Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-626/2021 15.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X10 qanuni nümayəndəsi Vəkil2) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X2, X10 - qanuni nümayəndəsi Vəkil2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X5 onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 103 ünvandakı 36 saylı mənzildən məcburi qaydada qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirdi ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 103 saylı evin 36 saylı mənzilinin mülkiyyətçisidir. Həmin mənzil alqı-satqı müqaviləsi əsasında xx.xx.2013cü il tarixli seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmişdir. 1 saylı ASAN Xidmətdən arayış alandan sonra iddiaçı mənzildə qeydiyyatda olmuş üçüncü şəxs X1 yaşayış yeri üzrə onun mənzilində qeydiyyatda olduğunu bilmişdir. Mənzil iddiaçı tərəfindən alqı-satqı yolu ilə alındıqdan sonra üçüncü şəxs X2 mənzildə yaşamamışdır və başqa yerdə yaşasa da formal əsasla bu mənzildə qeydiyyatda qalmışdır. 2016-cı ildə oğlu X6 X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 atasının təşəbbüsü ilə iddiaçının mülkiyyətində olan mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçının oğlu X11 ilə X7 arasında nikah 2016-cı ildə pozulmuş və onların birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 anasının himayəsində saxlanılmışdır. Lakin anası başqa ünvanda qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, onun oğlu xx.xx.2016-cı il təvəllüdlü X10 iddiaçıya məxsus olan qeyd edilən mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmışdır. Mənzildə qeyd edilən şəxslərin qeydiyyatda olmaları 1 saylı ASAN Xidmətdən alınmış arayışla təsdiq edilir. İddiaçı üçüncü şəxs X2 adlı şəxsi tanımır, həmin şəxsin ona məxsus olan mənzildəki yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi barədə cavabdeh Nəsimi RPİ-yə verdiyi ərizəsi cavabdeh tərəfindən təmin olunmamış və iddiaçıya izah edilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməlidir. X3 himayəsində saxlanılmış xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə müraciəti cavabsız qaldığından, iddiaçı X5 həmin mənzilindən qeydiyyatdan çıxarılması barədə cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli ******* saylı arayışından görünür ki, X2 (xx.xx.1995), X10 (xx.xx.2016) ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Nəsimi RPİ-nə ünvanladığınız ərizənizə Qeydiyyat Məsələləri Bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, X1 Nəsimi rayonu, Azadlıq pr, ev 103 mənzil 36 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin Məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Sizin Nəsimi RPl-nə ünvanladığınız ərizənizə Qeydiyyat Məsələləri Bölməsində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, X5 Nəsimi rayonu, Azadlıq pr, ev 103 mənzil 36 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin Məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Vəkil2 ünvan 4 ünvanında qeydiyyatdadır (şəxsiyyət vəsiqəsinin verildiyi tarix xx.xx.2018-ci il). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 082-20943-1220 saylı məktubdan görünür ki, qeyd olunmuş şəxslərin qeydiyyata düşməsi üçün əsasverici sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərara əsasən arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 082-46083-1220 saylı məktubdan görünür ki, X2 xx.xx.2002-ci il tarixdə və X10 isə xx.xx.2017-ci il tarixdə ünvan 2 saylı ünvana qeydiyyata azyaşlı kimi düşməklə ilkin şəxsiyyət vəsiqələri almışdırlar, həmin vaxdı azyaşlı olduqlarından onlara fərdi uçot kartoçkaları açılmamışdır. Eyni zamanda qeydiyyata düşmələrinə əsas olmuş sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərara əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2599/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Vəkil2 cavabdeh X9 qarşı «nikaha xitam verilməsi və aliment» tələbinə dair iddiasının qismən təmin edilməsi, X11 ilə Vəkil2 arasında xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 136 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxx 2016-cı il təvəllüdlü X5 anası Vəkil2 yanında saxlanılması, X4 xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq Vəkil2 verilməsi, X4 xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2016-cı il təvəllüdlü X5 3 yaşına çatana qədər 50 manat sabit pul məbləğində alimentin tutularaq Vəkil2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 352054 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Vəkil2 arasında olan nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 66 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Ağayev, qadına Hüseynova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi; 9-cu maddəsinin 1-ci bəndinə əsasən şəxs yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər iddiaçıya məxsus həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, onların hansı əsasla iddiaçının mənzilinə qeydiyyata alınmaları barədə sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Hazırda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Onlar yaşayış yerini dəyişdirsələr də, yeni yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və yeni yaşayış yeri üzrə qeydiyyata alınmamışlar. Eyni zamanda üçüncü şəxs X10 ilə əlaqədar məhkəmə qeyd edir ki, o, xx.xx.2006-cı il təvəllüdlüdür, yetkinlik yaşına çatmamışdır, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2599/2017 saylı qətnaməsinə əsasən X11 ilə Vəkil2 arasında olan nikah pozulmuş, X5 anası Vəkil2 yanında saxlanılması qət edilmişdir. Göründüyü kimi, X5 yaşayış yeri anası Vəkil2 yaşayış yeri müəyyən edilmişdir, Vəkil2 isə ünvan 4 ünvanında qeydiyyatdadır. Vəkil2 başqa ünvanda yaşasa da, himayəsində saxlanılmış oğlu X5 yaşadığı ünvana qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 103 saylı evin 36 saylı mənzilindən X1 və X5 qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-626/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-626/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver