Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6279/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın 556,8 kv. m hissədə ləğv edilməsini və ünvan 1 ünvanda yerləşən 556,8 kv.m torpaq sahəsində mülkiyyət hüququnun bərpa edilməsi öhdəliyini cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov Rayon Məhkəməsinin 2- 18/2000 saylı xx.xx.2000-cı il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən 556,8 kv.m torpaq sahəsi anası, X3 və X5 mülkiyyətinə verilmişdir. xx.xx.2006-cı il tarixdə anası, X7 mülkün özünə məxsus hissəsini 33 saylı Dövlət Notariat Konturunda 4Ə/91 saylı reyestrlə qeydə alınmış bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Bağışlama müqaviləsindən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2006-cı il tarixli ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri. Xəzər rayonu, Şağan (Mərdəkan) qəsəbəsi, Məmmədbəyli Heybətqulu küçəsində istifadədə olan 0,04408 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 4 otaqlı 88,9 kv.m yaşayış-kv.m qeyri- yaşayış, 41 kv.m köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə onun 1 otaq-24,5 kv.m, X5 1 otaq-27,7 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2315 nömrəli vərəqində qeydiyyata alınmışdır (çıxarışın və texniki pasportun surəti ərizəyə əlavə olunur). X10 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada tikinti işləri aparmışdır. Sonradan o, X8 ona məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsində apardığı qanunsuz tikililərin sökülməsi və həmin torpaq sahəsinin ona geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib. Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli, 2(003)-133/2010 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləşən 556,8 kv.m torpaq sahəsi cavabdeh X6 alınaraq ona qaytarılması, ünvan 1 ünvanda yerləşən uzunluğu 40,4 metr olan daş hasarın sökülməsi, ünvan 1 ünvana giriş-çıxış qapısının əvvəlki yerinə bərpa edilməsi qət edilmişdir. Lakin, buna baxmayaraq mərhum X8 həyat yoldaşı X4 zəbt etdiyi ona məxsus 556,8 kv.m torpaq sahəsinin saxta yollarla sənədləşdirərək öz torpaq sahəsinə qatmış və xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarış əldə etmişdir. Bu səbəbdən də, Xəzər Rayon Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli, 2(003)- 133/2010 saylı qətnaməsinin icra olunması mümkün olmamışdır. Hazırda xx.xx.2018-ci il tarixli ******* nömrəli çıxarışın 556,8 kv.m hissədə ləğv edilməsi və həmin 556,8 kv.m hissədə onun mülkiyyət hüququnun bərpa edilməsinə zərurət vardır. Qeyd edir ki bununla bağlı cavabdeh quruma müraciət etsə də, bugünədək müsbət cavab ala bilməmişdir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı müraciəti zamanı izah edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 556,8 kv.m. torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının ləğvi və həmin sahə üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq məhkəmə qərarı təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxıla bilər. Bundan başqa, sənədlər toplusuna əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin qətnaməsi qeyd olunan torpaq sahəsinin ona qaytarılması ilə bağlıdır və İdarə üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iddiaçının məhkəmə iclasına gəlmədiyindən, gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İşin faktiki hallarından müəyyən olunur ki, hazırda iddiaçının hüquqi marağı və məqsədi iki hissədən ibarətdir;
1. ünvan 4 yerləşən № **********73-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində X1 xüsusi mülkiyyət hüquqlarına dair Daşınmaz əmlakın dövlət reyestrində 429 nömrəli reyestr kitabının 40234 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə aparılmış № **********9 nömrəli qeydin qismən ləğv edilməsi;
2. ünvan 4 ünvanında yerləşən 556.8 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququna dair müvafiq çıxarış və texniki pasportun verilməsi. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 556.8 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının realizə edə bilməsi üçün üçüncü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmasına əsas olmuş sənədlərin ləğv edilməsinə nail olmalıdır. Bununla bağlı isə məhkəmə iddianın mümkünlüyü ilə bağlı inzibati prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesab edir ki, iddia tələbinin üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə dair iddia mümkünlük şərtlərini ödəmir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın verilməsinə əsas kimi qüvvədə olan məhkəmə qərarı mövcuddur. Belə ki, məhkəmə sorğusu əsasında çıxarışın verilməsinə əsas olan sənədlər təqdim olunmuşdur ki, həmin sənədlər arasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2017-cı il tarixli, 2-1(82)-417/2017 saylı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1559/2017 nömrəli, xx.xx.2017-ci il və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-171/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarları mövcuddur. Sözügedən məhkəmə qərarlarına nəzər yetirdikdə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2017-cı il tarixli, 2-1(82)-417/2017 saylı qərarı ilə ünvan 4 yerləşən sahəsi 32.7 kv.metr olan 2 yaşayış otağının, sahəsi 43 kv.metr olan köməkçi hissənin, sahəsi 58 kv.metr olan aynabəndin, sahəsi 92.3 kv.metr olan tövlənin və istifadəsində olan həyatyanı torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1559/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2017-cı il tarixli, 2-1(82)-417/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-171/2018 saylı, xx.xx.2018-ci il Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1559/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iddia tələbi üzrə üçüncü şəxs qismində çıxış edən X2 çıxarışın verilməsi qüvvədə olan məhkəmə qərarı əsasında həyata keçirilmişdir ki, həmin məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Təbii haldır ki, həmin məhkəmə qərarının mövcudluğu iddiaçının hüquq müdafiə vasitələrinin tükənməsi mənasına gəlmir. Belə ki, iddiaçı çıxarışın mübahisələndirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməzdən əvvəl ilkin olaraq 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 17 mart 2017-cı il tarixli, 2-1(82)-417/2017 saylı qərarı mübahisələndirməli və həmin iş üzrə İPM-nin 28.1-ci maddəsinin tələbləri baxımından aidiyyəti üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan istifadə etməlidir. İPM-nin 28.1-ci maddəsində qeyd olunur ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Göründüyü kimi inzibati məhkəmə icraatında AR İPM-nin 28.1-ci maddəsində nəzərdə tutulmuş üçüncü şəxsin cəlb edilməsi, məhkəmənin özünün qəbul etdiyi qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi ərizəçinin mütləq olaraq zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməməli olmasından asılıdır. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, çıxarışın verilməsinə əsas olan yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən çıxarışın mübahisələndirilməsi ilə bağlı tələbə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev