Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6283/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2009-cu il tarixdən ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra cavabdeh) iddiaçıya ünvanlanmış inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “...sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı xx.xx.2011ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X1 qərarlarını, X1 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tətəblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 12 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir.” Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3- 63867/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdə təyin edilmiş əmək pensiyası “İnventar. Hüququ 50 yaşdan 52 yaşa çəkildi. xx.xx.2020-dən artıqvermə.” səbəbi ilə yenidən hesablanmışdır. Yenidən hesablanma nəticəsində iddiaçının əmək pensiyasının məbləği 1785.35 manatdan 616 manata salınmışdır. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının barəsində olan əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi; əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması; güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi vasitəsilə) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3- 63867/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması nəticəsində tutulmuş məbləği geri qaytarmaqla əvvəlki məbləğin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuşdur. xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Ermənistan Respublikasının Sisyan rayonunda yerləşən toxumçuluq sovxozunda fəhlə işləmişdir. xx.xx.1977-xx.xx.1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979xx.xx.1980-cı illərdə sovxozda çilingər işləmişdir. xx.xx.1980-xx.xx.1981-ci illərdə Bakı şəhəri 20 nömrəli texniki peşə məktəbində qazmaçı köməkçisi peşəsində oxumuşdur. xx.xx.1981-xx.xx.2015-ci il tarixinədək dənizdə neftçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə işlədiyinə görə xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. 2023-cü ilin dekabr ayı da daxil olmaqla güzəştli şərtlərlə təyin edilmiş pensiyanı (1785 manat) almışdır. 2023-cü ilin dekabr ayının 5-də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəvət olunmuşdur. Orada ona bildirmişdir ki, yaş həddi artırıldığına görə sənə 52 yaşın tamam olduğu xx.xx.2011-ci il tarixdən güzsəştli şərtlərlə pensiya təyin olunmalı olduğu halda 50 yaşın tamamlandığı xx.xx.2009-cu il tarixdən təyin olunmuşdur. O, narazılığını bildirmiş, mülahizələrini dinlədikdən sonra akt tərtib etmiş, həmin akta Mərkəzi filialın direktor müavini cənab E.Qurbanov, filialın monitorinq şöbəsinin baş mütəxəsisi cənab N.Aslanova və maraqlı şəxs olaraq imza atmışdır. Həmin aktda da qeyd etmişdir ki, qərarla razı deyil. Bundan sonra aldığı pensiya məbləği azaldılmış və pensiyadan onun razılığı və məhkəmə qərarı olmadan qanunsuz olaraq tutmalar həyata keçirilməyə başlanılmışdır. Hazırda 722 manat pensiya alır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək qanunsuz tutmalara son qoyulması və pensiya ödənişinin tam bərpa edilməsini xahiş etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə bundan imtina ediblər. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, 23 sentyabr 1992-ci il tarixdən 2006-cı ilin 01 yanvar tarixinədək qüvvədə olmuş “Vətnadaşların pensiya təminatı haqqında” Qanun tələbinə görə 50 yaşından güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququm olmuşdur. Həmin Qanunun tələbinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxarılmışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələbinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respubliasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahı üzrə siyahı üzrə kişilər 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqdqa və azı 15 il iş stajı olduqda bu müddətin 7 il 6 ayını həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respubliası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə: kişilər-55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin 10 ilini həmin işlərdə çalışarsa. Tələbinin faktiki hallarından göründüyü kimi xx.xx.1959-cu il tarixdə doğulmuşdur. 1972-2015-ci illər ərzində fasiləsiz olaraq 43 il ümumi iş stajı varıdr. Ondan xx.xx.2006-cı ilədək 24 il xüsusi, 34 il ümumi iş stajı olmuşdur. Demək, 50 yaşı (nə vaxt tamam olmasından asılı olmayaraq) xx.xx.2009-cu ilidə tamam olduğundan həmin tarixdən pensiya hüququna malik olmuş, pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablanma əsasında pensiya məbləğinin yüksək olması pensiyamın azaldılmasına əsas ola bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsi məbləği əmək pensiyasından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığ olmadıqda məhkəmə qaydasında tutulur. O, belə bir razılıq verməmiş və bununla bağlı məhkəmə qərarı da qəbul edilməmişdir. Belə olan halda cavabdehin əmək pensiyasının yenidən hesablanması və ondan tutmalar həyata keçirilməsi haqqında qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 1 №-li Siyahı üzrə 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Bildirilir ki, araşdırma zamanı, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşın tamamlandığı xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006- cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, İddiaçı əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: İş materiallarına əsasən, 1 yanvar 2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 32 il 10 ay 3 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 38,77 manat (32,84 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixə indeksləşdirilib 63,51 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 8768,16 manat sığorta kapitalına uyğun 60.89 (8768.16:144) manat və 85 baza hissəsi əlavə edilərək xx.xx.2011ci il tarixə 209,40 manat (63,51+60,89+85) (indeksləşdirilərək xx.xx.2012-ci il tarixinə 219,22 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2023-cü il tarixə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2012-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə o işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4541,25 manat sığorta kapitalına əsasən qanuni əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4541,25 : 125 ay (144 ay19 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=36,33 manat) həmin tarixdən yenidən hesablanaraq 219,22 manatdan 255,55 manata (219,22+36,33) (indeksləşdirilməklə xx.xx.2015-ci il tarixə 279,04 manat) artırılıb. Bundan başqa, xx.xx.2015-ci il tarixdə yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3037,07 manat sığorta kapitalına əsasən qanuni əmək pensiyası (3037,07 : 97 ay (144 ay- 47 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=31,31 manat) həmin tarixdən yenidən hesablanaraq 279,04 manatdan 310,35 manata (279,04+31,31) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixə 616,00 manat) artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə İddiaçı 37872,44 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmçinin, xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2452,07 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 73 aya (65 il - 64 il 11 ay = 1 ay + (144 ay - 72 ay)) bölünməklə 33,59 manat (2452,07/73) qanuni əmək pensiyasının (616,00 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 649,59 manata (33,59+616,00) artırılıb. Bununla əlaqədar, keçmiş müddət üçün ödənilməli olan 367,87 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya artıq ödənilmiş 37872,44 manat pul vəsaitindən ödənilməli olan 367,87 manat pul vəsaiti çıxılaraq qalıq artıq ödənilmiş pul vəsaiti 37504,57 manat təşkil edir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edirik. Əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 722,35 manat təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati orqan İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş sosial yardım məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında", “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət əmək pensiyasının təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət əmək pensiyasınının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. Beləliklə, Mərkəzi Filial tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Qeyd edirik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar və ya iddia müddəti ötürüldüyündən iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia olmaqla mümkünlük şərtlərinə cavab verir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: xx.xx.1997-ci ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; xx.xx.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-63867/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarla iddiaçıya 50 yaşdan təyin edilmiş əmək pensiyasını 50 yaşdan 52 yaşa çəkərək yenidən hesablamışdır. Hazırkı iddia ilə iddiaçı cavabdehin həmin əlverişsiz inzibati aktını mübahisələndirir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə hüququn tətbiqi ilə bağlı məsələyə, yəni onun pensiya hüququnun 50, yoxsa 52 yaşdan yaranması ilə əlaqədar məsələyə aiddir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 15 il sonra, yəni xx.xx.2023-cü il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanunun 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə materiallardan və işin araşdırılmış hallarından qeyd olunan qanunun 67.6-cı maddəsində maddələrində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, 2-1(102)-1727/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarının (50 yaşdan təyin edilmiş əmək pensiyasının 52 yaşa çəkilməsi) inzibati icraat haqqında qanunvericiliyin normalarının pozulması ilə qəbul edilməsi işin məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından, həmin qərarla iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması nəticəsində tutulmuş məbləğ geri qaytarılmaqla əvvəlki məbləğin bərpa edilməsi vəzifəsi də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- 17-1/3-3-63867/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin, əmək pensiyasının yenidən hesablanması nəticəsində tutulmuş məbləğ geri qaytarılmaqla əvvəlki məbləğin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-6283/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6283/2025
24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver