Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6284/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil2, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi 12 A ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum mərhum atası X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsi və Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilmişdirlər.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar massivi 12 A ünvanında yerləşən torpaq sahəsinə çıxarışın verilməsi üçün müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən təqdim edilən sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilmədiyi göstərilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi, 12 A ünvanında yerləşən torpaq sahəsinə dair bütün sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsinə baxmayaraq ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin çıxarış verilməsində imtinası əsassızdır. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi 12 A ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının mərhum atası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması zərurəti yaranmışdır.
4. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, təqdim edilən sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir.
5. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində omaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan Əməliyyat Şirkətinin) istifadəsinə verilmiş ərazidə yerləşir. Sahənin Bələdiyyə ərazisi olması barəsində elektron bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır.
6. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iddia ərizəsinə dair etirazında qeyd etmişir ki, mübahisəli torpaq "Qobustan Əməliyyat Şirkəti”nin istifadəsinə verilmiş ərazi daxilində yerləşir. Belə ki, həmin sahə Azərbaycan Respublikası Cənub- Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirlli», «Şeytanud «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», Hacıvəli», «Turağay», «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Komon Limited, X7 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir. Hal-hazırda isə SOCAR-ın istifadəsində olan sənaye təyinatlı ərazilərin hüdudunda yerləşir. Qobustan Əməliyyat Şirkəti hazırda ləğv edilmiş olsa da, qüvvəsini almış və hazırda qüvvədədir. Həmçinin Saziş üzrə Qobuştan Əməliyyat Şirkətinin ərazilərinin Azneft istehsalat Birliyinə ötürülməsi prosesi gedir. Bundan başqa, Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərin ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə verilməsi həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradır, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməməsinə gətirib çıxarır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişlə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Ələt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/1 saylı qərarı da bu qüvvədən düşmüşdür. Hesab edirik ki, təhlükə potensiallı obyektlərin ərazisi, əhalinin, təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması baxımından sənaye və dövlət əhəmiyyətli sahələr olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Ələt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/1 saylı qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Yuxarıda qeyd olunanları rəhbər tutaraq iddianın rədd edilməsini xahiş etmişdir.
7. Qaradağ rayon Ələt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/1 saylı protokolundan olan çıxarışına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m. torpaq sahəsinin X3 X5 tərəfindən Ələt bələdiyyə ərazisində torpaq sahəsinin ayrılması qərara alınmışdır.
8. Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Ələt bələdiyyə ərazisində 600 kv.m. torpaq sahəsi xx.xx.2007-ci il tarixli 12/1 saylı qərarı əsasında 768 manata X1.
9. 09.10.2023-cü il tarixli AZ-İİ seriyalı 380562 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
10. Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli 698 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. maddəsinə əsasən xx.xx.2017-ci ildə ölmüş X2 birinci növbədə vərəsəsi olan qızı-İddiaçı müraciətinə əsasən Bakı şəhəri, 44 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.1- 1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum - X3 məxsus olan Bakı şəhəri, Ələt qəsəbəsi, Şıxlar massivi, 12A ünvanında yerləşən torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim etmiş şəxs vasitəsilə Bakı şəhəri 44 saylı notariat ofisinə göndərilməsi xahiş edilir.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 21494/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ümumi ərazisi 0.12876 ha olan hasar daxilindədir. Üzərində birmətəbəli yaşayış evi və köməkçi tikililər var. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontakt ərazisidir (Qobustan ƏŞ).
12. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16/2-4281/2024 nömrəli Qaradağ rayonu Ələt bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/1 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Qaradağ rayon Ələt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/1 saylı protokolundan çıxarışına əsasən, fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m. torpaq sahəsinin X3 ayrılması qərara alınmışdır, həmin şəxs isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 44 saylı Notariat Ofisi tərəfindən cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edilmişdir.
23. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
29. Məhkəmə qeyd edir ki, Qaradağ rayon Ələt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12/1 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin iş materiallarında mövcud olmasına baxmayaraq, torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmaması səbəbindən sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.
30. Bununla yanaşı məhkəmə araşdırması zamanı elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsinin ARDNŞ-nin adına verilmiş kadastr planının baza məlumatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
31. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi" barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanında qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır.
34. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa əsasən neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.
35. Məhkəmə qeyd edir ki, təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva