Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6262/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 09 iyun 2021-ci il tarixli, **********3 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun ümumilikdə 31 il 08 ay 03 gün əmək stajı vardır. Ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə «Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında» qərar qəbul olunaraq ondan xx.xx.2015-ci il tarixindən xx.xx.2020ci il tarixinədək hesablanaraq ödənilmiş 6119,42 manat pul tələb edilir. Həmin qərarın ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən iddiaçıya Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının **********3 nömrəli qərarı ilə 28 il 8 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 6119,42 manat əmək pensiyasının geri ödənilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya DSMF-nin əvvəlki Nizami rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin Fond tərəfindən aparılmış xidməti araşdırma zamanı iddiaçının əmək fəaliyyətinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun gəlmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçıya Fondun əvvəlki Nizami rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən **********0 nömrəli qərarla dayandırılmışdır. Həmin qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilmiş 12939,71 manat əmək pensiyası artıq ödənilmiş vəsait hesab edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixindən təyin olunmuş əmək pensiyası üzrə ödənilməli olan vəsait (6820,29 manat) nəzərə alınmaqla artıq ödənilmiş məbləğ cəmi 6119,42 manat (12939,71-6119,42=6119,42) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Eyni zamanda “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Mərkəzi Filialın **********3 nömrəli xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya rəsmi məlumat verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş müraciətinizə aidiyyəti üzrə Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Bildiririk ki, xx.xx.2021-ci il tarixli ərizənizə əsasən Sizə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********3 nömrəli qərarı ilə 28 il 8 ay sığorta stajınız və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla hüququnuzun yarandığı xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən) təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filial tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş 6119,42 manat əmək pensiyasının geri ödənilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə X7 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin Fond tərəfindən aparılmış xidməti araşdırma zamanı əmək fəaliyyətinizin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun gəlmədiyi müəyyən edilmişdir. Beləliklə, X7 rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən **********0 nömrəli qərarla dayandırılmışdır. Həmin qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sizə ödənilmiş 12939,71 manat əmək pensiyası artıq ödənilmiş vəsait hesab edilmişdir. Bildiririk ki, Sizə xx.xx.2019-cu il tarixindən təyin olunmuş əmək pensiyası üzrə ödənilməli olan vəsait (6820,29 manat) nəzərə alınmaqla artıq ödənilmiş məbləğ cəmi 6119,42 manat (12939,71- 6119,42=6119,42) təşkil edir. "Əmək pensiyaları haqqında” Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Eyni zamanda bildiririk ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Belə ki, Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 6119,42 manat məbləğin geri qaytarılmasına razı olduğunuz halda 10 gün 3 saylı Bakı DOST Mərkəzinə yaxınlaşaraq artıq ödənilmiş məbləğin geri qaytarılması haqqında razılıq ərizəsi yazmağınız və Fondun hesabına ödəməyiniz xahiş olunur. Əks halda, artıq ödənilmiş vəsaitin qaytarılması “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2, 64.1, 72.1 və 82-ci maddələrinə uyğun olaraq həyata keçiriləcəkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1, 72.1 və 73.1-ci maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 2-1(112)-6262/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ona Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********3 nömrəli qərarı ilə 28 il 8 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən) təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş 6119,42 manat əmək pensiyasının geri ödənilməsi haqqında Mərkəzi Filial tərəfindən qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin Fond tərəfindən aparılmış xidməti araşdırma zamanı iddiaçının əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyətinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun gəlmədiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçıya Fondun Nizami rayon şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən **********0 nömrəli qərarla dayandırılmışdır. Həmin qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilmiş 12939,71 manat əmək pensiyası artıq ödənilmiş vəsait hesab edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən təyin olunmuş əmək pensiyası üzrə ödənilməli olan vəsait (6820,29 manat) nəzərə alınmaqla ona artıq ödənilmiş məbləğ cəmi 6119,42 manat (12939,71-6119,42=6119,42) təşkil edir. Həmçinin bildiririk ki, iddiaçıya artıq ödənilmiş vəsaitin ona təyin olunmuş yaşa görə əmək pensiyasından tutulması həyata keçirilməmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 09 iyun 2021-ci il tarixli, **********3 saylı Qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1958-ci il tarixində ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 6119,42 manat vəsaitin tələb olunaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2015-ci il tarixdə DSMF-nin Nizami rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin DSMF tərəfindən aparılmış xidməti araşdırma zamanı iddiaçının əmək kitabçasında qeyd olunmuş əmək fəaliyyətinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun gəlmədiyinin müəyyən edildiyi qeyd olunmaqla iddiaçıya təyin edilmiş həmin əmək pensiyası DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********0 nömrəli qərarla dayandırılmışdır. Həmin qərara əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilmiş 12939,71 manat əmək pensiyası artıq ödənilmiş vəsait hesab edilmişdir. Daha sonra iddiaçıya onun xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixindən təyin olunmuş əmək pensiyası üzrə ödənilməli olan vəsait (6820,29 manat) nəzərə alınmaqla ona artıq ödənilmiş məbləğ kimi cavabdeh tərəfindən 6119,42 manat (12939,71-6119,42=6119,42) müəyyən edilmiş və DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********3 saylı Qərarına əsasən iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək artıq ödənilmiş 6119,42 manat vəsaitin tələb olunaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilmədiyi hallarda («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda) onun barəsində ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır və məhkəmə hesab edir ki, cavabdehin iddiaçından asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə, iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın qərarını qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın pensiyanı ehtimal olunan səhv hesablaması və səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi və ya hesablanması zamanı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş «Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında» 09 iyun 2021-ci il tarixli **********3 nömrəli qərar ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6262/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6262/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver