Məhkəmə qərarları › İş №2-1(112)-6262/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6262/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6262/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Yasamal RİH) qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 5 sentyabr 1997-cu il tarixdən 22 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. 22 noyabr 2019-cu il tarixdə o, öz arzusu ilə hərbi xidmətdən azad olunmuş, onun mülkiyyətində yaşayış sahəsi olan heç bir daşınmaz əmlak yoxdur. 14 avqust 2019-cu il tarixdə Yasamal RİH-ə ərizə ilə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Lakin həmin inzibati orqan onun müraciətində qaldırılan məsələnin həllindən imtina etmişdir. Yasamal RİH-in göstərilən əsaslarla iddiaçının müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət etmiş hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.Göstərilən qanunvericilik normalarına əsasən 15 ildən artıq xidmət etmiş hərbi xidmətdə olan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi Qanunla tənzimləndiyindən, yalnız yaşa görə ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyata buraxılmasına 3 il qalmış komandanlığın vəsatəti əsasında icra hakimiyyətinə məlumat verildiyindən cavabdeh Yasamal RİH-in göstərilən əsaslarla müraciətdən imtina etməsi əsassızdır. Buna görə də, cavabdeh Yasamal RİH-in hərəkətsizliyi qanunsuz hesab edilməli və onu mənzil növbəsinə götürməsinə dair sərəncam verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci maddələrinə, İPM-in 2.1, 34.1-ci maddələrinə əsaslanaraq, iddiaçının 1 yanvar 2020-ci il tarixdən mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Yasamal RİH-ə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Yasamal RİH-in məhkəməyə ünvanlanmış 3 iyun 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar qeyd olunur: - İddiaçı 1997 – 2019-cu illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, 22 il boyunca layiqincə vətənə xidmət etmiş və 2019-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O, ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Yasamal RİH-ə müraciət etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-ci maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından, İddiaçı və ailə üzvlərinin hərbi qulluqçularının güzəştli mənzil növbəsinə götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Yasamal RİH hesab edir ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə əsasən «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 156ci maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. AR Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yəni AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə əsasən «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli X2ruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinin Yasamal RİH-in 215/g 10 nömrəli 10 iyul 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununda və AR Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» 174 nömrəli qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi məsələləri nəzərdə tutulmamşdır. AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Yasamal RİH-nə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Cavabdeh öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. İnzibati iş üzrə İddiaçı cavabdeh Yasamal RİH-ə qarşı mənzil növbəsinə götürülmə tələbi üzrə iddiasının rədd edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 2020-ci il sentyabr ayından mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci maddəsinə görə bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həmin Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə görə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il zabit kimi xidmət etmiş hərbi qulluqçular öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən verilən arayışdan məlum olur ki, hazırkı İddiaçı 5 sentyabr 1997-ci il tarixdən 22 noyabr 2019-cu il tarixədək Azərbacan Respublikası Silahlı Qüvvələrində həqiqi xidmət keçmiş və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0896 nömrəli 22 noyabr 2019-cu il tarixli əmri ilə AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal Bələdiyyəsini 27 avqust 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı Yasamal bələdiyyəsindən torpaq sahəsi almamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 19 avqust 2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı və arvadı X1 adına mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. «İnzibati icraat haqqında» AR Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. AR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, AR Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Məhkəmə ilk növbədə vurğulayır ki, İddiaçı 22 ildən artıq (1997 – 2019-ci illərdə) hərbi xidmət keçməsi və onun mülkiyyətində yaşayış sahəsinin və (və ya) torpaq sahəsinin olmaması işin mübahisəsiz hallarına aiddir, həm də işdə olan mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdehin imtinasında göstərilən xüsusatla bağlı məhkəmə qeyd edir ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsində AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ təsbit olunur. Sözügedən normada həmin hərbi qulluqçuların bununla bağlı müvafiq siyahıya hərbi xidmətdən hansı əsaslarla ehtiyata və ya istehfaya buraxılmasından asılı olmayaraq daxil edilməsi, yalnız ilk növbədə mənzillə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış müvafiq hərbi qulluqçuların təmin olunması nəzədə tutulur. Hansı ki, hazırkı iddiaçı özünün ilk növbədə mənzillə təmin olunmasını deyil, mənzil növbəsinə götürülməsini tələb edir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı 22 ildən artıq müddət hərbi xidmət keçdiyindən, onun yaşayış yeri üzrə Yasamal RİH-də mənzil növbəsinə (yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində uçota) götürülməsindən xidmətdən ehtiyata buraxılma səbəbinə görə imtina olunması qanunauyğun sayılamır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 2020-ci ilin sentyabr ayından yaşayış sahəsinə ehtiyacı olan qismində (mənzil növbəsinə) uçota götürülməsi öhdəliyi Yasamal RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2020-ci il sentyabr ayı tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində (mənzil növbəsinə) uçota götürülməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar