Məhkəmə qərarları › İş №2-1(112)-6290/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6290/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6290/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, 8-ci km qəsəbəsi, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllədə, mənzil 40, blok 4, mərtəbə 4, sahəsi 29,7 kv.m olan 2 otaqlı evə mülkiyyət hüququnun tanınması və adına çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, atası X14 müharibə iştirakçısı və İİİ qrup əlil idi. 13.12.2019-cu il tarixdə vəfat etmişdir. Atası "xxxx" ASC-nin Tikinti Hissələri zavodunda işləyərkən ona növbə əsasında Bakı şəhəri, 8-ci km qəsəbəsi, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllədə mənzil 40, blok 4, mərtəbə 4, sahəsi 29,7 kv.m olan 2 otaqlı ev verilmişdir. Hazırda həmin evdə 2002-ci ildən bütün ailə üzvləri yaşayır və məhkəmənin qərarı əsasında qeydiyyata alınıbkar. Lakin buna baxmayaraq, həmin mənzilə aid heç bir mülkiyyətə dair sənəd əldə edə bilməyiblər. Hesab edir ki, cavabdeh orqan tərəfindən hüquqlarını pozulmuşdur.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən 08.04.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Aparılan araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, 5 saylı evin, 88 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X8 adına 21.12.1990-cı il tarixində qeydiyyata alındığı məlum olmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilmişdir.

5. Xətai rayon İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən iddiaçıya ünvanlanmış 05.11.2020-ci il tarixli məktubda bildirilmir ki, iddiaçının yaşadığı mənzilə order verilməsi məsələsi barəsində müraciətinə Xətai rayon İcra Hakimiyyətində baxilmışdır. Müraciətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə orderin verilməsinə dair göstəriş verilməsini xahiş edir. Bildirilmişdir ki, 2009-cu ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə mənzillərə orderin verilməsi dayandırılmışdır.

6. "Azərnəqliyyntyoltikinti" ATSC "Tikinti hissələri" zavodu müdüriyyətin və Həmkarlar Təşkilatının birgə iclası 7 saylı protokolundan 14.11.2001-ci il tarixli çıxarışa əsasən, Bakl şəhəri 8-cı km qəsəbəsi Naxçıvan küçəsi 2383-2387-ci məhəllə mənzil 40 blok 4 mərtəbə 4 sahəsi 29,7 kv m 2(iki) otaqlı mənzilə güzəştli siyahıda birinci olan X9 təqdim edilir. Ailə tərkibi 6(altı) nəfər: X21 oglu - ozu - 1960 Babayeva təna Camalxan qızı - yoldaşı - 1967 Sultanova Aidə Nəbi qızı - qızı -1988 Sultanova Röya Nəbi qızı - qızı -1989 Sultanova Səfa Nəbi qızı - qızı -1991 X15 oglu - oglu -1997 Xətai rayon icra hakimiyyətindən xahiş edilmişdir ki, qərarın təsdiq və orderin yazılması üçün göstəriş verilsin.

7. "Azərnəqliyyatyollikinti" ATSC-nin Xətai rayon icra hakimiyyətinə 02.09.2005-ci il tarixli müraciətində struktur tərkibinə daxil olan "Tikinti Hissələri" zavoduna Cəmiyyətin 185 saylı 10 oktyabr 2001 il tarixli məktubu ilə, Bakı şəhəri, 8km qəsəbəsi, Naxçıvan küçəsi 2383-2387-ci məhəllədə 5 (beş) ədəd mənzil ayrıldığı bildirilir. Zavod rəhbərliyi və Həmkarlar təşkilatı özünün 14 noyabr 2001-ci il 7 saylı protokolu ilə mənzillərin bölgüsü aparmış və müvafiq sənədlər Xətai rayon İcra Hakimiyyətinin mənzil şöbəsinə təqdim edilmişdir. Lakin "Tikinti Hissələri" zavodunun mənzil almış aşağıda göstərilən işçilərindən: X1 4 otaqlı, mənzil 15 X11 - 3 otaqlı, mənzil 25 X4 2 otaqlı, mənzil 31 X14 2 otaqlı, mənzil 40 X3 1 otaqlı, mənzil 38 order verilməsi üçün tələb edilən sənədlərin, mənzil şöbəsinə təqdim edilməməsi nəticəsində, onlar order ala bilməmişlər və göstərilən ünvana qeydiyyata düşə bilməmişlər. "Tikinti Hissələri" zavodunun direktoru və həmkarlar təşkilatının məlumatlarına görə, işçilərin mənzil uçotu sənədləri İcra Hikamiyyətinin mənzil şöbəsində qalmışdır. Hal-hazırda Səhmdar Cəmiyyəti üzrə 2005-ci il üçün mənzil növbəsi siyahıları təsdiq edilməlidir. Bu məqsədlə "Tikinti Hissələri" zavodunun göstərilən işçilərinin mənzil uçot sənədlərinin araşdırılması üçün qaytarılmasını xahiş edilmişdir.

8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.01.2017-ci il tarixli qərarı ilə X8, X2, X5, X6 və İddiaçı ünvan 3 ünvanına qeydiyyata alınması öhdəliyi Nizami rayon polis idarəsinin üzərinə qoyulmuşdur.

9. Məhkəmənin sorğusuna Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Mənzilkooperativ təsərrüfatı idarəsi tərəfindən 20.05.2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, Bakı şəhər üzrə idarə, müəssisə və təşkilatların tərkibində inşa edilmiş yaşayış binalarına orderlərin verilməsi haqqında məlumatı rayon icra hakimiyyəti verir. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 115-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativləri tərəfindən təqdim edilmiş sənədlər əsasında kooperativ binalarda yerləşən mənzillərə orderlər verilirdi. Lakin Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30 iyun 2009-cu il tarixli qanunla təsdiq edilmiş, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş, həmin Mənzil Məcəlləsində orderlərin verilməsi norması nəzərdə tutulmamışdır.

10. Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 10.12.2019-cu il tarixdə vəfat etmişdir.

11. Məhkəmənin hazırlıq icraatı üzrə icraatında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, 5 saylı evin, 88 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X8 adına 21.12.1990-cı il tarixində qeydiyyata alınmış mənzil atası tərəfindən özəlləşdirilmiş mənzildir, lakin həmin mənzil satılıb, hazırda onlara aidiyyəti yoxdur.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic );

26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı)

27. Odur ki, məhkəmə iddiaçının qeyd edilən mənzilə dair “qanuni gözləntisi”nin mövcudluğunu müəyyən etməlidir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunan sənədlər sadalanır. İddiaçı tərəfindən təqdim edilən sənədlər həmin əsaslara uyğun deyildir. Həmin qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanundan: Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

30. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən Bakı şəhəri, 8-ci km qəsəbəsi, Naxçıvanski küçəsi, 2383-2387-ci məhəllədə, mənzil 40, blok 4, mərtəbə 4, sahəsi 29,7 kv.m olan 2 otaqlı evə dair təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, onun həmin mənzilə hüquqlarının qeydə alınması üçün əsas vermir, digər tərəfdən iddiaçının atası X14 mənzil fondunun özəlləşdirilməsi hüququndan vaxtilə artıq istifadə etmişdir.

31. Bununla yanaşı, məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsinin olduğu məkanı bildirir və hər zaman mülkiyyət hüququ ilə eyniləşdirilməməlidir. İddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə qeydiyyatda olmaqla yaşayır. İddiaçının mənzilə mülkiyyət hüququnun tanınmaması (mülkiyyət hüququnun tanınmasına “qanuni gözləntisi” olmadığı üçün) mənzil (toxunulmazlığı) hüququndan məhrum edilməsi kimi qiymətləndirilməməlidir. Bununla bağlı yarana biləcək mübahisə(lər) məhkəmə araşdırmasının predmeti ola bilər.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası ilə iddiaçının qanunla qorunan mənafelərinə xələl gəlməmiş, imtina əsaslı olmuşdur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar