Məhkəmə qərarları › İş №2-1(112)-6260/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6260/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6260/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı (Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (13 Nömrəli Bakı Peşə Məktəbi) üçüncü şəxs qismincə cəlb edilməklə) “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “əyani təhsilin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (13 Nömrəli Bakı Peşə Məktəbi) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “01 sentyabr 1976-cı ildən 18 iyul 1978-ci ilədək Səbail rayon 20 N-li Texniki Peşə Məktəbində əyani təhsil almağı barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Zəngilan rayonunda doğulmuş, 1968-ci il tarixdə Zəngilan rayon orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1976-ci ildə 8-ci sinifi bitirdikdən sonra Baki şəhəri Səbail rayonu 20 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və əyani təsil alaraq 1978-ci ildə avtomobil-slesar peşəsini yiyələnmişdir. Həmin attestat ilə Zəngilan rayonunda müxtəlif müəssələrdə işləmiş, daha sonra, Baki şəhərində yerləşən Neftayırma zavodunda çilingər işləmişdir. 2020-ci ildə güzəştli şərtlərlə pensiya hüququ təmin olunmuşdur. 1976-1978-ci illərdə Bakı şəhəri Səbail rayonu 20 nömrəli Texniki Peşə Məktəbinə oxuduğu illər əmək stajına daxil edildiyi təqdirdə pensiya məbləğində cuzi artım olacaqdır. Lakin, cavabdeh peşə məktəbinin arxiv sənədləri olmadığı üçün 1976-1978-ci illər ərzində əyani təsil alınmasının təsdiq edilməsindən imtina edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 588 nömrəli attestatın surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək avtomobil-çilingər peşəsi üzrə təhsil almışdır. 1299 nömrəli attestatın surətindən görünür ki, X2 xx.xx.1978-ci il tarixdən xx.xx.1980ci il tarixədək avtomobil-çilingər peşəsi üzrə təhsil almışdır. İmtina məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 20 nömrəli Texniki Peşə Məktəbinin təhsilalanlarla bağlı 1976-1978-ci illərə dair arxiv sənədləri olmadığı üçün müraciətin təmin edilməsi mümkün deyil. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 1976-1978-ci illərdə və X3 1978-1980-ci illərdə 20 nömrəli X7 Məktəbində, həqiqətən də, təhsil almaları ilə bağlı həmin müəssisənin təhsilalanlarla bağlı arxiv sənədlərində aparılan araşdırmanın nəticəsi olaraq bildirilir ki, müəssisənin arxiv sənədləri peşə təhsili müəssisələrində mövcud olmadığından müraciəti təmin etmək imkan xaricindədir. 1982-ci ildən 1996-cı ilədək mövcud olmuş 20 nömrəli X7 Məktəbi hal-hazırda Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Təhsil Mərkəzi (13 nömrəli Bakı Peşə Məktəbi) olaraq fəaliyyət göstərir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 3.0.1. informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. 3.0.5. informasiya sahibi dedikdə informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür. 3.0.6. informasiya sorğusu dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür. 3.0.7. informasiya sorğusu verən dedikdə informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür. 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya hesab olunur. 7.2. İnformasiya sahibi sənədə malikdir, əgər: 7.2.1. informasiya sahibində mövcud olan sənəd digər informasiya sahibinə məxsus deyilsə; 7.2.2. digər informasiya sahibində mövcud olan sənəd informasiya sahibinə məxsusdursa. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 10.1. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. 13.1. Sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: 13.1.1. informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi; 13.1.2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; 18.1. İnformasiya sahibi informasiya sorğusunu daxil olduğu gün qeydə alır və bu Qanunun 12-ci maddəsində göstərilən reyestrə bu Qanunun 15.1-ci maddəsində sadalanan məlumatları daxil edir. 18.2. İnformasiya sorğusu aşağıdakı hallarda qeydə alınmır və ona yazılı cavab verilmir: 18.2.1. sorğu anonimdirsə; 18.2.2. sorğu şifahi formada verilmişsə. 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: 21.2.1. sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa; 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; 21.2.3. sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; 21.2.4. sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün deyilsə; 21.2.5. sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə. 27-1.Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Yuxarıda qeyd olunan Qanunun müddəalarının hazırkı iş üzrə tətbiqi zamanı müəyyən edilir ki, iddiaçı informasiya sorğusu ilə müraciət edən informasiya sorğusu verən şəxs cavabdeh informasiya sorğusu sahibi kimi çıxış edir. Tələb isə sənədləşdirilmiş informasiyanın verilməsi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək onun 01 sentyabr 1976-cı ildən 18 iyul 1978-ci ilədək Səbail rayon 20 №-li Texniki Peşə Məktəbində əyani təhsil almağı barədə arayışın verilməsinin təmin edilməsini arzulamış, lakin cavabdeh 20 nömrəli Texniki Peşə Məktəbinin təhsilalanlarla bağlı 1976- 1978-ci illərə dair arxiv sənədləri olmadığına istinad edərək iddiaçının müraciətindən imtina etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunur ki, cavabdeh arxiv sənədlərinin olmamasına əsaslanmaqla, “İnformasiya əldə etmək haqqında” Qanunun 21.1.2-ci maddəsinin tələbləri (informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə) baxımından müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, cavabdeh ilk növbədə hər bir halda “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməklə inzibati icraat aparmalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. Qeyd olunmalıdır ki, arxiv sənədlərinin olmaması, yəni təhsil müəssisəsinin aidiyyəti dövrə dair sənədlərin saxlanılmaması, iddiaçının təsir imkanları xaricində baş vermiş və onun hüquqi məsuliyyət daşıdığı sahəyə aid olmayan obyektiv haldır. Başqa sözlə, bu cür hal nəticəsində hüquqi subyektin informasiya əldə etmək hüququndan məhrum edilməsi, hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və həmin peşə məktəbinin sonrakı dövr məzunu olan X1 verdiyi ifadə, iddiaçının 1976–1978-ci illərdə sözügedən məktəbdə təhsil almasını təsdiq edən sübut kimi qiymətləndirilir. Belə ki, şahid ifadəsi ilə bildirilmişdir ki, o, iddiaçı ilə eyni rayonda - Zəngilan rayonunda yaşamış və məhz iddiaçının tövsiyəsi ilə 20 nömrəli Texniki Peşə Məktəbində təhsil almağa qərar vermişdir. Onun ifadəsindəki ardıcıllıq, detallara diqqət və məhkəmənin suallarına verdiyi dolğun cavablar ifadənin etibarlılığını və mötəbərliyini artırır. Bundan başqa, məhkəmə tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297 və 298-ci maddələrinin məzmunu izah edilmiş, yalan ifadə verdiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı aydın şəkildə bildirilmişdir. Bu şəraitdə verilmiş ifadənin doğru və əsaslı olması barədə məhkəmənin inamı tam şəkildə formalaşmışdır. Məhkəmə hesab edir ki, istər şahid ifadəsi, istərsə də iddiaçının təqdim etdiyi orta ixtisas təhsilini bitirməyə dair attestat sənədinin əsli, onun müvafiq dövrdə əyani təhsil almasını təsdiqləyən mühüm və hüquqi baxımdan kifayət qədər tutarlı sübutlardır. Bu sübutlar əsasında cavabdeh tərəfindən yalnız arxiv sənədlərinin olmamasına əsaslanaraq müraciətin təmin edilməməsi formal xarakter daşıyır. Beləliklə, öhdəliyin icrası haqqında iddia tələbi ilə bağlı iddianın təmin edilməsini istisna edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı 01 sentyabr 1976-cı ildən 18 iyul 1978-ci ilədək Səbail rayon 20 №-li Texniki Peşə Məktəbində əyani təhsil almağı barədə arayışın verilməsi öhdəliyi cavabdeh Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar