Məhkəmə qərarları › İş №2-1(112)-6275/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6275/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6275/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı“pozulmuş hüquqların bərpası” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü sayılan vəkil X3 tərəfindən iddiaçının konstitusion məhkəmə müdafiə hüququnun pozulması, məcburedici vəzifənin Azərbaycan Respublikası Vəkillər X1 üzərinə qoymaqla, pozulmuş çoxsaylı hüquqlarının prosessual bərpası, vəkil səlahiyyətlərindən kənarlaşdırılmasının Azərbaycan Respublikası Vəkillər X1 üzərinə qoyulması, mənəvi ziyanın ödənilməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna məhkəmə qaydasında sorğu göndərilməsinin təmin edilməsi və.s barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən öz yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya 15 sentyabr 2020-ci il tarixli məktub ünvanlanaraq, ona iddia ərizəsində qoyulan tələblə bağlı inzibati orqana müraciət etməsi barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfəndən müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 20 oktyabr 2020ci il tarixə təyin edilmişdir. 19 oktyabr 2020-ci il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işin başqa hakimə verilməsi barədə etirazının təmin edilməsini xahiş etmişdir. Etiraz Azrbaycan Respublikası MPM-nin 21.3-cü maddəsinə əsasən əsassız olduğundan baxılmamış saxlanılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair tərtib edilmiş etirazda göstərilənlərə uyğun izahat verərərk iddianın qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı iddia ərizəsində Bakı Apellyasiya Məhkəməsinin “dövlət hesabına hüquqi yardımın göstərilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardadına əsasən Cəlilabad rayon vəkil bürosunun vəkili Ədalət Şükürov tərəfindən ona göstərilən hüquqi yardımın lazımi qaydada göstərilmədiyindən narazı qalmış, bununla əlaqədar olaraq Vəkillər Kollegiyasına şikayətlə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia müxtəlif tələblərdən ibarət olmaqla prosessual həmiştirakçılığın tələblərinə cavab verməməklə yanaşı, həmçinin iddia ərizəsində qoyulan digər tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə müvafiq ərizə ilə müraciət etməzdən əvvəl ilk öncə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırki iddia ərizəsində qoyulan tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə müvafiq ərizə ilə müraciət etməzdən əvvəl ilk öncə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edilməsi və cavabdeh inzibati orqan tərəfindən ərizənizin təmin edilməsindən imtina edilməsi iş materialları ilə müəyyən edilmədiyindən hazırkı iddianın mümkünlük şərtləri mövcud deyil. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbləri üzrə iddia ərizəsi mümkünlük şərtlərinə əməl edilməməklə verildiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini, MPM-in 74.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar