Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6258/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı A.M.A.Y” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “qeydiyyat vəsiqəsinin ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2005-ci il tarixli 02 nömrəli reyestr kitabının 61-ci səhifəsində 644 reyestr nömrəsi ilə qeydiyyatda alınaraq X4 verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 15 aprel 1996-cı il tarixli, 378 saylı sərəncama əsasən "xxxx" İstehsalat-Kommersiya firmasının (hal-hazırda "xxxx" ASC) Bakı şəhəri, Nizami rayonu, Babək prospektində 2269-cu məhəllədə (hal-hazırkı Bakı şəhəri, Nizami ryaonu, Keşlə qəsəbəsi, X6, ev 47F) kərpic və ağac emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilmişdir. Həmin torpaq sahəsində "xxxx" ASC tərəfindən qeyd olunan torpaq sahəsində təyinatı üzrə istehsalat sexi və 5 mərtəbəli qeyriyaşayış sahəsi inşa edilmişdir. Lakin məlum olmuşdur ki, üçüncü şəxs X5 həmin torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə dair sənədləşmə işləri aparmışdır. Halbuki həmin əmlakın sahibi olan "xxxx" ASC tərəfindən bununla bağlı üçüncü şəxsə razılıq və ya etibarnamə verilməmişdir. Üçüncü şəxs X5 qeyd olunan sənədləşməni həyata keçirdiyi zaman "xxxx" ASC-nin təsisçisi və direktoru ölkə ərazisində olmamışdır. Həmçinin üçüncü şəxs X5 tərəfindən alınmış qeydiyyat vəsiqəsinin hansı sərəncama əsasən verilməsi müəyyən edilməmiş və qaranlıq qalmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başısının 15 aprel 1996-cı il tarixli sərəncamına əsasən "xxxx" İstehsalat-Kommersiya firmasına Bakı şəhəri Nizami rayonu Babək prospektindəki 2269-cu məhəllədə kərpic və ağac emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 644 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə X2 adına 05 oktyabr 2005-ci il tarixdə, 02 nömrəli reyestr kitabında 61-ci səhfəsində 644 reyestr nömrəsi ilə qeydə alınmışdır. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2016-cı il tarixli, **********71 nömrəli bildirişinə əsasən üçüncü şəxs X2 təqdim etdiyi qeydiyyat vəsiqəsində qeyd olunan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının dövlət reyestrində qeydiyyatdan keçməsinə dair arxiv əsaslarında məlumat aşkar edilməmişdir. Bütün bu hallar bir daha göstərir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 644 nömrəli qeydiyyat vəsiqəsi üçüncü şəxs X5 tərəfindən saxta və qanunsuz yollarla əldə edilmiş və həmin qeydiyyat vəsiqəsinin arxiv sənədləri dövlət reyestrində aşkar edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.2-ci maddəsinə əsasən qeydiyyatı dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasında imtina barədə ərizəçiyə bildirilməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqlar və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Üçüncü şəxs X4 2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin hansı hüquqi əsaslarla verilməsi və həmin qeydiyyat vəsiqəsinin dövlət reyestrində qeydiyyatdan keçməsinə dair arxiv əsaslarında məlumat aşkar edilmədiyindən, həmin qeydiyyat vəsiqəsinin mötəbər sənəd hesab etməməlidir. Bununla əlaqədar olaraq üçüncü şəxs X4 Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 05 oktyabr 2005-ci il tarixdə verilmiş 644 reyestr nömrəli qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla əlaqədar olaraq, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2005-ci il tarixli 02 nömrəli reyestr kitabının 61-ci səhifəsində 644 reyestr nömrəsi ilə qeydiyyatda alınaraq üçüncü şəxs X4 verilmiş qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələb ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(82)-2798/2016 saylı qərarı əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-77/2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2016-cı il tarixli **********56-06301 reyestr nömrəli texniki pasportun etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi,X6 ev 47F ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının və həmin əmlakın yerləşdiyi torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi, X6 ev 47F ünvanında yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasının və həmin əmlakın yerləşdiyi torpaq sahəsinin qanunsuz rəsmiləşdirilməsinə dair cinayət faktı ilə əlaqədar xüsusi qərardad çıxarılmasına dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(007)- 77/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3804/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə qeyri-mümkün hesab edilməsi və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bakı Şəhər İcra Hakimiyyətinin 378 saylı xx.xx.1996-cı il tarixli sərəncamına əsasən "xxxx" İstehsalat-Kommersiya Firmasının xx.xx.1996-cı il tarixli 16 nömrəli məktubu nəzərə alınaraq Nizami rayonu Babək prospektindəki 2269-cu məhəllədə kərpic və ağac emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx.xx.2005-ci il tarixli 644 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış binası 05 oktyabr 2005-ci il tarixdə tam mülkiyyət hüququ ilə X2 adına 02 nömrəli reyestr kitabının 61-ci səhfəsində 644 reyestr nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-48-2F/2-01838/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1996-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1996-cı il tarixli, 378 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bununla əlaqədar Bakı şəhər İH-nin arxivinə müraciət etmək tövsiyə olunur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52/2- 1589/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 378 nömrəli sərəncamının təsdiq olunmuş surəti göndərilmiş və həmin sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 11780/2023 **********80 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdulayev küçəsində yerləşən qeyri-yaşayış binasına dair X2 adına verilmiş xx.xx.2005-ci il tarixli 644 reyestr nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər arxiv qovluğunda aşkar edilməmişdir. X2 adına ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-8067/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X6, 47F ünvanında yerləşən qeyri-yaşayış binasına dair X2 adına verilmiş xx.xx.2005-ci il tarixli 644 reyestr nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edilməmişdir. Sözügedən qeyri-yaşayış binası 14 oktyabr 2016-cı il tarixli, 2-1(82)- 2798/2016 nömrəli məhkəmə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; xx.xx.2016-cı il) əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X6, 47 F X2 xüsusi mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2798/2016 saylı xx.xx.2016-cı il tarixli qərara əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 644 nömrəli qeydiyyat vəsiqəsi əsasında X2 Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə sərəncam və bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçıya hüquqi yardım edilərək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun, həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlərin notarial qaydasında təsdiq edilmiş surətinin təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçı müvafiq tələblə cavabdehə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddiaçının hal-hazıradək də müvafiq tələblə cavabdehə müraciət etmədiyini bildirdi və məhkəmədən iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmədən iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, etirazı, işin materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, hazırki iddia qeydiyyat vəsiqəsinin ləğv edilməsi ilə bağlı olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(1.1) İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.(1.2) Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1) İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(2.2) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.(2.3) Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının müvafiq tələblə inzibati orqana müraciətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bu barədə iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq belə bir sübut məhkəmə iclasında da təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya hazırki tələblə bağlı cavabdeh orqana müraciət etməsi hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-6258/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6258/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver