Məhkəmə qərarları › İş №2-1(112)-6273/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6273/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6273/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Aydin oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Aydin oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli, 0344003AKMQ saylı göndəriş əsasında baxılmış və cavabdeh tərəfindən imtina barədə qərar verilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, minik avtomobilinə tibbi göstərişin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış yaralanması (xx.xx.2020) sağ saidin asağı 1/3- nin qəlpə yaralanması, sağ dirsək sümüyünün distal metadiafizinin tam deffektiv sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sonrakı bərkimiş kobud dəri çapığı və sağ əlin funksiyasının pozulması ilə müşayiət olunan sağ ulnar sinirin posttravmatik nevropatiyasının qalıq əlamətləri diaqnozları TSEK tərəfindən müəyyən edilmişdir. Yuxarıda göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən ona 3-cü dərəcə əlillik müəyyən edilmişdir. Daha sonra avtomobil va motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə cavabdeh orqana müraciətlər ünvanlanmış, cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmiş və ona dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsindədigər ; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış yaralanması( xx.xx.2020) Sağ saidin aşağı 1/3-nin qəlpə yaralanması, sağ dirsək sümüyünün distal metadiafizinin tam deffektiv sınığına görə aparılmış yaraların birincilicərrahi işlənməsi, sonrakı bərkimiş kobud dəri çapığı və sağ əlin funksiyasının pozulması ilə müşayiət olunan sağ ulnar sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri.; Meyar: 2 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2)” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli, 0344003AKMQ saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: T92.0 Yuxarı ətrafın açıq yaralanmasının nəticələri Partlayış travması .Sag saidin aşağı 1/3-nin qəlpə yaralanması. Sağ dirsək sümüyünün distal metadiafizinin deffektiv sınığı .Cərrahi əməliyyatdan sonarkı vəziyyət..; Tsekin əlavə diaqnozu: Yuxarı ətrafın açıq yaralanmasının nəticələri Partlayış travması. Sağ saidin aşağı 1/3-nin qəlpə yaralanması. Sağ dirsək sümüyünün distal metadiafizinin deffektiv sınığı .Cərrahi əməliyyatdan sonarkı vəziyyət..”; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, imtina məktubunun dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli, 0344003AKMQ saylı göndəriş əsasında baxılmış və cavabdeh tərəfindən imtina barədə qərar verilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 4.1. Bu Qaydanın müddəalarının pozulmasından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə (Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri):

57. Minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: - hemiplegiya, nəzərəçarpan hemiparez; - nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Qanunvericiliyin yuxarıda sadalanan tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Çernobıl AES-də qəzanın ləğvi (həmçinin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin edilirlər. Yuxarıda göstərilən imtiyazlı şəxslər barəsində Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər. Məhkəmə icraatı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçıda minik avtomobilinə tibbi göstəriş kimi təsbit olunan xəstəliklərin möcudluğunun müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş T435/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı 17.02-xx.xx.2023-cü il tarixlərdə “Partlayış travması. Sağ saidin aşağı 1/3-nin qəlpə yaralanması. Sağ dirsək sümüyünün distal metadiafizinin tam deffektiv sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi. Sağ ulnar sinirin qalıq əlamətləri...;” diaqnozu ilə Bakı Reabilitasiya Mərkəzində müalicədə olmuşdur. Həmin diaqnozda “hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom”la əlaqədar tibbi sənədlərdə hər hansı bir qeydiyyat yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyi yuxarı ətraflarla bağlıdı. Yuxarıda istinad olunan minik avtomobilinə tibbi göstərişlər isə əsasən aşağı ətraflarla əlaqədar diaqnozlardır. Yuxarı ətraflarla əlaqədar ola biləcək “hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom” diaqnozunun iddiaçıda mövcud olub-olmaması ekspertiza təyin edilməklə araşdırılmışdır. Ekspert rəyi ilə də, şəxsin əyani müayinəsi zamanı minik avtomobilinə tibbi göstəriş olan həmin diaqnozun təsdiqini tapmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər mövcud olmadığından ona minik avtomobilinə tibbi göstərişin verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı Aydin oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddiaçı Aydin oğlunun cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar