Məhkəmə qərarları › İş №2-1(112)-6290/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6290/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6290/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər üzrə Təhsil İdarəsinə qarşı “müsahibənin nəticələrinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhər üzrə Təhsil İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2018-ci il təvəllüdlü X2 rus bölməsinə 20 dekabr 2024-cü il tarixli şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə dəvət olunmuş iddiaçı barəsində verilmiş nitq bacarığı qeyri-kafi qiymətləndirilməsi barədə müsahibənin nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək oğlu X3 ilə rus bölməsinə qəbulla bağlı 20 dekabr 2024-cü il tarixində cavabdehin əməkdaşları tərəfindən aparılmış şifahi nitq bacarığının yoxlaması barədə müsahibənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il təvəllüdlü oğlu X4 halhazırda Bakı şəhəri, Xətai rayonu, 257 saylı orta məktəbdə 1-ci sinif şagirdidir. Amin xx.xx.2024-cü il tarixdə Bakı şəhər 95 saylı orta məktəbdə rus bölməsi üzrə müsahibədə iştirak etmişdir. xx.xx.2024-cü il tarixdə onun müsahibədən keçmədiyi haqqında SMS gəlmişdir. Bir valideyn kimi o, həmin SMS də göndərilmiş qərarla razı olmadığını bildirmişdir. Ona görə ki, oğluna müsahibədə 15 dəqiqə dayanmadan 28-30 sual verilmişdir. Bu suallardan 4 suala düzgün cavab verməmişdir. Bu müsahibə zamanı Aminin olduğu otaqda çəkilmiş videolardan da aydın görüniir ki, oğlu Amin daxil olmaqla həmin sinifdə 6 yaşlı uşaqlardan sanki buraxılış imtahanı götürülür. Komissiya öz hərəkəti ilə belə bir mənzərə yaratmışdır. Ancaq qarşılarında 6 yaşlı uşaqlar olduğunun fərqində deyildilər. Müsahibə zamanı 15 dəqiqə dayanmadan oğlunu sual cavab atəşinə tutmuşdular. Həmin vaxt o, bir valideyn kimi müsahibə götürən müəllimlərə bildirmişdir ki, oğlu Amin Rusiya Federasiyasında anadan olub, orada yaşayıblar. Rusiyadakı məlum vəziyyətlə bağlı Azərbaycana gəlmişlər. X5 mükəmməl ali təhsil almasını planlaşdırdıqları üçün onun rus sektorunda təhsil almasına maraqlıdırlar. Amindən iki yaş böyük oğlu X6 da həmin orta məktəbin rus bölməsi üzrə 3-cü sinifdə oxuyur. Oğlunun güya danışığında rus dilinə uyğunsuzluq müşahidə olunduğu üçün onlara tövsiyə etmişlər ki, uşaq Azərbaycan sektorunda təhsil alsın. Ancaq o, həmin ali təhsilli müəllimlərə başa sala bilməyib ki, bu uşaq 5 yaşından sonra danışmağa başlayıb. O, Rusiyada doğulub, digər qardaşı Rus sektorunda oxuyur, onlar müvəqqəti Azərbaycana qayıdıblar. Belə ki, Amin rus dilində oxumağa daha meyillidir, nəin ki, Azərbaycan bölməsində. Uşaq Rusiyada anadan olub, bağçaya rus bölməsinə gedib, övladlarının Rusiyada təhsil alıb Azərbaycana öz xidmətlərini vermək fikrindədir. O, bir valideyn kimi Aminin haqsız yerə müsahibədən keçirilmədiyi üçün həmin müsahibədən apellyasiya vermiş, xx.xx.2024-cü il tarixdə saat 17:00-da araşdırma aparılmış, yenə müəllimlərin müsahibəsində verdikləri qərarı qüvvədə saxlamışlar. Həmçinin mövcud iş üzrə məhkəmə tərəfindən qərar çıxarılaraq iddia qismən təmin edilmişdir. Məhkəmənin qərarı ilə cavabdehin X4 ilə keçirilmiş xx.xx.2024-cü il tarixli müsahibənin nəticəsinin mənfi hesab edilməsi barədə yekub qərarı ləğv edilmişdir. İddiaçı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu, 257 saylı orta məktəbin rus bölməsi üzrə birinci sinifə qəbul olunması üçün rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, işə artıq bir dəfə baxıldığından iddianın mümkün sayılmamalıdır. Həmçinin uşaq imtahan vaxtı əzbərlənmiş cümlələrlə cavab vermişdir. Uşaqla aparılmış müsahibənin yazıldığı videodisk texniki səbəblərdən hazırda mövcud deyildir. Bu səbəbdən müsahibənin videoyazısının məhkəməyə təqdim edilməsi mümkün deyildir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. AA5309858 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti, Taqanroq şəhəri doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11934/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin X4 ilə keçirilmiş xx.xx.2024-cü il tarixli müsahibənin nəticəsinin mənfi hesab edilməsi barədə yekun qərarının ləğv edilməsi, İddiaçı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 Bakı şəhəri Xətai rayonu 257 saylı orta məktəbin rus bölməsi üzrə birinci sinifinə qəbul olunması üçün rus dili üzrə şifahi nitq bacarıqlarının məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qərarın icrası ilə bağlı göndərdiyi cavab məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən övladı X4 üçün 20 dekabr 2024-cü il tarixdə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə dəvət olunmuş və nəticə qeyri-məqbul qiymətləndirilmişdir. Müsahibənin nəticələri haqqında müvafiq məlumat aidiyyəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdehə 07 mart 2025-ci il tarixli və təkrar 24 aprel 2025-ci il tarixli sorğular göndərilərək iş üzrə yaranmış zərurətlə əlaqədar və işin obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə xx.xx.2018-ci il təvəllüdlü X1 rus bölməsinə qəbul üçün götürülmüş müsahibə ilə bağlı materialların (o cümlədən müsahibənin videoyazısının) həmçinin, İddiaçı müraciəti üzrə aparılmış inzibati icraat materiallarının müvafiq qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması xahiş olunmuş, lakin zəruri məlumatlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində X3 ilə rus bölməsinə qəbulla bağlı 20 dekabr 2024-cü il tarixində cavabdehin əməkdaşları tərəfindən aparılmış şifahi nitq bacarığının yoxlaması barədə müsahibənin nəticələrinin ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili Azərbaycan dilidir (7.1.). Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır (7.2.). Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur (7.3.). Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: dövlət; bələdiyyə; özəl (14.2.). Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir (19.1.). Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir (19.4.). İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir (19.9.). İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir (19.10.). Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər (19.11.). Təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək təsilanların hüququdur (32.3.2.). “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 1.2-ci dəndinə əsasən şagirdlərin İ sinifə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəmadi olaraq tədris ili üçün ümumi təhsil müəssisələrinin İ sinifinə şagir qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair əhaliyə təqdim olunan məlumatlarda birbaşa olaraq göstərilir ki, tədris digər dillərdə aparılan birinci siniflərə qəbul müsahibələr əsasında həyata keçirilir. Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunur. Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. Qeyd edilməlidir ki, ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Qeyd edilməlidir ki, iddiaçı artıq eyni tələblə bir dəfə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11934/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin X4 ilə keçirilmiş xx.xx.2024-cü il tarixli müsahibənin nəticəsinin mənfi hesab edilməsi barədə yekun qərarının ləğv edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 Bakı şəhəri Xətai rayonu 257 saylı orta məktəbin rus bölməsi üzrə birinci sinifinə qəbul olunması üçün rus dili üzrə şifahi nitq bacarıqlarının məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin məhkəmə qərarında göstərilmişdir ki, müsahibənin video görüntüsü məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən videogörüntüyə baxış keçirilmiş və həmin görüntülərdə A.Ələkbərovla müsahibə əsnasında ümumiyyətlə Azərbaycan dilində ifadələr işlədilmədiyi, onun tərəfindən bütün suallara reaksiya verilməklə cavablandırıldığı (bəzi hallarda lakonik cavab verməsinə baxmayaraq, görüntülərdə sualları anladığı və cavablandırdığı aşkar olunur) müəyyən edilmişdir. Bundan sonra isə həmin qərara əsasən cavabdeh tərəfindən X4 ilə rus bölməsinə qəbulla bağlı cavabdeh tərəfindən yenidən müsahibə keçirilmiş və təkrarən müsahiobənin nəticələri mənfi hesab edilmişdir. Hazırkı məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinə X4 ilə keçirilmiş müsahibənin videoyazısının əks olunduğu videodiskin məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi videodiskin texniki səbəblərdən mövcud olmadığınıbildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdehin mövqeyinə görə, birinci sinfə şagird qəbulu zamanı digər dildə tədris aparılan bölmə seçildiyi zaman uşağın həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirir. Digər dildə tədris aparılan bölmə üzrə uşaqların birinci siniflərə qəbulu onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqları müvafiq qaydada təşkil edilmiş müsahibə komissiyaları tərəfindən yoxlanılır ki, müsahibə komissiyasının üzvləri də müəllimlərdən ibarət olur. X2 müsahibə nəticəsi isə komissiya üzvləri olan müəllimələr tərəfindən qənaətbəxş hesab olunmamışdır. Bu səbəbdən onun rus bölməsi üzrə deyil, azərbaycan bölməsi üzrə birinci sinifə daxil olması tövsiyə edilmişdir. Mübahisənin daha hərtərəfli və obyektiv araşdırılması üçün cavabdehin nümayəndəsinə müsahibənin videoyazısının məhkəməyə təqdim edilməsi təklif edilsə də, nümayəndə texniki səbəblərdən videodiskin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, həmin hal cavabdehin ziyanına şərh edilməlidir. Belə ki, məhkəmə cavabdehin diskresion səlahiyyətlərini öz üzərinə götürə bilməsə də, cavabdeh iddianın əsassız olduğunu iddia edirsə, bunu sübut etmək vəzifəsi onun üzərində düşür. Yəni, iddianın əsassızlığı ilə məhkəmədə daxili inamın yaranması müsahibənin videoyazısının məhkəmə tərəfindən izlənməsi ilə sıx bağlıdır. İPM-də göstərilmişdir ki, İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (73.2.). Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (73.3.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən X4 ilə keçirilmiş 20 dekabr 2024-cü il tarixli müsahibənin nəticələri ləğv edilməli və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla onunla birinci sinifə rus bölməsinə qəbulla bağlı yenidən müsahibənin keçirilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin X4 ilə keçirilmiş 20 dekabr 2024-cü il tarixli müsahibənin nəticələri ləğv edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla X4 ilə birinci sinifə rus bölməsinə qəbulla bağlı yenidən müsahibənin keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar