Məhkəmə qərarları › İş №2-1(112)-6271/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6271/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6271/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə xərclərinin ödənilməsi” tələbinə dair GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə xərclərinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları. İddiaçı cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə üzvləri ilə birlikdə “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməsinə dair sərəncam verilməsi vəzifəsinin cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, AR Müdafiə Nazirinin 051gm №-li, xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət dövründə yaşayış sahəsi ilə təmin olunmamışdır. Hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır. “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ilə təmin edilməyinə dair sərəncam verilməsi xahişi ilə xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən mənzil növbəsinə dayanmaq üçün tələb olunan bütün sənədləri (cavabdeh tərəfindən ona verilmiş sənədlərin siyahısına uyğun olaraq) əlavə etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir.iddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq iş üzrə iddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı, oğlu və qızı) “Hərbi Qulluqçuların Statusu Haqqında’’ Azərbaycan Respublikası Qanununun 12ci maddəsinin tələblərinə uyğun olaraq 15 il və daha çox təqvim hesabı ilə xidmət etmiş və ehtiyata (istefaya) buraxılmış hərbi qulluqçu kimi xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə qəbul edilməyi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün həmin tarixdən kirayə haqqı ilə təmin edilməyinə dair sərəncam verilməsi vəzifəsinin cavabdeh Səbail rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri. İddiaçı məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh inzibati orqanın etiraz məktubunda qeyd etdikləri onun mənzil növbəsinə götürülməməyi üçün əsas ola bilməz, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Cavabdeh inzibati orqanın tarixli yazılı etirazı məhkəmə dəftərxanasına daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MN Bakı Qarnizonu MİH 7 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2021-ci ii tarixli, 301 saylı Forma 2 Arayışında və xx.xx.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışda vətəndaşın oğlu, X6 Bakı şəhəri, Səbail rayonu, Badamdar-15 hərbi şəhərcikdə qeydiyyatda olduğu göstərilmişdir. Lakin sonradan təqdim etdiyi xx.xx.2021-ci il tarixli, SF- 13462 saylı Arayışda oğlunun ünvan 1 ünvanda qeydiyyatda olduğu qeyd edilmişdir. İddiaçı oğlunun Şəxsiyyət vəsiqəsi üzrə hansı ünvanda qeydiyyatda olması barədə təqdim etdiyi bu sənədlər bir-biri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 164 saylı Arayışda İddiaçı Bakı şəhəri Səbail rayonu. Badamdar qəsəbəsi, 15 saylı hərbi şəhərcikdə qeydiyyatda olduğu, xx.xx.2021-ci il tarixdə verdiyi 91 saylı Arayışda isə N nömrəli hərbi hissədə qeydiyyatda olduğu göstərilmişdir. Göründüyü kimi, təqdim etdiyi bu sənədlər də bir-biri ilə ziddiyyət təşkil etmişdir. Eləcə də, Azərbaycan Respublikası MN Bakı Qarnizonu MİH 7 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 301 saylı Forma 2 Arayışında İddiaçı ailə üzvlərilə birlikdə N saylı hərbi hissədə N mart 2016-cı il tarixdən qeydiyyatda olduğu (ailə üzvlərilə bağlı tarixlər göstərilməyib) qeyd edilmişdir. Lakin sonradan təqdim etdiyi xx.xx.2021 -ci il tarixli, 392 saylı Forma 2 Arayışda isə onun ailə üzvlərilə birlikdə 15 saylı hərbi şəhərcikdə N mart 2016-cı il tarixdən qeydiyyatda olduğu qeyd edilmişdir. Vətəndaşın təqdim etdiyi bu sənədlər də bir-biri ilə ziddiyyət təşkil etmişdir.Qeyd edilmişdir ki, İddiaçı həyat yoldaşı X4 adına xx.xx.2021-ci il tarixdə Azərbaycan Kredit bürosundan verilmiş SF-13342 saylı Çıxarışa əsasən 32,226.28 AZN (otuz iki min 226 manat 28 qəpik) və 3,350.00 USD (üç min üç yüz əlli ABŞ dolları) fiziki şəxslərə İpoteka kreditlərinin verildiyi qeyd edilmişdir. İddiaçı adına isə Azərbaycan Kredit bürosundan xx.xx.2021-ci il tarixdə verilmiş SF-13343 saylı Çıxarışa əsasən zamin olduğu öhdəliyin məbləği 10.000.00 (on min) AZN olmuş, kreditin qalıq məbləği 9 329 79 (doqquz min 329 manat 79 qəpik) AZN olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, həyat yoldaşının, oğlunun və qızının adlarına Azərbaycan Respublikasının DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlarını, oğlunun ünvan 1 ünvanında qeydiyyatda olduğu qeyd edildiyindən, sözügedən ünvan üzrə Forma 2 arayışını, mənzilin hüquqi sənədlərinin kserosurətini, hərbi biletin və nümayəndəsinin adına verilmiş Etibarnamənin əslini, kirayə haqqından qanunla müəyyən edilmiş məbləğdə ödənilmiş vergi qəbzlərini, Forma 2 arayışında qeydiyyatının müddətli qeyd edildiyini nəzərə alaraq, 15 saylı hərbi şəhərcik üzrə müvafiq MKlS-nin müddət göstərilməklə, zaminlik barədə arayışı, Forma 2 arayışını təqdim etdikdən sonra müraciətinə yenidən baxılıb müvafiq qərar veriləcəyi bildirilmişdir. Təqdim etdiyi sənədlərdə ziddiyyətlər mövcuddur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş və imtina cavabı aılmışdır. - Vİİ-ЖГ 444602 nömrəli, xx.xx.2001-ci il tarixli X5 Şəhadətnamədən görünür ki,xx.xx.2021-ci il tarixd İddiaçı və X10 arasında nikah qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli Arayışından görünür ki, X14, X15 və İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar 15 saylı hərbi şəhərcikdə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021- ci il tarixli, ******* nömrəli Arayışından görünür ki, X15, İddiaçı və X16 Bakı şəhəri, Səbail rayonu, Badamdar 15 saylı hərbi şəhərcikdə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Səbail Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 164 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1974- təvəllüdlü ehtiyatda olan Baş gizir İddiaçı həqiqətən xx.xx.1994-cı il tarixdən xx.xx.2021-cü ıl tarixədək AR SQ-də həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətkeçmə haqqında əsasnamənin“ 156- cı maddəsinin “B” bəndinə (yaşa görə) AR MN- nın 051 gm №-li xx.xx.2021- ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2021ci il tarixli 5350 nömrəli arayışın surətindən görünür ki, ehtiyatda olan baş gizir İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci tarixli 569 nömrəli Fərmanına əsasən onun adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş Nadirov X11 15 saylı hərbi şəhərciyində yaşayır və onun adına Səbail Bələdiyyəsinin inzibati ərazisində torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş X1 15 saylı hərbi şəhərciyində yaşayır və onun adına Səbail Bələdiyyəsinin inzibati ərazisində torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş X3 hərbi şəhərciyində yaşayır və onun adına Səbail Bələdiyyəsinin inzibati ərazisində torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş X2 15 saylı hərbi şəhərciyində yaşayır və onun adına Səbail Bələdiyyəsinin inzibati ərazisində torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X13 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X13 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş X4 adına daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X13 Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, vətəndaş X6 adına daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 142 nömrəli Mənzil İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 392 nömrəli Arayışının surətindən görünür ki, İddiaçı 4 nəfər ailə üzvləri Səbail rayonu, 15 saylı hərbi şəhərcikdə müddətli pasport qeydiyyatındadır. -xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41 37 kv.m yaşayış sahəsi 28.07 kv.m, yardımçı sahəsi 13.3 kv.m olan 2 otaqlı mənzili kirayə verən X7 tərəfindən kirayəçi İddiaçı kirayəyə verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü.

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır. Belə ki, iş materiallarında olan iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Səbail Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 164 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü ehtiyatda olan Baş gizir İddiaçı həqiqətən xx.xx.1994-cı il tarixdən xx.xx.2021-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrindədə həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında əsasnamənin“ 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) AR MN- nın 051 gm №-li xx.xx.2021- ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Hərbi qulluqçu kimi o, yaşayış sahəsi və ya torpaq sahəsi ilə təmin edilməmiş və hazıradək müvafiq mənzil növbəsinə götürülməmişdir. İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən:

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarın 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin qərarın 2-ci bəndində müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yuxarıda istinad olunan qanunvericiliyə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. İstinad olunan normada qanunverici müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Məhkəmə qeyd edir ki, istinad olunan qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə götürülməsi üçün hərbi qulluqçunun azı 15 təqvim ili xidmət etməsi tələb olunur. Bundan başqa yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu zabit, gizir və ya miçman olmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ilindən çox xidmət etmiş, qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmış, həmçinin iddiaçının adına daşınmaz əmlak (ev və ya ev tikmək üçün torpaq sahəsi) olmadığından iddiaçıya mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.3-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı, oğlu və qızı) mənzil növbəsinə götürülməsi və Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdiyi vaxtdan yəni xx.xx.2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı, oğlu və qızı) mənzil növbəsinə götürülməsi və Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdiyi vaxtdan yəni xx.xx.2021-ci il tarixdən etibarən mənzillə təmin olunanadək kirayə xərclərinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar