Məhkəmə qərarları › İş №2-1(112)-628/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-628/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-628/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinəgötürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzilsiz olduğunu nəzərə alaraq Binəqədi rayon İcra Hakimiyyətində ev növbəsinə durması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1999-cu ildən 2003cü ilədək Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almışdır. 2003-cü ildən leytenant rütbəsi almış, 2003-ci ildən 2008-ci ilədək ordu sıralarında xidmət etmiş, sentyabr ayında xəstəliyi ilə əlaqədar təxris olunmuşdur. Hal-hazırda İİ qrup əlildir. Əlilliyi ilə əlaqədar qeydiyyatda olduğu Binəqədi rayon İcra Hakimiyyətinə ev növbəsinə durmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, onu növbədən kənarlaşdırıblar. Səbəb yaxın tanışlarından birinin mənzilinin onun adına qeydiyyatda olması olmuşdur. O, bu halı təsdiq edir. Həqiqətən mənzil onun adına müəyyən səbəblərdən olmuşdur, lakin sonradan mənzil öz sahibinin adına keçirilmişdir. Hazırda yaşayış üçün onun adına heç bir mənzil və həyətyanı torpaq sahəsi yoxdur. Kirayədə yaşayır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3izahatında bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 11 saylı binanın 99-cu mənzili mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuş və iddiaçı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olmuş mənzili özgəninkiləşdirmişdir. Onun mülkiyyətində olmuş mənzilə dair alqı-satqı müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsi ilə bağlı yenidən Rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus EZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 114 nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli 0309 saylı əmrinə əsasən Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 157-ci maddəsinin «b» bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Ehtiyatda olan hərbiçi kimi mənzil növbəsinə götürülməyinizə köməklik göstərilməsi barədə Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2019-cu il tarixli P-12/2-068/2-t/l saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 11 saylı binanın 99-cu mənzili mülkiyyət hüquqları əsasında Sizə məxsus olmuş və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinizdə olmuş mənzili özgəninkiləşdirmisiniz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Nəzərinizə çatdırıram ki, mülkiyyətinizdə olmuş mənzilə dair alqı-satqı müqaviləsinin bağlanması tarixindən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməyinizlə bağlı yenidən Rayon İcra Hakimiyyətinə müraciət edə bilərsiniz. İş materiallarında olan İddiaçı tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı onu ehtiyatda olan hərbçi zabit kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********10 nömrəli, xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına Milli qeydiyyat sistemində xx.xx.2014-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2018-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 11, bina 3, mənzil 99 ünvanında yerləşən daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev prospekti 11, bina 3, mənzil 99 Abşeron rayonu Notariat kontorunda xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxxx» MTK ilə payçı İddiaçı arasında imzalanmış ********* saylı xx xxxx 2017-ci il tarixli payçı müqaviləsindən görünür ki, “MTK” pay qismində çıxış edən Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti 11də tikilmiş olan 3-cü binasında, 1-ci blok, 12-ci mərtəbə, 99 nömrəli, 2 otaqlı mənzili tikib və “Payçı”nın mükiyyətinə verməyi, Payçı həmin mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ********* nömrəli Mənzilin təhvil aktından görünür ki, «xxxxxxxxxxxxxxx» MTK Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən 3-cü binanın, 1-ci blokun 12-ci mərtəbəsində, 2 otaqlı, 99 nömrəli mənzili xx.xx.2018-ci ildə alıcı İddiaçı istifadəsinə verdi, alıcı isə təhvil aldı. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 350 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 99 nömrəli mənzili alıcı X1. Müqavilə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********35 saylı məktubda qeyd edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 99 nömrəli mənzil qeydiyyata alınmışdır. Lakin, həmin mənzil xx.xx.2018-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür; 53.1, 53.1.3-cı maddələrinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli 0309 saylı əmrinə əsasən Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 157-ci maddəsinin «b» bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İddiaçının adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 99 nömrəli mənzil qeydiyyata alınmışdır. Qeyd olunan mənzil xx.xx.2018-ci il tarixdə alqısatqı və ipoteka müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. İddiaçı isə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə 5 ildən çox vaxt keçməmiş xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Eyni zamanda, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İş materiallarından isə görünür ki, iddiaçı xx.xx.1999cu il tarixdən xx.xx.2008-ci il tarixədək, 15 ildən az müddət həqiqi hərbi xidmət keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar