Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6275/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasının layihəyə əsasən dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının layihəyə əsasən dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası 2012-ci ildən etibarən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Binada müəyyən dəyişikliklər edilmiş, yenidən layihələndirilmişdir.
3. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir.
4. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
6. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
9. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının layihəyə əsasən dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarışın verilməsindən ibarətdir.
10. Bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir.
11. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir.
12. Lakin iş materiallarından İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, iddiaçı nə cavabdehə etdiyi müraciət ərizəsi və onun çatdırılması barədə sənədi, nə də cavabdehin müraciətə cavab məktubunu iş materiallarına əlavə etmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərilmiş, hazırkı iddianın mümkün hesab olunması üçün zəruri olan qeyd edilən sənədlərdən birinin məhkəməyə tədim olunması təklif olunmuş və həmin sənədlərin təqdim edilməsi məqsədilə iddiaçıya vaxt verilmişdir. Lakin verilmiş müddət ərzində də İddiaçı hərəkətsizlik göstərmiş, tələb olunan sənədlərdən hər hansı birini məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etmədiyini bildirmişdir.
14. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.
15. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova