Məhkəmə qərarları › İş №2-1(112)-6262/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6262/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6262/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.1981-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, iddia tələbinin "İddiaçının xx.xx.1981-xx.xx.1990 dövrlər arasında “Araz” kolxozunda əmək fəaliyyəti ilə məşğul olduğu dövr nəzərə alınmaqla, ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “ona 59 yaşının tamam olduğu tarixdən etibarən (xx.xx.2023-cü il tarix) güzəştli şərtlərlə əmək pensyasının təyin edilməsi və ödənilməsi ödhəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə İmişli rayonunda anadan olmuşdur. xx.xx.1981-ci il tarixdən "Araz" Kolxozunda əmək fəaliyyətinə başlamış və xx.xx.1990-cı il tarixədək orada işləmişdir. İşlədiyi illər əmək kitabçasında qeyd olunmuşdur. Hal-hazırda 17 ildir ki, 1 nömrəli X1 çalışır. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh ona imtina cavabı verərək qeyd etmişdir ki, xx.xx.1981-ci il tarixli əmək kitabçasının 42-43-cü səhifələrində göstərilən xx.xx.1981-xx.xx.1990-cı il tarixlərinə dair məlumatlarda işə daxil olma və işdən çıxma protokol nömrələri və tarixləri qeyd olunmadığından həmin dövrdə dair əsaslı şübhələr yaranmışdır. Həmçinin, sözügedən əmək kitabçasında xx.xx.1992-ci il tarixində işə daxil olma tarixi göstərilsə də işdən çıxma tarixi və əmək stajı qeyd olunmayıb. Göstərilən səbəblərdən də, onun ümumi stajı 25 ildən az (16 il 1 ay) (xx.xx.2006-cı il tarixindən sonra) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14159,05 manat təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi 30 iyul 1981-ci il tarixli, AZE №0187357 nömrəli əmək kitabçasının 42-43-cü səhifələrində göstərilən xx.xx.1981- xx.xx.1990-ci il tarixlərinə dair məlumatlarda işə daxil olma və işdən çıxma protokol nömrələri və tarixləri qeyd olunmadığından, həmin dövrdə işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Həmçinin, sözügedən əmək kitabçasında xx.xx.1992-ci il tarixdə işə daxil olma tarixi göstərilsə də, işdən çıxma tarixi və əmri qeyd olunmayıb. Göstərilən səbəblərdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 1 ay (xx.xx.2006- cı il tarixdən sonra)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14159,05 manat təşkil edir. Qeyd edilənlərdən də göründüyü kimi iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, MPM-nin 305-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılmalıdır. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Araz” sovxozunda, xx.xx.2007-ci il tarixdə 8 saylı X1 palata xadiməsi təyin edilmiş, xx.xx.2014-cü il tarixdə yoluxucu xəstələrin şöbəsinə keçirilmişdir. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı oğlu 1 nömrəli X1 yoluxucu xəstəliklər şöbəsində sanitar qadın vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 10 il 04 ay 12 gün təşkil edir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə uyğundur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin xx.xx.2022ci ildən sonra qüvvədə olan redaksiyasında göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.2-ci bəndinə əsasən 1 iyul 2024 - 30 iyun 2025 tarixlərdə qadınların yaş həddi 64 yaş olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının müraciət etdiyi tarixə qadınların yaşa görə pensiya çıxma yaşı 64 kimi müəyyən olunduğundan, ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyini üçün yaş həddi 5 il azaldılmaqla, yəni 59 yaşı tamam olduğu xx.xx.2023cü il tarixdən həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının həmin tarixdən güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün onun 25 il ümumi stajı, 10 il isə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının yaş və güzəştli iş stajı ilə bağlı şərti mübahisələndirilmir. Belə ki, onun 59 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuş və güzəştli arayışa əsasən onun güzəştli iş stajı 10 ildən çox təşkil etmişdir ki, bu müddət onun 1 nömrəli X1 yoluxucu xəstəliklər şöbəsində sanitar işləməsi ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən məsələ iddiaçının ümumi iş stajının tamamlanmaması ilə bağlı olmuşdur ki, inzibati orqan iddiaçının mübahisələndirilməyən ümumi iş stajının 16 il 01 ay olduğunu qəbul etmiş, lakin xx.xx.1981-xx.xx.1990-cı il tarixlərinə dair məlumatlarında işə daxil olma və işdən çıxma protokol nömrələrinin olmadığına əsaslanaraq, həmin dövrün sığorta stajına daxil edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ... 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Məhkəmə bildirir ki, iddiaçının kolxozda işlədiyi müddətə dair əmək kitabçasının doldurulma qaydasının pozulması hazırki iddianın təminini istisna etmir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən dövr ilə əlaqədar işə daxil olma və işdən çıxma protokol nömrələri və tarixlərin qeyd olunmaması, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Bu halda, cavabdehin əmək kitabçasında olan qeydləri hər hansı əsaslı dəlillər olmadan şübhə altına alması, qanunvericiliyin tələblərinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi əsaslar hazırki iddianın təminini istisna etmir. Bu səbəbdən də hesab olunur ki, iddiaçının ümumi iş stajı 25 ildən (mübahisələndirilməyən 16 il 01 ay + 08 il 11 ay 11 gün (xx.xx.1981-xx.xx.1990) = 25 il 11 gün)) çox təşkil edir ki, bu da onun güzəştli şərtlərlə pensiya almaq hüququnun yarandığına dəlalə edir. Göründüyü kimi iddiaçı 59 yaşının tamam olduğu xx.xx.2023-cü ildə 25 ildən artıq ümumi, 10 ildən artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 59 yaşının tamam olduğu 26 aprel 2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar