Məhkəmə qərarları › İş №2-1(112)-6275/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6275/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6275/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1354/28 ünvanında yerləşən evin qazla təmin olunması məqsədi ilə müvafiq sənədləşmə işlərinin aparılması vəzifəsinin, o cümlədən “qazın alqı-satqısı”na dair müqavilə bağlanması, evə qaz sayğacının quraşdırılması, qaz xəttinin daxilə çəkilişinin təmin olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsinin qaz ilə təmin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun həmin ev üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İddiaçı iddia tələbinon eyni məzmunlu ərizəsi ilə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh qismində çıxış edən Cavabdeh inzibati orqan hesab olunmasa belə (səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisəsinin bazarda inhisarçı statusa malik olmaması), hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. Qeyd olunan qərarın hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Cavabdeh təbii qaz təchizatı sahəsində inhisar subyekti olduğundan, həmçinin tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddiaçı doğru olaraq Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaçının müraciətinə baxılarkən cavabdeh müraciətin təmin olunmaması üçün bir hala istinad etmişdir: -İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi olduğudur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin torpaq təyinatı müəyyən edilməli, torpaq sahəsinin həqiqətən də SOCAR-ın əraizinə aid olub-olmaması aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, bu istiqamətdə qiymətləndirmə aparılmazdan əvvəl ümumiyyətlə istehlakçı və qaz paylayıcısı arasında alqı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması mexanizminə nəzər yetirilməlidir ki, bu istiqamətdə dəyərlindirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. “Qaz təchizatı haqqında” Qanunun:

11. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.(6-cı bənd)

13. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (8-ci bənd) “Qazdan istifadə” Qaydalarının: 1.2 qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, qaz paylayıcısı ilə istehlakçı arasında münasibətlər məhz qazın alqı-satqısı müqaviləsi bağlandığı anda yaranır. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Nəzərə alınmalıdır ki, qaz sayğacının quraşdırılması, qaz xəttinin çəkilməsi və bu istiqamətdə hər hansı bir hərəkətlərin görülməsi istehlakçının və əhalinin təhlükəsizlik baxımından qanunvericilikdə müəyyən edilmiş normalar əsasında həyata keçirilir. Əlbəttə bu sahə də digər sahələrdə olduğu kimi xüsusi yanaşma tələb edir ki, bu zaman qaz xəttinin çəkilməsi arzuolunan əmlakın yerləşdiyi torpaq sahəsinin qaz xəttinin çəkilməsi üçün yararlı olub-olmaması nəzərə alınmalıdır. İşin faktiki halllarından görünür ki, Cavabdeh İB qeyd edilən ünvanın qazla təchizatını həyata keçirməkdən imtinasının əsasında mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyinə, həmin torpaqların dövlətin müstəsna mülkiyyətində olmaqla, orada inşa edilən tikililərin qazlaşdırılmasına yol verilmədiyinə istinad etsə də məhkəmə cavabdehin qeyd edilən dəlilini iddianın təmin edilməsindən imtinaya əsas ola biləcək qanuni hal kimi qəbul etmir. Əvvəla ona görə ki qaz təchizatı ilə bağlı qanunvericilik cavabdehin qeyd etdiyi əsası qazla təmin edilməsindən imtina, qazın verilməsinin dayandırılmasının əsası kimi müəyyən etməmişdir. Digər tərəfdən, işin yuxarıda sadalanan hallarından da müəyəyn olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsam qəsəbəsi, 1354/28 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının adına həmin ünvanda torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən səlahiyyətli qurum tərəfindən qeydə alınaraq bilavasitə dövlət tərəfindən mülkiyyət hüququ tanınmışdır. Nə adıçəkilən əmlaka mülkiyyət hüququna dair reyestrdəki qeydlər, nə də həmin qeydlərin aparılmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırkı halda dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından qeydlər qüvvədədir. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alındığı fərdi yaşayış evinə və torpaq sahəsinə münasibətdə verilmiş çıxarışda torpaq sahəsinin təyinatı cavabdehin iddia etdiyi kimi sənaye təyinatlı torpaq sahəsi deyil, yaşayış məntəqəlrinin torpaq sahəsi olduğu göstərilmişdir. Məhkəmə bunun müqabilində torpaq sahəsinin təyinatına aydınlıq gətirərək torpaq münasibətlərini tənzimləyən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9.Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: (2-ci hissə) kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

18. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. İctimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. 20.Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

48. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. (4-cu hissə) Qüvvədə olan qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikasının torpaqları müxtəlif kateqoriyaları ayrılmışdır ki, bunlardan biri də yaşayış məntəqələrinin torpaqlarıdır. Adından da bəlli olduğu kimi, bu torpaqların təyinatı bilavasitə əhalinin yaşayış təminatına, mədəni-məişət, inzibati, ibadət və digər bina üçün yararlı hesab olunan torpağlardır. Əlbəttə ümumməlum olan arqumentdir ki, əhaıinin sosialməişət, yaşayış tələblərini qarşılamaq üçün yaşayış məntəqələri kateqoriyasına aid olan torpaqlar üzərində fərdi yaşayış evləri, çoxmənzilli binalar və s. tikililərin tikintisi təmin olunur. Bu təyinatlı torpaq sahələrində isə qaz, su, işıq, istilik təchizatının verilməsindən, xəttlərin çəkilməsindən imtina edilməsi vətəndaşların yaşayış hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş tədbir kimi qiymətləndirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mükiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi təyinatı baxımından yaşayış məntəqələrinin torpağı olduğundan (səlahiyyətli orqan tərəfindən verilmiş çıxarışda olan məlumat), həmçinin həmin çıxarış mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin sənaye təyinatlı torpaq sahəsi olması sübut olunmadığından, bundan başqa hətta həmin torpaq sahəsi kateqoriya baxımından sənaye təyinatlı torpaq sahəsi olsa belə, qanunvericilikdə bu təyinata görə qaz təchizatının verilməsi və ya dayandırılması əsası müəyyən olunmadığından, iddiaçının iddia tələbinin təmin edilməməsi istiqamətində cavabdehin nümayiş etdirdiyi mövqeyi əsassızdır. Bundan başqa Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmə icraatı zamanı Socar tərəfindən daxil olmuş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsi iddiaçıya Sazişin təsdiq olunduğu Qanunun tarixindən əvvəl ayrılmış olarsa, ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması məsələsinə baxılacaqdır. Göründüyü kimi Socar tərəfindən iddiaya münasibətdə mübahisənin məhkəmədən kənar baxılmasının mümkünlüyü istisna olunmamışdır. Socar bu mövqeyi ddiaçıya ayrılmış torpaq sahəsinin Sazişin təsdiq olunduğu Qanunun tarixindən əvvəl olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirərək real olan halı (torpaq sahəsinin kontrakt sahəsinin ərazisində olub-olmaması) müəyyən etsə belə bu haldan asılı olmayaraq hazırki iddia tələbi üzrə mövcud olan sənədlər faktiki olaraq torpaq sahəsinin Sazişdən əvvəl iddiaçıya ayrıldığını təsdiq edir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1354/28 nömrəli ünvanda yerləşən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, bağın icarəyə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 31515 №-li müqavilədən görünür ki, Hövsan qəsəbəsində 0,05 ha bağ sahəsinin sahəsi 30 kv.m olan 1 otaqdan ibarət binanın yardımçı binaları X1 icarəsinə verilmiş, iddiaçının həmin bağ sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti torpaq sahəsinin Azərbaycan Respublikasının xx.xx.2007ci il tarixli Qanunun ilə təsdiq edilmiş Sazişə əsasən “X2 Limited” Şirkətinin istifadəsinə verildiyini qeyd edir. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsi hətta Dövlət Neft Şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşsə belə, iddiaçının torpaq sahəsinə münasibətdə hüquqları Sazişdən əvvəlki tarixə, yəni bağların icarəyə verilməsi barədə müqavilə imzalandığı tarixdən (xx.xx.2003) yaranır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsasları hazırki iddia tələbinin təmin edilməməsi hallarını istisna edir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə hazırki mübahisəyə oxşar mübahisə üzrə apellyasiya instansiya məhkəməsinin qərarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-805/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsinin “X2 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli 567868 saylı “Dövlət Reyestrindən Çıxarış”a əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hal-hazırda qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olduğundan Bakı şəhəri, ünvan ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılmasından cavabdehin imtinası əsassızdır” Göründüyü kimi hazırki mübahisədə də olduğu kimi oxşar imitna məktubunda göstərilən hal (torpaq sahəsinin kontrakt sahəsinin ərazisində olması) vətəndaşın mülkiyyətində olan fərdi yaşayış evinin qazlaşdırılmasından imtina edilməsi üçün əsas hesab olunmur. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1354/28 ünvanında yerləşən evin qazla təmin olunması məqsədi ilə müvafiq sənədləşmə işlərinin aparılması vəzifəsinin, o cümlədən “qazın alqı-satqısı”na dair müqavilə bağlanması, evə qaz sayğacının quraşdırılması, qaz xəttinin daxilə çəkilişinin təmin olunması vəzifəsinin Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar