Məhkəmə qərarları › İş №2-1(112)-6275/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6275/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6275/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X13, X27, X5, X24, X19 və X14) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X11, X28, X5, X24, X15 və X6 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Yaşayış yerindən arayış alan zaman iddiaçıya məxsus evdə 17 nəfərin - X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X11, X28, X5, X24, X15 və X6 qeydiyyatda olmasını bilmişdir. Halbuki, həmin şəxslər heç bir zaman ona məxsus evdə yaşamamış, onların evə necə qeydiyyata alınması barədə iddiaçının məlumatı olmamışdır.

3. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X13, X27, X5, X24, X19 və X14 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşlar.

4. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X13, X27, X5, X24, X19 və X6 ünvan 1 (yeni qaydalarla AZ1038, ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı İPM-in 75.4-cü maddəsinə uyğun olaraq, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən, qanuni qüvvəyə minmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli icra məktubu əsasında məhkəmə qərarı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icra edilərək X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X13, X27, X5, X24, X19 və X6 ünvan 1 (yeni qaydalarla Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmməd Rahim küçəsi, 31) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır.

7. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(112)-6275/2023 saylı qərarının ləğv edilərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, eyni zamanda, icraya dönüş etməklə onun anasını və ailə üvzlərinin qeydiyyatının bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6275/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə 11 aprel 2023-cü il tarixli məhkəmə qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 11 aprel 2023-cü il tarixli, 2-1(112)-6275/2023 saylı qərarının icrasına dönüş edilməsi, X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X11, X28, X5, X24, X15 və X6 ünvan 1 ünvanına qeydiyyatlarının bərpa olunması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.

II. İddianın növü və mümkünlüyü

12. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

13. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

14. Cavabdeh Sabunçu Rayon Polis İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması cavabdehin səlahiyyətləri daxilində deyil. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

15. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

16. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

17. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən X25, X7, X8, X17, X9, X4, X26, X1, X10, X23, X18, X13, X27, X5, X24, X19 və X14 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

18. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin notarial qaydada təsdiq edilmiş çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 5 saylı evə (yeni qaydalarla AZ1038, ünvan 3 xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

20. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 5 saylı evə xüsusi mülkiyyət hüququ (paylı) 1/48 hissədə X12 adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 21/48 hissədə X3 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə və Məmmədov Məmməd əli oğlunun adına xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

21. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, 5 saylı fərdi yaşayış evi ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reystrində qeydə alınması haqqında məlumat aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

22. İşin faktiki hallarına əsasən üçüncü şəxslər sözügedən ünvanda faktiki olaraq yaşayırlar, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsi, 5 saylı evə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1/48 hissəsi X12 adına xx.xx.2011-ci il tarixdə, 21/48 hissəsi isə X3 adına xx.xx.2015-ci il tarixdə tarixdə qeydiyyata alınmışdır.

23. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

24. Belə ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxslər fərqli ünvanlarda yaşasalar da, daşınmaz əmlakın dövlət reyestrində həmin evlər eyni ünvan kimi qeydə alınmışdır. Belə olan halda sözügedən ünvanın mülkiyyətçisi olan iddiaçı ona məxsus olmayan ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmiş olur ki, o, bu tələblə haqlı olmamışdır.

25. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

28. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

29. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

30. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

31. Məhkəmə hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar