Məhkəmə qərarları › İş №2-1(112)-6282/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6282/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6282/2021 22.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı 15 aprel 2019-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1958-cu ildə anadan olmuşdur və 15 aprel 2019-cı il tarixindən 61 yaşından yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh Filiala müraciət etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan 10 aprel 2021- cu il tarixli imtina məktubunda bildirir ki, təqdim etdiyi 29.08.1979-cu il tarixli İT-1 N-li ******* saylı əmək kitabçasına əsasən ümumi iş stajı onun 01.01.2006-cı il tarixədək sığorta stajı 24 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh inzibati orqanın bu imtinası qanunsuz və əsassız hesab edir. Belə ki, əmək fəaliyyətinə 1 nömrəli Tikiş Fabrikində 1-ci dərəcəli dərzi kimi başlamışdır. Həmin fabrikdə 23.04.1976-cı ildən 15.06.1981-ci ilə kimi işləmişdir – 3 il 10 ay 22 gün; 01.08.1985-ci ildən 28.10.1987-ci illərdə 155 saylı orta məktəbdə xadimə işləmişdir- 2 il 02 ay 28 gün; 02.11.1987-ci ildən 04.01.1994-cü illərdə Bakı 2 nömrəli Ayaqqabı Fabrikinin 7 nömrəli sexində xadimə işləmişdir – 6 il 11 ay 2 gün; 04.04.1994-cü ildən 29.12.2000-ci il illərdə 2 nömrəli X1 Nizami rayonu 2 dərəcəli bağ fəhləsi işləmişdir – 6 il 8 ay 25 gün; 15.02.2001-ci ildən 04.11.2006-cı ilə kimi Səbinə Kooperativində xadimə işləmişdir – 5 il 8 ay 19 gün. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərinə əsasən uşaqları – 15 iyun 1980-cı il təvəllüdlü X3 və 27 fevral 1982-ci il təvəllüdlü X2 3 yaşınadək qulluq etmişdir. uşaqlarına 3 yaşına çatanadək göstərdiyi qulluq müddəti üst-üstə ona 3 il iş stajl hesab olunur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının və uşaqlarının doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətlərinə əsasən ümumi stajı 28 il 06 ay 06 gün təşkil edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı cavabdeh Filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun 01.01.2006-cı il tarixədək sığorta stajının 24 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) az olduğu, eyni zamanda 01.01.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin (e) bəndinə istinad edərək uşaqlarına 3 yaşına çatanadək qulluq etdiyi müddətin 3 il staj kimi müəyyən edilərək hesablanmasını qeyd etmişdir. Həmin maddənin göstərilən bəndinə əsasən, iş stajına daxil edilən digər dövrlərə işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) daxil edilmişdir. Lakin qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə idi. Həmin Qanunun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərini nəzərdə tutan 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən sığortaolunan kimi aşkarlanmadığı aşkar edilmişdir. 01.01.2006-cı il tarixdən 04.11.2006-cı il tarixədək “Səbuhi” kooperativində işlədiyi dövr üzrə heç bir sosial sığorta ödənişləri edilmədiyi və məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat aşkar olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun deyil. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. - Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 819 №-li, 03.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, döngə 162 №-li evdə qeydiyyatdadır. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 23.07.1976-cı il tarixli, 278 №-li attestatdan görünür ki, X6 93 №-li peşə məktəbində 01.09.1975-ci ildən 20.07.1976-cı ilə qədər təhsil almışdır (10 ay 20 gün). - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı daxil olarkən ümumi stajı 93 №-li TM təhsil müddətidir. 23.07.1976-cı ildən 15.06.1981-ci ilə qədər 1 №-li tikiş fabrikində 1-ci dərəcəli dərzi (04 il 10 ay 23 gün), 01.08.1985-ci ildən 28.10.1987-ci ilə qədər 155 №-li orta məktəbdə xadimə (02 il 2 ay 28 gün), 02.11.1987-ci ildən 04.07.1994cü ilə qədər 7 №-li sexdə xadimə (06 il 08 ay 3 gün), 04.04.1994-cü ildən 29.12.2000-ci ilə qədər 2 №-li sexdə işçi (06 il 08 ay 26 gün), 15.02.2001-ci ildən 04.11.2006-cı ilə qədər Səbuhi kooperativində xadimə (05 il 08 ay 20 gün) vəzifələrində işləmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********2 №-li, 10.04.2021-ci il tarixli məktubdan görünür ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən ona 01.11.2015-ci il tarixindən yaşa görə müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 29.08.1979-cu il tarixində tərtib edilmiş l/İT-l № ******* saylı əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixinədək sığorta stajı 24 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.0.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.10.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. - 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının 01.09.1975-ci ildən 20.07.1976-cı ilədək 93 №-li peşə məktəbində təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 61 il yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsil müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək artıq 25 il 09 ay 27 gün ümumi iş stajı mövcuddur. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı 25 ildən artıq (25 il 09 ay 27 gün) sığorta stajına malik olduğu halda ona 61 yaş tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 61 yaş tamam olduğu dövrdən, yəni 15.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı 64 yaş tamam olduğu dövrdən, yəni 15.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar