Məhkəmə qərarları › İş №2-1(112)-6261/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6261/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6261/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF-nin üzərinə iddia ərizəsində qeyd olunanları nəzərə alaraq əmək pensiyasının sığorta hissəsi 1862,83 manat hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin 80 faizlə yenidən hesablanması vəzifəsinin qoyulmasını, pensiyanın təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsini və DSMF-dən onun xeyrinə 30000 manat məbləğində mənəvi zərərin tutulmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, əmək pensiyasnın sığorta hissəsi 1862,83 manat hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması vəzifəsinin qoyulmasını, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1975 ilin oktyabr ayından “Bakıbaştikinti” idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1977 - 1979-cü illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Tərxis olunduqdan sonra 1987-ci ilin noyabr ayına kimi həmin idarədə əmək fəaliyyətini davam etdirmişdir. 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuşdur və 1986-cı ildə həmin fakültəni bitirib hüquqşünaslıq ixtisasına yiyələnmişdir. 1987-ci ilin noyabr ayından 1996-cı ilin iyun ayına qədər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert, 1996-cı ilin iyun ayından 2000-ci ilin avqust ayının 28-dək Ədliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. 2000-ci ilin avqust ayının 28-dən 2023-cü il iyul ayının 17-dək hakim vəzifəsində işləmişdir (2000-ci il avqust ayının 28-dən 2007-ci il iyul ayına kimi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi, 2007-ci il iyul ayından 2008-ci il avqust ayına kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi, 2008-ci il avqust ayından 2023-cü il iyul ayının 17nə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi). 2023-cü il iyul ayının 16-da 65 yaşım tamam olduğu üçün Ali Məhkəmənin sədrinin müvafiq əmri ilə əmək fəaliyyətinə xitam verilmiş və bununla bağlı DSMF tərəfindən ona 18 iyul 2023-cü ildən sabiq hakim kimi yaşa görə 7758,17 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Ona təyin olunmuş əmək pensiyasının məbləği “X4” Qanunun tələblərinə tam uyğun təyin edilməmişdir. O, yaşa görə əmək pensiyasına çıxmışdır. Yaşa görə əmək pensiyasının məbləğinin hesablanmasının ilkin mərhələsi “X4” Qanunun 10-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin göstərişlərinə görə yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsinin və yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. “X4” qanunun 20-ci, o cümlədən 20.7.2-ci maddələri isə müxtəlif əsaslarla, həmçinin yaşa görə pensiyaya çıxmış şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edir. Ona təyin edilmiş əmək pensiyasının məbləği müəyyən edilərkən “X4” Qanunun 10-cu maddəsinin tələbləri pozulmaqla əmək pensiyamın sığorta hissəsi nəzərə alınmamış, ona təyin edilən pensiyanın məbləği yalnız “X4” qanunun 20.7.2,-ci maddəsində göstərilən əlavələrlə müəyyən edilmişdir. Bu hal hakim vəzifəsində işlədiyi son 24 ay ərzində ona ödənilmiş əmək haqqına dair Ali Məhkəmə tərəfindən verilmiş arayışla və DSMF-nin müraciətlərinə əsasən ona ünvanladığı 26 sentyabr 2023-cü il tarixli və 23 noyabr 2023-cü il tarixli məktublarla təsbit edilir, (məktubların surəti qoşma kimi əlavə edilir). Belə ki, həmin arayışın və məktubların məzmunundan görünür ki, onun orta aylıq əmək haqqısı 10 555,33 manat, hakimlik stajı isə 22 il 10 ay 18 gün təşkil etmişdir. Bu iki amili nəzərə alan DSMF “X4” qanunun 20.7.2,ci maddəsini əsas tutaraq mənə 73.50 %-lə 7758,17 manat məbləğində əmək pensiyası təyin etmişdir. DSMF orta aylıq əmək haqqısı olan 10 555,33 manatın 73,50 %-ə nisbətini - 7758,17 manatı - düzgün müəyyən etsə də bu məbləğin onun yaşa görə əmək pensiyasına hesablanmalı olan əlavə olduğun nəzərdən qaçırmışdır. DSMF ona göndərdiyi ikinci məktubun (xx.xx.2023) son abzasında bu halı gizlətmək üçün onun əmək pensiyasına təyin edilən əlavənin 5895,34 manat təşkil etdiyini göstərsə də bu rəqəmi necə hesabladığını göstərmir və nəzərə almır ki, onun orta aylıq əmək haqqısı olan 10555,33 manat pulun 73,50 %-i 5895,34 manat deyil, 7758,17 manat təşkil edir. Beləliklə DSMF xx.xx.2023-cü il tarixli məktubunda ona təyin edilən pensiyanın sığorta hissəsinin 1862,83 manat olduğunu etiraf etdiyi və 73,50 %-lə əmək pensiyasına təyin edilən əlavələrin məbləği 7758,17 manat təşkil etdiyi üçün DSMF ona ən azı 9621 manat (7758,17 + 1862,83= 9 621) əmək pensiyası təyin etməli idi. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-39307/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi son 24 ayın əməkhaqqı arayışına əsasən ona vəzifə maaşı 2840 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə olaraq 1278 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə olaraq 710 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə olaraq 426 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə olaraq 2840 manat, digər əlavələr 2461.33 manat olmaqla orta aylıq əməkhaqqı 10555.33 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçıya 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (10555.33) 73.5 faizi (7758.17) məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin pensiyanın orta aylıq əməkhaqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əməkhaqqına dair arayış mərkəzi filiala təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin iddiaçı bununla razılaşmamış və məhkəmədə iddia qaldırmışdır. Sözügedən İddia tələbi isə tamamilə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun pensiyası qanunla təyin edilən məbləğdən (1862.83 manat sığorta hissə) və orta aylıq əməkhaqqının 73.5 faizindən ibarət olmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildiririk ki, “X4” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunverici bu normada hakimlərə təyin edilən pensiyanın hesablanma mexanizmini konkret olaraq göstərmişdir. Belə ki, sözügedən normaya əsasən hakimlərin pensiyası hesablanarkən qulluq illərinə görə əlavə aşağıdakı qaydada müəyyən edilməlidir: Orta aylıq əməkhaqqının müvafiq faizi (73.5) ilə qanunla təyin edilən əmək pensiyasının məbləği (sığorta hissə (1862.83)) arasındakı fərq qədər (7758.17- 1862.83=5895.34) təyin edilir. Ona görə də cavabdeh iddiaçının pensiyasının sığorta hissəsinin üzərinə 5895.24 manat əlavə etmiş və iddiaçıya yekun ödəniləcək pensiya məbləğini haqlı olaraq 7758.17 (1862.83+5895.34) manat müəyyən etmişdir. Burada 1862.83 manat iddiaçının özünün topladığı məbləğ, 5895.34 manat isə dövlətin iddiaçıya güzəşt etdiyi məbləğdir. Deməli inzibati orqan iddiaçıya təyin edilmiş pensiyanın məbləğini düzgün və dəqiq müəyyən etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun pensiyası hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 5 ilin orta aylıq əməkhaqqının 80 faizi olmaqla hesablanmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildiririk ki, inzibati orqan iddiaçıya ünvanladığı 23 noyabr 2023-cü il tarixli məktubda pensiyanın orta aylıq əməkhaqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə hakim işlədiyi dövrdə istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əməkhaqqına dair arayışın mərkəzi filiala təqdim edildikdən sonra baxılacağını qeyd etmişdir. Lakin iddiaçı sözügedən arayışı cavabdehə təqdim etmək əvəzinə həmin tələbi də məhkəmədə mübahisələndirmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 4 il Ədliyyə Nazirliyində aparıcı mütəxəsis vəzifəsində işləmişdir. Həmin stajı da hakim stajı ki nəzərə alınmalıdır. İstinad olaraq da “Ədliyyə Orqanlarında Qulluqkeçmə haqqında” Qanunun 18.5-maddəsini göstərmişdir. İddiaçının bu tələbi ilə bağlı bildiririk ki, iddiaçı Ədliyyə Nazirliyində aparıcı mütəxəsis vəzifəsində işləyərkən (1996-2000) həmçinin, hakim təyin edilərkən (xx.xx.2000) hələ “Ədliyyə Orqanlarında Qulluqkeçmə haqqında” Qanun qəbul olunmamışdı. Ümumiyyətlə mövcud deyildi. Həmin Qanun 2006-cı ildə qəbul edilmişdir. Həmin qanun iddiaçı Ədliyyə Nazirliyində aparıcı mütəxəsis vəzifəsində işləyərkən, həmçinin hakim təyin edilərkən mövcud olmuş olsaydı belə, iddiaçının həmin stajı hakim stajı kimi nəzərə alına bilməzdi. Belə ki, sözügedən normada “Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır” qeydi hakim vəzifəsini deyil, məhkəmə aparatı işçilərini nəzərədə tutmuşdur. Çünki hakimlər işə qəbul edilmir. Müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hakim vəzifəsinə təyin edilirlər. Bundan əlavə məhkəmə orqanları işçisi qeydi olan bütün qanunvericilik aktlarında hakimlər deyil, məhkəmə aparatı işçiləri nəzərdə tutulmuşdur. Hakimlərdən bəhs edən qanunvericilik aktlarında isə hakim ifadəsi konkret olaraq “hakim” adı ilə göstərilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun müraciətinə inzibati məruz qalmış və buna görə də cavabdehdən 30000 (otuz min) manat kompensasiya tutulmalıdır. İddiaçının bu tələbi ilə bağlı bildiririk ki, ilk öncə onun inzibati orqana müraciəti üzrə tələbləri əsaslı olmalı idi. Daha sonra inzibati orqanın cavab məktubu həqiqətən sarsıntı və mənəvi zərər vuracaq potensialda olmalı idi. Daha sonra həmin məktub iddiaçıya həqiqətən də mənəvi zərər vurmalı idi. Bundan sonra isə iddiaçı ona mənəvi zərər dəydiyini mötəbər dəlillərlə sübut etməli idi ki, həmin halların heç biri hazırki iş üzrə mövcud deyildir. Belə ki, mənəvi zərərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İddiaçı İT - İ seriyalı ******* № li əmək kitabçasında (surəti) olan qeydlərə əsasən o, xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hakim vəzifəsində işləmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13646/2023 №-li “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən hakim kimi pensiya təyin olunmuş İddiaçı aşağıda qeyd olunan qaydada dövlət məvacibi əsas götürülməklə pensiyası yenidən hesablanmışdır: vəzifə maaşı 2840 manat; ixtisas dərəcəsinə görə əlavə 15 % hesablanmaqla - 426 manat; qulluq stajına görə əlavə 45 % hesablanmaqla - 1278 manat; mükafatlar 2461.33 manat; hakimiyyət səlahiyyətinə görə əlavə 25 % miqqdarında – 710 manat olmaqla, dövlət məvacibinin cəmi 10555,33 manat. Pensiya faizi 73.50 %. Yenidən hesablanmış pensiya məbləği 7758 manat, 17 qəpik təşkil etmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-222074/2024 №li imtina məktubunda göstərilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1 -ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən ed ilir (80 faizdən çox olmamaq şərti ilə). Mərkəzi Filiala təqdim edilmiş son 24 ay ərzində ona ödənilmiş əmək haqqına dair arayışa əsasən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1278,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 710,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 426,00 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəsi 2840,00 manat, digər növ əlavələri 2461,33 manat olmaqla orta aylıq əmək haqqı 10555,33 manat təşkil etmişdir. Bununla əlaqədar ona 18 iyul 2023-cü il tarixindən “X4” Qanunun 20.7.2-ci maddəsinə əsasən 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (10555,33 manat) 73,50 faizi-7758,17 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Pensiyanın orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hakim işlədiyi dövr ərzində istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əmək haqqına dair arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-274915/2024 №li imtina məktubunda göstərilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-сi və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Mərkəzi Filiala təqdim edilmiş son 24 ay ərzində ona ödənilmiş əmək haqqına dair arayışa əsasən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1278,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 710,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 426,00 manat, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəsi 2840,00 manat, digər növ əlavələri 2461,33 manat olmaqla orta aylıq əmək haqqı 10555,33 manat təşkil etmişdir. Bununla əlaqədar ona 18 iyul 2023-cü il tarixindən “X4” Qanunun 20.7.2-ci maddəsinə əsasən 22 il 10 ay 18 gün hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (10555,33 manat) 73,50 faizi-7758,17 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Pensiyanın orta aylıq əmək haqqının 80 faizi miqdarında yenidən hesablanması məsələsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən hakim işlədiyi dövr ərzində istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş əmək haqqına dair arayış Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Əlavə olaraq onun əmək pensiyası 7758,17 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: əmək pensiyasının sığorta hissəsi-1862,83 manat; qulluq stajına görə əmək pensiyasına əlavələri-5895,34 manat. Tətbiq edilən hüquq. “X4” Azərbaycan Respublikası Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; .... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun iddiaçı hakim təyin edilən zaman qüvvədə olan 109-cu maddəsinin redaksiyası: Maddə 109. Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X4” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.

2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X4” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4” Azərbaycan Rüspublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pesiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “X4” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl) əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “X4” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “X4” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Məhkəmə yuxarıda göstərilən bu yanaşmadan irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən aparılan hesablamalar düzgün olmamışdır. İddiaçının irəli sürdüyü tələbin kontekstinə nəzər yetirdikdə görünür ki, iddiaçı hesablanan 7758,17 manat pensiya məbləğindən narazı olmuş, aparılan hesablamalar zamanı əmək pensiyasının sığorta hissəsinin nəzərə alınmadığını və qulluq stajına görə əmək pensiyasına əlavənin 80% müəyyən edilməli olduğu halda, həmin əlavənin 73,50% faiz kimi nəzərə alınmasını əsassız hesab etmişdir. Məhkəmə iddiaçının gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən aparılan hesablamalar “X4” Qanunun 1.0.1-ci və 20.7-ci madələrinin tələblərinə uyğun olmamışdır. İlk növbədə qeyd olunur ki, “X4” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zamanda “sonrakı artımlar”dan bəhs olunur. Vətəndaşın sosial təminat hüququnun təmin edilməsi, daha dəqiq desək pensiya almaq hüququ yarandığı zaman müəyyən olunan pensiya məbləği sığorta hissəsindən, yığım hissəsindən (istisna ailə başçısının itirilməsinə görə əmək pensiyası) və əlavələrdən (olduğu təqdirdə) ibarətdir. Hazırkı işin faktiki hallarından isə göründüyü kimi cavabdeh tərəfindən aparılan hesablama zamanı iddiaçıya təyin olunmuş pensiya məbləğinin tərkibində yalnız qulluq stajına görə əlavələr nəzərə alınmışdır. Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, onun 22 il 10 ay 18 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (10555,33 manat) 73,50 faizi- 7758,17 manat məbləğində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir ki, bu məbləğin 1862,83 manatı sığorta hissəsini, 5.895,34 manat isə qulluq stajına görə əmək pensiyasına əlavə olduğu bildirilmişdir. Təkzib olunmaz haldır ki, həqiqətən də 1862,83 manat pensiya məbləğinə daxil olmalı olan sığorta hissədir. Lakin cavabdeh tərəfindən həmin məbləğin əmək pensiyasına daxil olduğu bildirilsə də, bu məbləğ sığorta hissə kimi pensiya məbləğinin tərkibinə daxil edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı 15 ildən yuxarı işləmiş sabiq hakim olduğundan, ona münasibətdə “X4” Qanunun 20.7.2-ci maddəsini tətbiq olunur. Riyazi hesablamalar nəticəsində görünür ki, cavabdehin müəyyən etdiyi 22 il 10 ay 18 gün ümumi iş stajı (hakimlik) qarşılığında “X4” Qanunun 20.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavə 73,50 % təşkil edir ki (15 il – 50%, 7x3=21%; 10 ay 18 gün =2,5%; 50+21+2,5=73,5%), bu zaman orta aylıq əmək haqqının (10.555,33 manat) 73,50 % faizi 7758,17 manat təşkil edir. Göründüyü kimi iddiaçıya sabiq hakim kimi təyin olunmuş 7758,17 manat məbləğində yaşa görə əmək pensiyasının tərkibi yalnız qulluq stajına görə əlavələrdən ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı sabiq hakim kimi təyin olunmuş pensiya məbləğinin tərkibi müəyyən edilən zaman yalnız qulluq stajına görə əlavələr nəzərə alınmışdır ki, bu hal “X4” Qanunun 1.0.2-ci maddəsinin normalarına zidd olmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, qulluq stajına görə əlavə ilə yanaşı, həmçinin əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmalıdır. İddiaçının irəli sürdüyü digər əsas ilə bağlı, yəni qulluq stajına görə əlavənin 80% kimi müəyyən olunmasına münasibətdə məhkəmə iddiaçının irəli sürdüyü dəlillər ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hakim işləmiş, hakim stajı 22 il 10 ay 18 gün təşkil edir. “X4” Azərbaycan Respublikası Qanununa dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (17 ilə yaxın) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 106. Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (12 iyul 2019-cu il tarixə olan redaksiyada). Maddə 109 (hal-hazırda qüvvədən düşmüş). Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Bəhs edilən qanunvericiliyin müddəalarının 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən sonra qanunvericilik hakimlərin sosial təminat hüquqlarının təmin edilməsi üçün sabiq hakimlərin qulluq stajına görə əlavələr almaq hüququnun 5 illik hakimlik stajından 15 ilə çatdırmışdır. Nəzərə alınmalıdır ki, sabiq hakimin qulluq stajına görə əlavə almaq hüququnun 5 il hakim stajından asılı olduğu zamanda iddiaçı təxmini 17 il hakimlik stajına malik olmuşdur. Necə ki sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyini zamanı eləcə də sabiq hakimi yaşa görə əmək pensiyasının hesablanması zamanı eyni yanaşma tətbiq olunmalı, qulluq stajına görə əlavənin hesablanması məhz həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları ilə tənzimlənməlidir. Həmin dövrdə olan qanunvericiliyin müddəalarında isə təyin ediləcək pensiya məbləği hakim vəzifəsində işləmə müddətindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizdən 80 faizədək məbləğdə müəyyən olunurdu. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almaqla məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “X4” Qanunun Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası onun işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən yenidən hesablanmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamamlansa da, iddiaçı xx.xx.2017-ci il tarixədək 17 il hakim stajına malik olduğundan, ona münasibətdə qulluq stajına görə əlavələrin hesablanması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri əsasında həyata keçirilməlidir ki, bu zaman onun son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən bütün hallar nəzərə alınmaqla iddiaçıya sabiq hakim kimi yaşa görə təyin olunmuş əmək pensiyası yenidən hesablanmalıdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı əmək pensiyasının sığorta hissəsi 1862,83 manat, hakim vəzifəsində işlədiyi son 24 ayın orta aylıq əmək haqqı 10555,17 manat olmaqla əmək pensiyasına əlavələrin - 15 il hakimlik stajına görə 50 faiz, 15 ildən yuxarı hakimlik stajının hər ilinə görə 3 faiz olmaqla lakin orta aylıq əmək haqqının müvafiq faizi ilə qanunla təyin olunan əmək pensiyasının fərqi qədər əlavələrlə yenidən hesablanması, pensiyasının təyin edildiyi vaxtdan onun yenidən hesablandığı tarixədək yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar