Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6288/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı oğlunun Cavabdehnə qarşı adın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlunun Cavabdehnə qarşı adın dəyişdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, 2012-ci il təvəllüdlü Seyidağa adı keçmiş ərinin atasının adıdır. Uşağa ad onun razılığı olmadan verilmişdir. Lakin hər kəs övladına Səid deyə müraciət edir. Uşağın adının dəyişdirilməsi ilə bağlı üçüncü şəxslə aramızda razılıq əldə edilə bilmədiyindən cavabdeh atanın uşağın adının dəyişdirilməsinə razılıq ərizəsinin olacağı təqdirdə məsələyə baxıla biləcəyini qeyd etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmədiyindən, belə ki, ailə hüququnun müdafiəsi ilə əlaqədar yaranmış hüquq münasibəti publiklik əlamətlərini daşımadığından hazırkı iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz. Belə ki, xüsusi hüququn başlıca sahəsi olan mülki hüquq qeyri-ticarət dövriyyəsinin müstəqil subyektləri arasındakı əmlak münasibətləri ilə yanaşı ailə münasibətlərini və bəzi şəxsi hüquqları tənzimləyən normaları da özündə birləşdirir. Bu baxımdan ailə hüququ müstəqil hüquq sahəsi, yaxud da mülki hüququn yarımsahələrindən biri kimi xüsusi hüquqa aid edilir. Digər tərəfdən ailə hüququnun xüsusi hüquq sahəsinə aid olmasına baxmayaraq bu çərçivədə yaranan bəzi münasibətlərə dövlətin müdaxiləsinin şahidi oluruq ki, belə müdaxilələr ərin, arvadın və ya yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsi məqsədi güddüyündən, hətta bəzən zəruri xarakter daşıdığından sırf buna istinadən ailə münasibətlərindən doğan hüquqi tənzimetməni ümumi (publik) hüquq sahəsinə aid etmək hüquqi tənzimetmənin məzmununa ziddir. Eləcə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının son məqsədi xüsusi hüququn mühüm sahələrindən biri olan ailə hüququnun Ailədə uşaqların hüquqları (Ailə Məcəlləsi 11 Fəsil) institutunun qanunvericiliklə tənzimlənən təzahürlərinin prosessual baxımdan gerçəkləşdirilməsi olmuşdur. Belə olan halda bu növ iddialara inzibati məhkəmə icraatı çərçivəsində baxılması prosessual qənaət prinsipi baxımından da əlverişsiz olacaqdır. Ailə Məcəlləsinin 54.1-ci maddəsi ilə müəyyən edilmiş, uşağın adının dəyişdirilməsinin prosedur qaydasının həyata keçirilməsi ilə bağlı mübahisələrin iki məhkəmə icraatı (inzibati və mülki) qaydasında həyata keçirilməsi mübahisənin tərəflərinin hüquqi vəziyyətinə, onlar arasındakı münasibətlərin hüquqi nizamasalma predmetinə ziddir. Belə ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, eyni növ mübahisə olmasa da oxşar mübahisə kimi kimi qəyyumluğa verilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi 18.07.2018-ci il tarixli 2-411 nömrəli İcmal məktubunda da analoji mövqedən çıxış edilmişdir. İcmal məktubunun məzmunundan da aydın olur ki , uşağın qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Göründüyü kimi oxşar münasibətlərdə hazırkı növ işlərə mülki mühakimə icraatı qaydasında baxılması inzibati və mülki işlər üzrə məhkəmə təcrübəsinin formalaşdırılması baxımından məqsəduyğun hesab edilmişdir. Məhkəmə isə uşağın adının dəyişdirilməsi ilə bağlı məhkəmə mübahisələri ilə , uşağın qəyyumluğa verilməsi növ məhkəmə mübahisələri arasında mübahisənin inzibati məhkəmə icraatı qaydasında həll edilməsinin mümkünsüzlüyü baxımından heç bir fərq görmur və başlıca oxşar əlamət kimi aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunur ki, uşağın ad və soyadının dəyişdirilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11-ci fəslində “Ailədə uşaqların hüquqları” adı altında təsbit edilmişdir. Uşağın qəyyumluğa verilməsi ilə bağlı müddəalar da, həmin Məcəllədə 20-fəsildə “Uşaqlar üzərində qəyyumluq və himayə” adı altında göstərilmişdir. Göründüyü kimi mübahisənin ailə qanunvericiliyinin tənzimləmə predmetinə daxil olan hüquq münasibətlərindən irəli gəlib, ümumi (publik) hüquq münasibətləri ilə bağlılığının olmaması Ailə Məcəlləsinin tələblərindən aydın olur. Məhkəmə, həmçinin hesab edir ki, inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hazırkı məhkəmə mübahisəsində xüsusi hüququn subyekti qismində iştirak edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ hissəsinin 1-ci bəndinə müvafiq olaraq inzibati orqan kimi yerli icra hakimiyyəti orqanı hesab edilsə də, mübahisəyə səbəb olan hərəkət və hərəkətsizliyinin publik hüquqdan irəli gəlməsi də işə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.1.İnzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. 2.0.2. İnzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Göründüyü kimi inzibati orqan tərəfindən qəbul edilən qərar,sərəncam ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiri xarakterinə malik olmalıdır ki, Ailə Məcəlləsinin 54.2-ci maddəsi isə yerli icra hakimiyyəti orqanının qərar qəbul etmək imkanını ailə hüququnun subyektlərinin iradə ifadəsindən asılı etmişdir. Adıçəkilən maddənin tələbinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Beləliklə, uşaqdan ayrı yaşayan valideynin rəyi nəzərə alınmadan inzibati orqan tərəfindən hər hansı qərarın qəbul edilməsindən söhbət gedə bilməz, bu isə inzibati orqanın iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyətini istisna etdiyindən onun hakimiyyət tədbiri xarakteri ilə uyğunluq təşkil etmir. Belə ki, hakimiyyət tədbiri üçün başlıca əlamətlərdən biri kimi qərarın məcburiliyi müəyyən edilmir. Bu isə inzibati orqanın xüsusi hüququn subyekti kimi çıxış etməsi nəticəsinə gəlinməsi üçün əsas yaradır və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı X1 3.1-ci bəndinin tələblərini bir daha qeyd etməyi zəruri hesab edir . Adıçəkilən bənddən də görünür ki, mübahisənin ümumi hüquq sahəsinə aid olması üçün inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi mümkün olmalıdır ki, yerli icra hakimiyyəti orqanının qeyd olunan hakimiyyət səlahiyyətini tətbiq etməsi Ailə Məcəlləsinin 54.2-ci maddəsi ilə istisna edilmişdir. Qeyd olunur ki, iddia ərizəsində qeyd olunanlar, o cümlədən məhkəmə sorğusuna əsasən əldə edilmiş üçüncü şəxs uşağın atası Z.Ağayevin izahatı və iddiaçının cavabdehə müraciət ərizəsi ilə də məhkəmənin iddianın mümkün sayılmaması ilə bağlı nəticəsinə gəlinməsini işin faktiki halları baxımından təsdiq edir. Həm iddia ərizəsindən, həm izahatdan, həm də ərizədən müəyyən edilir ki, mübahisənin yaranma əsası Z.Ağayevin uşağın adının dəyişdirilməsinə etiraz etməsi, onun adının saxlanılması ilə əlaqədardır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəmə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-6288/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6288/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver