Məhkəmə qərarları › İş №2-1(112)-6259/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6259/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6259/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə aidiyyətlə bağlı məsələnin müzakirəsi üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilərək, bu barədə proses iştirakçılarına məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırkı işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının qeydiyyat ünvanı Cəlilabad rayonu, Günəşli kəndidir. Cəlilabad rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanı Bakı şəhərinin Səbail rayonu olsa da, onun yurisdiksiyasına Respublikanın bütün rayonları daxil olmaqla, birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən “İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddia tələbindən göründüyü kimi tələb inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Qanunverici isə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialar üzrə məhkəmə aidiyyətini müəyyən edərkən birinci növbədə bunu iddiaçının yaşayış yerindən asılı etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi, İddiaçı yaşayış yeri qismində Cəlilabad rayonu, Günəşli kəndi göstərilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Cəlilabad rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. (18.6-ci bənd) Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6259/2020 saylı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar