Məhkəmə qərarları › İş №2-1(112)-6288/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6288/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6288/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahsına daxil edilmə” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı dövlət vəsaiti hesabına daimi yaşayış mənzili ilə təmin edilməsi barədə müraciətinə Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi əsas gətirilərək imtina cavabı verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasın Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun dövlət vəsaiti hesabına daimi yaşayış mənzili ilə təmin edilməsi və eyni zamanda məni yenidən güzəştli mənzil növbəsinə daxil olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və cavabdeh Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiаçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, adının mənzillə təmin edilməli hərbi qulluqçular siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı, ehtiyatda olan hərbi qulluqçu, baş miçman-İddiaçı, Azərbaycan Respublikası Prezidentinin əmri ilə xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikasının Silahlı X1 müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən xx.xx.2001-ci il tarixində ehtiyata buraxılmışdır. xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin N sayı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır. Xidməti dövründə 20 il qüsursuz xidmət medalı ilə təltif olunmuşdur. «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Komandanının xx.xx.2021-ci il tarixli 06 gm №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin bütün bunlara baxmayaraq, hələ də dövlət vəsaiti hesabına mənzil ilə təmin edilməmişdir. Üstəlik, daxil edildiyi mənzil növbəsindən də qanunsuz olaraq çıxarılmışdır. Belə ki, ehtiyata buraxıldıqdan sonra qanunvericiliyə uyğun olaraq, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, xx.xx.2021-ci il tarixindən etibarən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır və ehtiyatda olan baş miçman kimi güzəştli mənzil növbəsinə daxil edilmışdir. Lakin 2022-ci il may ayında Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən ona zəng edib bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci tarixli 1476 nömrəli Fərmanına əsasən, «silahlı qüvvələrdə» sözləri «Azərbaycan Ordusunda» sözləri ilə əvəz edilmişdir və buna görə də Sərhəd Qoşunlarında xidmət etdiyi dövr onun 20 illik qüsursuz xidmət dövrünə daxil edilmir. Bu səbəbdən onu mənzil növbəsindən çıxarıblar. Halbuki, həmin fərman artıq o, ordu sıralarından ehtiyata buraxıldıqdan sonra çıxarılmış və qüvvəyə minmişdir. Bundan əlavə, söz birləşməsinin dəyişməsi onun mahiyyətini dəyişmir və onun silahlı qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusunda qüsursuz xidmət etməyi faktına əsla dəlalət etmir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Azərbaycan Ordusunda 20 il təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi məsələsini tənzim edir. İddiaçı Azərbaycan Ordusunda 20 təqvim ilindən az yəni, 08 fevral 2002-03 iyul 2021, 19 il 04 ay 25 gün xidmət etmişdir. Beləliklə də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən iddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ili xidmətə malik deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon İcra Hakimiyyəti başçısının 324 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından çıxırışın surətindən görünür ki, İddiaçı 3 nəfər (özü, arvadı,qızı) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınması və ehtiyatda olan baş miçman kimi güzəştli mənzil növbəsinə daxil edilməsi qərara alınmışdır. Vəsiqələrin surətlərindən görünür ki: Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 061t nömrəli, xx.xx.2008-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)" yubiley medalı ilə təltif edilmişdir. Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 047t nömrəli, xx.xx.2012-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilmişdir. Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0100t nömrəli, xx.xx.2013-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif edilmişdir. Miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif edilmişdir. Gizir rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0168t nömrəli, xx.xx.2018-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Baş miçman rütbəli İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 091t nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş : Hərbi Dəniz Qüvvələrinin Komandanının xx.xx.2021-ci il tarixli 06 gm №-li əmrindən çıxarışdan görünür ki, baş miçman İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi qulluqçunun xidmət illərinin hesablanması barədə cədvəldən görünür ki, baş miçman İddiaçı xidmət müddəti 20 il 09 ay olmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının silahlı qüvvələrdə həqiqi hərbi xidməti xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı hazırda 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında” Əsasnamə Bənd İ. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamə Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnaməsi 1.”Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.

2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi: Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı 08 fevral 2002-03 iyul 2021, 19 il 04 ay 25 gün Azərbaycan Ordusunda xidmət etmişdir. Hərbi Dəniz Qüvvələrinin (HDQ) Komandanının xx.xx.2021-ci il tarixli 06 gm №-li əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Cavabdeh tərəfindən mübahisə edilən yeganə məsələ iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrdə silahlı qüvvələrdə (Sərhəd Qoşunlarında) keçdiyi həqiqi hərbi xidmətin sözügedən fərmana edilmiş dəyişikliyə əsasən onun 20 illik qüsursuz xidmət dövrünə daxil edilməməsidir. Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının ““silahlı qüvvələrdə” sözlərinin “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilməsi” hissəsinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı imtinanın (etirazın) dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) və 164-cü maddəsinin müvafiq bəndinə uyğun olaraq (Hərbi geyim formasını daşımaq hüququ verilməklə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, silahlı qüvvələrdə xidmət müddətinin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanla qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Ali Məhkəmənin 2-1(102)-357/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xidmətinin 20 ilindən sonra Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif edilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar