Məhkəmə qərarları › İş №2-1(112)-6277/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6277/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6277/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərarın ləğv edilməsi, pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının əmək pensiyası ödənişinin xx.xx.2024-cü il tarixindən dayandırılması haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərarın ləğv edilməsi, pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07 mart 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-8-317943/2024 nömrəli məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2009-cu il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı yaşa görə əmək pensiyası təyin edilərkən sığorta stajının hesablanmasında nəzərə alınan xx.xx.1994-cü il tarixdən xx.xx.1999-ci il tarixinədək Naxçıvan 5 nömrəli üzüm emal zavodunda olan əmək fəaliyyəti dövründə araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın müvafiq araşdırılmasına əsasən Naxçıvan 5 nömrəli üzüm emal zavodunda olan əmək fəaliyyəti dövrü təsdiqini tapmadığından yaşa görə əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajı olmadığı müəyyən edilmişdir.” İddiaçı 1994-cü ilin sentyabr ayından 1999-cu ilin dekabr ayınadək Naxçıvan 5 nömrəli üzüm emalı zavodunda əmək fəaliyyətində olmuşdur. 1999-cu ildə biləndə ki, həmin zavod özəlləşdiriləcək, öz ərizə ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxdıqdan müəyyən müddət sonra isə həmin zavod qanunvericiliyin tələblərinə uyğun olaraq özəlləşdirilmiş, bir neçə ildən sonra isə başqa adama satılmışdır. İddiaçıda olan məlumata əsasən artıq uzun müddətdir ki, Naxçıvan 5 nömrəli üzüm emalı zavodu mövcud deyil, zavod abadlıq işləri adı altında sökülmüş və bu məlumat Naxçıvan şəhərində hal-hazırda fəaliyyət göstərən müvafiq sturuktur bölmələrdən və digər alternativ mənbələrdən də dəqiqləşdirilə bilər. Eyni zamanda məhkəmənin nəzərinə çatdırıram ki, 1994-cü ilin sentyabr ayından 1999-cu ilin dekabr ayınadək Naxçıvan 5 nömrəli Üzum emalı zavodunda işləməyi haqqında əmək kitabçasında müvafiq qeydlər mövcuddur və həmin qeydlərə əsasən təsdiq edilir ki, iddiaçı həqiqətən qeyd olunan dövrdə həmin müəssisədə işləmişdir. Cavabdehin məktubda daha sonra qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixində ona dəvət məktubu göndərilmiş (3-17- 1/2-S-237230/2024 nömrəli məktub) və xx.xx.2024-cü i i tarixində saat 10:30-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən Nazirliyin tabeliyində Fondun İnzibati binasında (qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizlərini təqdim etməyi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə iddiaçı və ya nümayəndəsi qəbula gəlməmişdir. İddiaçı şəkərli diabet xəstəsidir, eyni zamanda sağ ayağı diz qapağında, topuğunda 1 il əvvəl keçirdiyi cərrahi əməliyyat nəticəsində şiş və ağrılar və digər sağlamlıq problemləri var, ona görə də normal yeriməkdə çətinlik çəkir. Bu səbəbdən məsələ ilə bağlı öz mülahizəni təqdim etmiş və xx.xx.2024-cü il tarixində onun mülahizəsi Fondun nümayəndəsi tərəfindən imza olunaraq qəbul edilmişdir. Cavabdehin məktubda daha sonra qeyd edilmişdir ki, “Mərkəzi Filialın müvafiq qərarı əsasında təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2009-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait olunmuşdur.” Mərkəzi Filial tərəfindən iddiaçıya hər hansı qərar təqdim edilməmişdir. Bununla əlaqədar cavabdehə müraciət edilmiş, lakin qərarın təqdim edilməsindən imtina olunmuş və ona yalnız məktubun sürəti təqdim edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinin xx.xx.2009-cu il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı iddiaçıya yaşa görə əmək pensiyası təyin olunarkən sığorta stajının hesablanmasında nəzərə alınan xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Üzüm emalı zavodunda olan əmək fəaliyyəti dövrünün təsdiqini tapmadığından yaşa görə əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 070923 nömrəli qərarı əsasında iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanaraq ilkin pensiya hüququ verən iş stajı 5 nömrəli üzüm emalı zavodunun X3 saxlanılan sənədləri əsasında qarşılıqlı yoxlama aparılmış və öz təsdiqini tapmadığı üçün pensiyası dayandırılmışdır. Nəticədə xx.xx.2009-cu il tarixdən xx.xx.2024cü il tarixədək 30264,65 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən 31,12.2021-ci il tarixədək 130 manat, 01.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 180 manat, 01,01.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 5.Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. İnzibati iş materiallarında olan:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, “İnventar” nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının pensiya məbləği yenidən hesablanmış, artıq ödənilmiş pensiya məbləğinin tutulması qərara alınmış və iddiaçının pensiya məbləği 0,00 manat təyin edilmişdir. Qeyd: ilkin təyinat zamanı pensiya hüququ verən iş stajı 5 nömrəli Üzüm əmalı zavodunun X3 saxlanılan sənədləri əsasında qarşılıqlı yoxlanılaraq öz təsdiqini tapmadı. Pensiya hüququ ləğv edilir. Nəticədə xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 30264,65 manat artıq vəsait ödənilmişdir. Müavinət hüququna baxılsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, “İnventar” nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının pensiya məbləği yenidən hesablanmış, artıq ödənilmiş pensiya məbləğinin tutulması qərara alınmış və iddiaçının pensiya məbləği 0,00 manat təyin edilmişdir. Qeyd: ilkin təyinat zamanı pensiya hüququ verən iş stajı 5 nömrəli üzüm malı zavodunun X3 saxlanılan sənədləri əsasında qarşılıqlı yoxlanılaraq öz təsdiqini tapmadı. Pensiya hüququ ləğv edilir. Nəticədə xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 30264,65 manat artıq vəsait ödənilmişdir. Müavinət hüququna baxılsın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 noyabr 2024-cü il tarixli “İnventar” nömrəli “Sosial ödənişin təyin edilməsi haqqında” qərarına əsasən iddiaçıya yaşa görə müavinət təyin edilməsi qərara alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İV. Məhkəmənin mövqeyi

10. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 11.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda;..6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə;..6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda;6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3-cü bəndinə əsasən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6.-ci bəndinə ədsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Yuxarıda sadalanmış normaların məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.Hazırki işdə iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə, əslində isə iddiaçıya borc hesablanması, iddiaçıdan həmin hesablanmış borcun tələb edilməsi, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. 15.Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın 15 ildən sonra qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

16. Məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə qeyd hissəsində borc hesablanaraq, yaşa görə əmək pensiyasından məhrum etməklə, pensiya əvəzinə sosial müavinət təyin edilməsi, sosial müavinət məbləğindən isə borcun tutulması barədə iddiaçını əlverişsiz vəziyyətə gətirən cavabdeh inzibati orqanın qərarı “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiyadan tutmalar yalnız pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Hazırki halda iddiaçı onun pensiyasından tutmalara (cavabdehin adlandırdığı kimi yenidən hesablanmasına) razılığını bildirməmişdir. 17.Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, yəni əmək pensiyası məbləğinin “düzgün hesablanmadığı aşkar edildikdə” yol verilmiş səhv nəticəsində yanlış – artıq məbləğdə təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir.Onun əmək kitabçası da iddiaçı tərəfindən yazılmamışdır. Belə olan halda maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, bu da cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas olmamasına dəlalət edir. 18.Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, “... qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərar ləğv edilməli, pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. 19.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 070923 nömrəli qərarı ləğv edilsin; İddiaçı pensiya ödənilməsinin bərpa edilməsi və hesablanmış borc məbləğinin silinməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar