Məhkəmə qərarları › İş №2-1(112)-6269/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6269/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6269/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X3) “qeydiyyatdan çıxarılma” öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslər X4 və X1 ona məxsus olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 3-cü bina, mənzil 17-də yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Sabunçu rayon Polis İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1992-ci ildə erməni işğalçıları tərəfindən iddiaçının yaşadığı Füzuli rayonu işğal olduqdan sonra iki oğlu və bir qızı ilə birgə məcburi köçkün kimi Bakı şəhərində yazıçılar birliyi deyilən binada məskunlaşmışdırlar. 2019-cu ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Xüsusi Təyinatlı Yaşayış sahəsi kimi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 3 saylı binadan 2 otaqlı mənzil ona verilmişdir. İddiaçı ilə bağlanan müqavilədə oğlu X4 və gəlini X3 da qeyd olunmuşdurlar. Mənzil ona verilərkən oğlu və gəlini Almaniyada yaşayırdılar. Oğlunu Almaniyadan deport etdikdən sonra o, həyat yoldaşı ilə iddiaçıya verilən evdə yaşamağa başladı. İlkin vaxtlar münasibət yaxşı olsa da, sonradan oğlu heç bir səbəb olmadan onunla münaqişə yaradırdı. İddiaçı qeyd edir ki, oğlu Almaniyadan deport olduqdan sonra Binəqədi rayonunda özünə iki otaqlı, gəlininin qohumlarının adına mənzil aldı. İddiaçının yanına köçməkdə məqsədi o idi ki, qaçqın kimi sosial yardım ala bilsin. İddiaçı da buna etiraz etməyərək, yanına köçmələrinə imkan verdi. Qeyd etdiyi kimi münasibətləri pozulduğu üçün məcbur olaraq qızına məxsus olan Qala qəsəbəsindəki evə köçdü. 2024-cü ilin may ayında qızı evi satdığı üçün oğluna bildirdi ki, evinə gəlmək istəyir. O da iddiaçının təklifi ilə razılaşdı və bildirdi ki, Almaniyaya getmək istəyir və evə gəlməsinə etiraz etmir. İyun ayının 5-də iddiaçı evinə gedir. Aradan 15-20 gün keçəndən sonra oğlu bildirir ki, iddiaçı ona 10.000 manat pul versin, o da çıxıb getsin. İddiaçı isə oğluna bildirir ki, 300 manat təqaüd alır və veriləsi pulu yoxdur. Bu söhbətdən bir həftə keçmiş xx.xx.2024-cü il tarixdə yenidən iddiaçıdan pul istəyir və mübahisə zəmnində həyat yoldaşının yanında balta ilə sol əlinə xəsarət yetirir. İddiaçı 102 xidmətinə və 14-cü Polis Bölməsinə müraciət edir. Oğlunun barəsində bölmədə araşdırılma aparılır. Nəticədə əməlində xuliqanlıq cinayəti olduğu üçün araşdırılma Sabunçu rayon istintaq şöbəsinə həvalə edilir. Oğlu ona xəsarət yetirdikdən sonra həyat yoldaşı ilə birlikdə iddiaçını evdən qovurlar. İddiaçı mənzilə köçürülmə tələbi ilə Sabunçu rayon məhkəməsinə 12 avqust 2024-cü ildə müraciət edir. Sabunçu Rayon Məhkəməsi onun iddiasını təmin edərək mənzilə köçürülməsi barədə qətnamə qəbul edir. Oğlu barəsində Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılan iş üzrə iddiaçı zərərçəkmiş qismində tanındığı üçün ifadə verir. Oğlu ona yalvararaq onunla barışmağını xahiş edir. İddiaçı məcbur olaraq onunla bır ana kimi barışır. Lakin ona bildirir ki, qaçqın kimi ona ayrılan evə, yəni yuxarıda qeyd etdiyi ünvana bir daha gəlməməlisən. O, iddiaçının bu təklifi ilə razılaşır. Hal-hazırda Binəqədi rayonunda yerləşən mənzilində yaşayır. İddiaçı hesab edir ki, oğlu mənzilindən qeydiyyatdan çıxmalıdır. Qeyd edir ki, oğlunu atasız böyüdüb. O, iddiaçıya qayğı göstərmək əvəzinə onu döyüb təhqir edir. İddiaçının yuxarıda qeyd etdiyi mənzil ona verilmişdir. Sadəcə üçüncü şəxslər çörək pulu almaq üçün iddiaçının mənzilinə qeydiyyata alınmışdırlar. Oğlunun şəhərdə 2 evi vardır. Həmin evlər oğlunun adında olmasa da, o almışdır. Oğlu iddiaçının narahat etməklə döyüb təhqir etdiyi üçün onu və həyat yoldaşını mənzilindən qeydiyyatdan çıxartmaq istəyir. İddiaçı Sabunçu rayon Polis idarəsinin pasport və qeydiyyat şöbəsinə oğlunun və gəlininin qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, inzibati məhkəməyə müraciət eməlidir. Odur ki, iddiaçı məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “vətəndaş X4 və X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ-nin QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktlarla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir”.

4. Cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar.

12. İş materiallarına əlavə edilən 3/17 nömrəli, 13 iyul 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 3-cü bina, mənzil 17-də yerləşən 2 otaqlı yaşayış sahəsini haqqı ödənməklə kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verir.

13. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5964/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X4 və X2 qarşı “mənzilə köçürmə” barədə iddia tələbi təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən xüsusi təyinatlı yaşayış sahəsi kimi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 3 nömrəli binanın 17 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.

IV. Məhkəmənin mövqeyi

14. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

17. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

20. Məhkəmə nəzərə alır ki, üçüncü şəxslər X4 iddiaçının oğlu və X3 isə gəlini olduğundan həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxslər olmadıqlarını müəyyən etməyə səlahiyyətli deyil.

21. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxslər X4 və X3 qüvvədə olan məhkəmə aktına əsasən “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunmadıqları üçün cavabdeh qurumun hazırkı imtinası qanunsuz deyil.

22. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadığı müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar