Məhkəmə qərarları › İş №2-1(112)-6263/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6263/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6263/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1956-cı ildə Naxçıvan MR Şərur rayonu Sədərək kəndində anadan olmuş İddiaçı 25 il iş stajını hesablanmaqla, yaşa görə əmək pensiyasının düzgün hesablanaraq, ödənilməmiş pensiyanın ödənilməsi və iş stajı hesablanmaqla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Naxçıvan MR Şərur rayonu Sədərək kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1972-ci ildə başlamış və xx.xx.2005-ci ilədək fasiləsiz olaraq işləmişdir. Yaşa görə əmək pensiyasına çıxmaq üçün yaşı tamam olduqdan sonra ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmişdir və ona sonuncu dəfə 24 vanvar 2022-ci il tarixli **********0 saylı imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, arayışların və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, sığorta stajı 23 il 9 ay təşkil edir və bu qanunvericilikdə tələb olunan müddətdən 25 ildən azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 23 il 9 ay sığorta stajına uyğun olaraq 18099.16 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensıya kapitalı qeydə alınmamışdır. Həmçinin bildirilmişdir ki, təqdim olunan arxiv arayışında qeyd olunan xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci ilədək X5 əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Halbuki onun xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci ilədək X5 əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmış və həmin iş stajı təsdiq edən arayışı da mövcuddur. Cavabdehin formal olaraq qeyd etdiyi əmək kitabçasında qeyd edilməyən əmək stajı hesablandığı halda onun əmək stajı 25 ildən artıq olmaqla, ona pensiya təminatına imkan verəcəkdir. İşlədiyi əmək stajını təsdiq edən əmək kitabçası və arayışlar mövcud olduğu halda, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək “X9”ndə işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından və həmin illər əmək kitabçasında təsbit olunmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt-işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında" Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 25 il 9 ay iş stajı vardır. Mübahisələndirilən xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək (2 il) vətəndaşın "X9”ndə işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər əmək pensiyası hüququ verən sığorta stajına daxil edilə bilməz. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyət dövrləri nəzərə alınmaqla mübahisəsiz sığorta stajı 23 il 9 ay mübahisəli sığorta stajı isə 2 il təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 23 il 9 ay sığorta stajına uyğun olaraq 18099,16 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən tədim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır.Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 65 yaşdan, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzrəinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 92 nömrəli attestatına əsasən İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Naxçıvan MSSR İliç rayon 121 nömrəli kənd texniki peşə məktəbində üzümün ilk emalı və şərabçılıq peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1976-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə 98 nömrəli əmrlə X6 fəhlə qəbul edilmiş, xx.xx.1973-cü ildə 14663 nömrəli əmrlə Şərab zavoduna fəhlə keçirilmiş, xx.xx.1979-cu ildə 13 nömrəli əmrlə ərizəsi üzrə Sovxozdan azad edilmiş, xx.xx.1979-cu ildə 112 nömrəli sərəncamla Sədərək kənd meyvə-tərəvəz mallar mağazasında müvəqqəti olaraq müdir-satıcı təyin edilmiş, xx.xx.1979-cu ildə 190 nömrəli sərəncamla tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə 137 nömrəli əmrlə X4 Şərab Zavoduna spirt saxlama sexinə təhkim edilmiş,xx.xx.1984cü ildə 34 nömrəli əmrlə Spirt saxlama sexindən Şərab zavodunun emal sexinə keçirilmiş, xx.xx.1984-cü ildə 769 nömrəli əmrlə Sovxozdan azad edilmiş, xx.xx.1984-cü il 181 nömrəli əmrlə İliç neftbazasına doldurucu vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə 79 nömrəli əmrlə azad edilmişdir. xx.xx.1986-cı ildə 130 nömrəli əmrlə X6 fəhlə qəbul edilmiş, xx.xx.1986-cı ildə 169 nömrəli əmrlə Sovxozun nəzdində olan Şərab zavodu ilə birləşdirilmiş 1 nömrəli Şərab zavoduna köçürülmüş, eyni tarixdə 241 nömrəli əmrlə X10 fəhlə qəbul edilmiş, xx.xx.1990-cı ildə laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə 128 nömrəli əmrlə Şərab məntəqəsinə laboratoriya müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1995ci ildə 03 nömrəli əmrlə laboratoriya müdiri vəzifəsindən azad edilmiş, xx.xx.2002-ci ildə Yakup Uçar MMC-yə sex rəsidi vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. İş materaillarına əlavə edilmiş Yakup Uçar MMC-nin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, X11 həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarxidəək Yakup Uçar MMC-də sex rəsidi vəzifəsində çalışıb. İşlədiyi dövr ərzində X7 aylıq əmək haqqı cədvəlində sonuncunun 2002-ci ilin sentyabr-dekabr ayları üzrə, 2003-cü ilin yanvar-dekabr ayları üzrə, 2004-cü ilin yanvar-aprel ayları üzrə əmək haqqı barədə qeydlər göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Sədərək Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 03/02 nömrəli məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -Sədərək rayon X13 Şərab məntəqəsinin əmək haqqı cədvəlləri və əmrlər kitabından çıxarışdan görünür ki, xx.xx.1991-ci il tarixli, 121 nömrəli əmrlə Axundov X8 rayon X13 Şərab məntəqəsinin Laboratoriya müdiri vəzifəsinə kiçik laborant keçirilmiş, xx.xx.1995-ci il tarixli, 03 nömrəli əmrlə laboratoriya müdiri vəzifəsindən azad edilmiş, son hesabı kəsilmişdir. Əmək haqqı barədə cədvəldə İddiaçı 1991-ci ilin yanvar-1995-ci ilin mart ayı daxil olmaqla əmək haqqı məbləğləri göstərilmişdir. -Sədərək rayon Mədəniyyət şöbəsinin əmək haqqı və əmrlər kitabından çıxarışdan görünür ki, xx.xx.1999-cu il tarixli 20 nömrəli əmrlə İddiaçı həmin tarixdən Sədərək rayon Mədəniyyət Evinə metodist vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixli 25 nömrəli əmrlə həmin tarixdən Sədərək rayon Mədəniyyət Evinin metodisti İddiaçı işdən azad edilmişdir. Əmək haqqı barədə cədvəldə İddiaçı 1999-cu ilin dekabr-2001-ci ilin noyabr ayı daxil olmaqla əmək haqqı məbləğləri göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 04.04.22-ci il tarixli, **********8 nömrəli məktubu ilə təqdim edilmiş inzibati icraat materiallarında olan: -Yakup Uçar MMC-nin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, X11 həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarxidəək Yakup Uçar MMC-də sex rəisi vəzifəsində çalışıb. X2 1 illik maaş cədvəlindən görünür ki, 2004-cü ilin may-dekabr ayı daxil olmaql, 2005-ci ilin yanvar-may ayı daxil olmaqla əmək haqqı barədə qeydlər göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmçinin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanızın, arayışların və digər sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz nəzərə alınmaqla sığorta stajınız 23 il 9 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinə kimi 23 il 9 ay sığorta stajına uyğun olaraq 18099,16 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalarının təyin edilməsi yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ının 3.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məlumat üçün bildiririk ki, təqdim olunan arxiv arayışında qeyd olunan xx.xx.1999-cu il tarixindən xx.xx.2001 -ci il tarixinədək X5 əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri zərurət olduğu halda araşdırıla bilər. Məlumat üçün bildiririk ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində (xx.xx.2022-ci il tarixindən 180 manat) yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının tələb olunan ümumi iş stajının 25 ildən az olmasına, yəni 23 il 09 ay olmasına, eləcə də xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm hərbi xidmət fəaliyyəti, həm də əmək fəaliyyəti dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici əmək fəaliyyəti dövrünün təhsil dövrü və hərbi xidmət dövrləri üst-üstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. İş materiallarından görünür ki, iddiaçının diplom, hərbi bilet, əmək kitabçasına əsasən xx.xx.1974-xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 01 il 11 ay 23 gün, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək təhsil dövrü 11 ay, sovxozda əmək fəaliyyəti dövrü xx.xx.1972-xx.xx.1979-cu ilədək 07 il 02 ay 09 gün, xx.xx.1979-xx.xx.1979-cu ilədək 02 ay 06 gün, xx.xx.1980-xx.xx.1984-cü ilədək 04 il 06 ay 03 gün, xx.xx.1984- xx.xx.1986-cı ilədək 01 il 06 ay 13 gün, xx.xx.1986-cı ildə xx.xx.1995-ci ildə 09 il 02 ay 16 gün, xx.xx.2002-ci ildə xx.xx.2005-ci ilədək 02 il 11 ay 16 gün təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının xx.xx.1972-xx.xx.1979-cu ilədək və xx.xx.1979-xx.xx.1979-cu ilədək olan əmək fəaliyyəti dövrünün onun xx.xx.1974xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək təhsil dövrü ilə üst-üstə düşən hissəsini ümumi iş stajına hesablamır, lakin eyni zamanda iddiaçının əmək fəaliyyəti dövrü hərbi xidmət və təhsil dövrü ilə ilə üst-üstə düşməyən hissəsini, yəni xx.xx.1972-ci ildən əmək fəaliyyətinə başladığı gündən hərbi xidmətə çağırılana qədər olan xx.xx.1974-cü ilədək olan hissəsini, hərbi xidmət dövrünü tam, hərbi xidmət bitdiyi xx.xx.1976-cı ildən sovxozda davam edən təhsil dövrü başlayan xx.xx.1978-ci il tarixədək olan əmək fəaliyyəti dövrü hissəsini, təhsil dövrünü tam, təhsil bitdiyi xx.xx.1979cu ildən xx.xx.1979-cu ilədək olan əmək fəaliyyəti dövrünü ümumi iş stajına daxil edilməsini mümkün hesab edir. Cavabdeh imtinasında və iddiaya etirazında iddiaçının xx.xx.1999-cu il tarixindən xx.xx.2001 -ci il tarixinədək X5 əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından həmin dövrləri sıöğorta stajına qəbul etməmiş, iddiaçının ümumi iş stajının 23 il 09 ay olduğu qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Hazırkı iş üzrə iddiaçı barəsində Sədərək Rayon Dövlət Arxivindən verilmiş Sədərək rayon Mədəniyyət şöbəsinin əmək haqqı və əmrlər kitabından çıxarışlar təqdim eidlmiş və həmin çıxarışlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixli 20 nömrəli əmrlə Sədərək rayon Mədəniyyət Evinə metodist vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə işdən azad edilmişdir. Eyni zamanda məhkəməyə İddiaçı 1999-cu ilin dekabr-2001-ci ilin noyabr ayı daxil olmaqla əmək haqqı alması barədə cədvəlin surəti də təqdim edilmişdir. Təqdim olunan arayış dövlət arxivindən verilmiş, həmin arayışın mötəbərliliyini şübhə altına alacaq hər hansı hala rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan normalara əsasən iddiaçının xx.xx.1999-xx.xx.2001-ci illərdə işlədiyi 02 il 01 gün onun sığorta stajına hesablanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləlikə, iddiaçının xx.xx.1972-ci ildən hərbi xidmətə çağırılana qədər olan xx.xx.1974-cü ilədək əmək fəaliyyəti dövrü 02 il 06 ay 07 gün, xx.xx.1974-xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 01 il 11 ay 23 gün, hərbi xidmət bitdiyi xx.xx.1976-cı ildən sovxozda davam edən təhsil dövrü başlayan xx.xx.1978-ci il tarixədək olan əmək fəaliyyəti dövrü 01 il 09 ay 17 gün, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək təhsil dövrü 11 ay, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək olan 02 ay 02 gün, xx.xx.1980-xx.xx.1984-cü ilədək 04 il 06 ay 03 gün, xx.xx.1984- xx.xx.1986-cı ilədək 01 il 06 ay 13 gün, xx.xx.1986-cı ildə xx.xx.1995-ci ildə 09 il 02 ay 16 gün, xx.xx.1999-xx.xx.2001-ci ilədək 02 il 01 gün, xx.xx.2002-ci ildə xx.xx.2005-ci ilədək 02 il 11 ay 16 gün olmaqla ümumilikdə 27 il 07 ay 08 gün təşkil etdiyi müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il ümumi iş stajı şərti ödənilir. Odur ki, cavabdehin pensiya təyinatından imtina etməsi əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşdan, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar