Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6278/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, 09.04.2021-ci il tarixli cavab məktubunda iddiaçının işlədiyi buruq elektriki, qazma elektriki və elektrik vəzifələrinin müvafiq siyahıda qeyd olunan buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifələrinə uyğun olmadığı üçün tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “ona 60 yaş 6 ayının tamam olduğu gündən, yəni 29.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmənin 29.09.2021-ci il tarixli, 2-1(112)-6278/2021 tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur, hazırda 61 yaşı var. Əmək kitabçasından göründüyü kimi, 38 ildən artıq ümumi iş stajı var. Həmçinin 01.01.2008-ci ildən 26.02.2021-ci il tarixədək o, Dənizdə elektrik vəzifəsində işləmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) 10.1-ci bəndində “fəhlələr” siyahısında göstərilmiş buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşəsi ilə onun dənizdə işlədiyi elektrik peşəsinin adları fərqli olsa da, əmək funksiyaları eynilik təşkil edir. Bu səbəbdən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AA Seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-l ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 10.11.1982-ci il tarixdə İ.Q.Yesman adına Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutuna mühəndis vəzifəsinə qəbul olunmuş, 02.03.1987-ci il tarixdə işdən azad edilmişdir. 03.03.1987-04.12.1989-cu il tarixlərində “Ulduz” Bakı Zavodunda mühəndis texnoloq və texniki büronun rəisi, 05.12.1989-cu il tarixdən 26.04.1990-cı il tarixədək “Cənub” Müstəqil Kooperativində sahə rəisi işləmiş, 27.04.1990-20.11.1990-cı il tarixlərində “Qarqar” Müstəqil Kooperativinə üzv kimi qəbul edilmişdir. 05.01.1991-ci il tarixdə “Paritet” Kooperativinə kommersiya direktoru vəzifəsinə qəbul edilmiş, 21.02.1992-ci il tarixdə işdən azad edilmişdir. 23.02.1992- 09.11.1992-ci il tarixlərində "xxxx" X6 kommersiya direktoru, 10.11.1992-08.02.1993-cü il tarixlərində Bakı Kimya-Əczaçılıq Zavodunda aparıcı mühəndis, 01.09.1992-01.08.2003cü il tarixlərində "xxxx" X6 direktor müavini, kommersiya məsələləri üzrə məsləhətçi, 04.08.2003-29.06.2007-ci il tarixlərində “Azneft” X7 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsində energetik, 01.01.2008-ci il tarixdə "xxxx" MMC-də buruq elektriki peşəsinə işə qəbul edilmiş, 01.02.2011-ci il tarixdə qazma elektriki vəzifəsinə keçirilmişdir. 30.12.2012ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 07.01.2013-08.01.2018-ci il tarixlərində "xxxx" MMC-də qazma elektriki peşəsində işləmişdir. 09.01.2018-ci il tarixdə "xxxx" MMCyə qazma elektriki peşəsinə işə qəbul edilmiş, 07.03.2018-ci il tarixdə dənizdə elektrik peşəsinə keçirilmiş, 02.03.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “SOCAR” Geofizika və geologiya İdarəsinin 01 iyun 2021-ci il tarixli, SOCAR**********80020123X00052 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X9 və Topoqrafiya İdarəsinin (indiki X10 İstehsalat Bölümü) arxiv sənədlərinə əsasən energetik vəzifəsində çalışması haqqında məlumat vardır. İddiaçı 04.08.2003-cü il tarixli 35-k saylı əmrə əsasən “Azneft" X7 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin Əli Əmirov gəmisinə 12-ci dərəcəli energetik vəzifəsinə işə qəbul olunub 01.08.2005-ci il tarixli 39-k saylı əmrə əsasən X2 Ekspedisiyasının dəniz geoloji partiyasına 12-ci dərəcəli energetik, 01.03 2007-ci il tarixli 10-k saylı əmrə əsasən Müfəssəl mühəndis geoloji qazma üzrə kəşfiyyat partiyasında 12-ci dərəcəli energetik vəzifəsinə keçirilmış, 29.06.2007-ci il tarixli 34-k saylı əmrə əsasən X9 və Topoqrafıya İdarəsindən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı iş stajı 04.08.2003-cü il tarixindən 29.06 2007-ci il tarixinə 3 il 11 ay (üç il on bir ay) təşkil edir. İddiaçı işlədiyi energetik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli və 23 yanvar 2007-ci il 12 nömrəli qərarlarında göstərilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmamışdır. İddiaçı hazırda ona 60,5 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). Göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. Belə ki, iddiaçının 60 yaşı 29.01.2021-ci ildə tamam olmuşdur, lakin o hazırda güzəştli stajının tamam olduğu 29.07.2019-cu il tarixdən, 60,5 yaşından ona pensiya təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, qanunverici minimum norma kimi 60 yaşı müəyyən etdiyindən və güzəştli stajın tamam olduğu tarixdə şəxsin yaşının minimum normadan çox olduqda pensiya təyin edilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən etmədiyindən, əks mövqenin zərərli şəraitdə işləyən şəxslərin daha tez pensiya almaq imkanını məhdudlaşdırmaqla bu zaman qanunvericinin güddüyü məqsədə uyğun gəlmədiyindən idddiaçı zəruri olan yaş tələbini ödəyir. İşdə olan əmək kitabçasındakı qeydlərə əsasən həmin tarixədək iddiaçı 42 ildən artıq (42 il 3 ay 14 gün) ümumi sığorta stajına malik olmuşdur, bununla o ümumi staj tələbini də ödəyir. İşdən görünür ki, cavadeh iddiaçının ümumi deyil, yalnız xüsusi stajını mübahisələndirir və bu zaman iddiaçının işlədiyi “buruq elektriki”, “qazma elektriki” və “elektrik” vəzifələrinin müvafiq siyahıda qeyd olunan “buruqlara xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” vəzifələrinə uyğun olmadığını bildirir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşmış mövqeyə görə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X3 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Göründüyü kimi, mövcud qanunvericilik peşə adlarının Vahid X3 əsasən müəyyən edilməsini təsbit edir, hansı ki, həmin kitabçalarda işin xüsusiyyətləri, həmin vəzifəni tutan şəxsin bilməli olduğu hallar göstərilmişdir. Lakin Siyahıdan görünür ki, onun 10-cu bölməsinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) 10.1-ci bəndində (Qazma) sadalanan vəzifə adı – “buruqlara xidmət üzrə elektrik montyorları”, yaxud “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” adı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli və 13-6 nömrəli qərarları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçaları”nda qeyd edilən vəzifə adlarının heç biri eynilik təşkil etmir. Aydındır ki, bu zaman işəgötürən tərəfindən Vahid X3 əsasən müəyyən olunan neft sənayesi sahəsinə aid olan fəhlə peşələrinin adları Siyahıda göstərilən müvafiq peşə adları ilə üst-üstə düşməyəcəkdir. Belə olan halda isə Vahid X1 göstərilməyən, lakin Siyahıda təsbit olunan vəzifə üzrə işçinin əmək funksiyalarının nədən ibarət olması qeyri-müəyyən qalır. Bu halda həmin vəzifə üzrə əmək funksiyasının nədən ibarət olması müvafiq müəssisələrin veridiyi vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan iddiaçının işlədiyi müəssisənin arayışı, vəzifə təlimatları isə iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən peşə olduğunu təsbit edir. Belə ki, iddiaçının iş yeri olan "xxxx" MMC-nin 0596 nömrəli, 30 iyun 2021-ci il tarixli Arayışına əsasən 1960-cı il təvəllüdlü İddiaçı “SOCAR-AQŞ" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 yanvar 2008-ci il tarixindən 01 fevral 2011-ci il tarixinə qədər “Buruq elektriki” peşəsində, 02 fevral 2011-ci il tarixindən 30 dekabr 2012-ci il tarixinə qədər “Qazma elektriki” peşəsində, 07 yanvar 2013-cü il tarixindən 08 yanvar 2018-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Neft və Qaz Quyularının qazmaçısı; Əmək müqaviləsi üzrə: Qazma elektriki peşəsində, 09 yanvar 2018-ci il tarixindən 06 mart 2018-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Elektrik; Əmək müqaviləsi üzrə: Qazma elektriki peşəsində və 07 mart 2018-ci il tarixindən 02 mart 2021-ci il tarixinə qədər Məşğulluq təsnifatı üzrə: Qazmaya xidmət edən elektrik montyoru; Əmək müqaviləsi üzrə: Dənizdə elektrik peşəsində işləmişdir və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasını Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən platformalardakı iş yerlərində yerinə yetirmişdir. İddiaçı işlədiyi peşələrin adları eynilik təşkil etməsə də, əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.1-ci bəndində göstərilən “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinə uyğun hesab edilə bilər. Məhkəmə qeyd edir ki, müvafiq arayışı verən "xxxx" MMC 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmişdir. X16 və X13 və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, X8 və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. Hazırda dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı X17 Özüllərində (DDSÖ) qazma işləri aparır. Qeyd olunanları nəzərə alan məhkəmə müəssisənin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğunu nəzərə alaraq (məsələ ilə bağlı SOCAR-a göndərilmiş sorğu da cavablandırılması üçün aidiyyəti üzrə həmin müəssisəyə göndərilmişdir), onun tərəfindən verilən arayışı və buna uyğun olaraq iddiaçının işlədiyi peşələrlə Siyahıda göstərilən “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsinin əmək funksiyalarının eyniliyini qəbul edir. Bir halda ki, cavabdeh yalnız peşələrin adlarının eyni olmamasına istinad etmiş, həmin peşəyə görə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyinə qiymət verməmiş, ümumiyyətlə “Buruqlara xidmət üzrə elektrik montyorları” peşəsi üzrə əmək funksiyasının nədən ibarət olması və hansı əsasla iddiaçının işlədiyi peşələrə uyğun olmaması barədə sübutu məhkəməyə təqdim etməyərək istinad etdiyi dəlili əsaslandırmamışdır. Halbuki Vahid X4 təsdiq edən qurum iddiaçının tabeliyində olduğu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 29.07.2020-ci il tarixə 12 il 6 ay 29 gün güzəştli iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan üçüncü tələbi də ödəyir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə tələbə gəldikdə, cavabdeh bu halı mübahisələndirməmiş, əksini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən müvafiq tələbin ödənildiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı 60,5 yaşının tamam olduğu 29.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova