sürücülük vəsiqəsinin üzərinə və sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə üzərinə qoyulmalıdır.

17. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 18.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı sürücülük vəsiqəsinin üzərinə və sürücülük hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar