Məhkəmə qərarları › İş №2-1(112)-6291/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6291/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6291/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olub, 24 iyul 1882ci ildə Mingəçevir şəhəri 39 nömrəli Texniki Peşə Məktəbinin 4-cü dərəcəli əli elektirik qaynaqçısı ixtisasını bitirib. 1982-1984-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 01.04.1985-ci ildən əmək fəaliyyətinə başlayıb, adına 24 oktyabr 1985-ci il tarixdə əmək kitabçası açılmış və 30.05.1993-cü il tarixədək fasiləsiz olaraq müxtəlif idarə və təşkilatlarda zərərli işlərdə işləyib. 02.06.1993-cü il tarixdən 06.05.1998-ci il tarixədək “Mingəçevir Toxuculuq” Kombinatında əyrici sexində 3-cü dərəcəli çıxarıcı vəzifəsində, 07.05.1998-ci il tarixdən 01.10.2001-ci il tarixədək "xxxx"-də izolyasiya sexində 3-cü dərəcəli izolyatorçu işləyib. 01.10.2001-ci il tarixdə Azərbaycan DRES İzolyasiya sexində 3-cü dərəcəli sarğıçı vəzifəsinə qəbul olunub. 01.11.2001-ci il tarixdə DRES-in İstilik izolyasiyası və hörgü sexində 3-cü dərəcəli istilik izolyatorçusu vəzifəsinə keçirilib. 25.04.2003-cü ildə “Azərenerji" ASC-nin təkmilləşdirilməsi ilə əlaqədar iş yeri dəyişdirilərək, Azərbaycan DRES-sı adlandırlmış və fəaliyyətinə həmin idarədə davam etdirib. 31.08.2009-cu ildə öz ərizəsilə həmin idarədən işdən azad edilib. 01.09.2009-cu il tarixdə "xxxx" MMC-nin X2 Təmiri və saxlama İdarəsinin istilik izolyasiya və hörgü sexində 4-cü dərəcəli izolyatorçu kimi işə qəbul edilib və 05.01.2010-cu il tarixdə həmin işdən azad edilib. 06.01.2010-cu il tarixdə "xxxx" ASC EAT idarəsinin Mingəçevir sahəsinin istilik izolyasiyası, hörgü və Qazan təmizləmə sexinə 4-cü dərəcəli izolyatorçu vəzifəsinə qəbul olunub. 01.10.12-ci il tarixdə Kimyəvi mühafizə, boya və izolyasiya İdarəsinin Mingəçevir İzolyasiya sahəsinə 4-cü dərəcəli izolyaedici keçirilib və 31.07.2013-cü ildə işdən azad olunub. 01.08.2013-cü il tarixdə Azərbaycan İstilik İzolyasiya Turbin avadanlıqları briqadasına 4-cü dərəcəli izolyatorçu vəzifəsinə işə qəbul olunub. 30.06.2020-ci il tarixdə işdən azad olunub. 03.07.2020-ci il tarixdə “Enerjiservistikintitəmirsazlama” Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə 4-cü dərəcəli izolyatorçu vəzifəsinə təyin olunub və 10.03.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, toz, nəmlik, hava hərəkət surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktları mövcud olmuşdur. 01.04.1985-ci il tarixdən 10.03.2021-ci il tarixdək tutduğum vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 35-ci bölməsinə uyğundur. 01.04.1985-ci il tarixdən 10.03.2021-ci il tarixədək işlədiyi 35 ilin demək olar ki, bütün illəri zərərli iş şəraiti olmuşdur. Göstərilən peşələrdə işləməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 35-ci fəslinə əsasən, bilavasitə xüsusi zərərli sahə hesab edilir ona güzəştli şərtlərlə əmək pensiyası hüquq verir. Göründüyü kimi, onun ayrı-ayrı vaxtlarda "xxxx"-nin İzolyasiya sexində Azərbaycan DRES İzolyasiya sexində, "xxxx" MMC-nin X2 Təmiri və saxlama İdarəsinin istilik izolyasiya və hörgü sexində, “Azenco" ASC EAT İdarəsinin Mingəçevir sahəsinin istilik izolyasiyası, hörgü və qazan təmizləmə sexində, kimyəvi mühafizə, boya və izolyasiya İdarəsinin Mingəçevir İzolyasiya sahəsinə “Enerjiservistikintitəmirsazlama" Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsində işləyib. Onun artıq 57 yaşım tamam olmuşdur və pensiya təyin olunma hüququ 57 yaşı tamam olandan və 25 ildən artıq ümumi əmək stajı olduğundan yaranmış və təqdim etdiyi əmək kitabçasından da görünür ki, həmin ümumi stajın 12 il 6 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmışdır. Lakin güzəştli şərtlərlə pensiya almaq huququnun yaranmağına baxmayaraq, ona güzəştli şərtlərlə pensiya təyin olumasına imtina etmişdir.

3. Cavabdehin 08 aprel 2021-ci il tarixli **********6 saylı məktubu ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən (24 il 11 ay) az, güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 10 ay 12 gün) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35490,75 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. Məhkəmənin hazırki iş üzrə 11.06.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin «İddiaçı 57 yaşının tamam olduğu 14 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması» kimi dəyişdirilməsi qəbul edilmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iddiaçı iştirak etmir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddiaya yazılı etirazını təqdim etdi. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iddiaçı iştirak edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. İddiaçının stajına aşağıdakı qeyd edilən dövr daxildir: -İddiaçıya aid diplomunun notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, o, 01.09.1979-cu il tarixdən 24.07.1982-ci il tarixdədək Mingəçevir şəhər 39 nömrəli orta texniki peşə məktəbində təhsil almış və ona dördüncü dərəcə əl ilə elektrik qaynaqçısı ixtisası verilmişdir (2 il 24 gün). -İddiaçıya aid hərbi biletinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, o, 22.11.1982-ci il tarixdə hərbi xidmətə çağırılmış və 21.11.1984-cü il tarixdə hərbi xidməti başa vurmuşdur (2 il). -İddiaçı əmək fəaliyyətinə 01.04.1985-24.10.1985-ci illlərdə fəhlə kimi başlamışdır (06 ay 24 gün). -24.06.1986-12.04.1992-ci il tarixlərdə Mingəçevir texniki rezin məmulatları zavodunda müxtəlif vəzifələrdə işləmişdir (5 il 09 ay 19 gün). İşlədiyi dövr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il № 320 qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda 23200000—16987; 23200000—19905; 23200000—19906 kodlarına uyğundur. -İddiaçı 12.05.1992-30.05.1993-cü il tarixlərdə daşvuran kimi işləmişdir (01 il 19 gün). -İddiaçı 02.06.1993-07.05.1998-ci il tarixlərdə Mingəçevir şəhər toxuculuq kombinatında çıxarıcı işləmişdir (4 il 11 ay 06 gün). “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il № 320 qərarı ilə təsdiq edilmiş siyahıda toxuculuq sənayesi üzrə çıxarışı peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr siyahısında nəzərdə tutulmamışdır. -İddiaçının əmək kitabçasından və Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 20.11.2020-ci il tarixli arayışdan görünür ki, o, 01.10.2001-ci il tarixdən Azərbaycan DRES-i izolyasiya sexinə 3-cü dərəcəli sarıyıcı vəzifəsinə işə qəbul olmuşdur. O, 01.10.2001-ci il tarixdən 01.11.2001 ci il tarixədək "xxxx"- İzolyasiya sexində 3-cü dərəcəli sarıyıcı vəzifəsində (Əmr№ 390/K 26.10.2001) , 01.11.2001-ci il tarixdən 24.08.2009-cu il tarixədək İstilik İzolyasiyası və Hörgü sexində 3-cü dərəcəli istilik izolyatorçusu vəzifəsində (Əmr № 411/K 13.11.2001) , 24.08.2009-cu il tarixdən 31.08.2009-cu il tarixədək həmin sexdə 4-cü dərəcəli istilik izolyatorçusu vəzifəsində (Əmr №279/Ş 24.08.2009); 31.08.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 281 /Ş 28.08.2009). 01.08.2013-cü il tarixdən 01,06.2020-ci il tarixədək "xxxx" MMC-nin İstilik İzolyasiyası və Hörgü sexinin “Turbin avadanlıqlarının istilik izolyasiyası briqadasında” 4-cü dərəcəli istilik izolyatorçusu vəzifəsində (Əmr №161/Ş 01.08.2013) , 01.06.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək Mərkəzi-Təmir sexi,İstilik İzolyasiyası və Hörgü Sahəsində 4-cü dərəcəli istilik izolyatorçusu vəzifəsində (Əmr №80/Ş 01.06.2020) işləmişdir. 30.06.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir (Əmr № 136/Ş 29.06.2020); İşlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyada yerləşən avadanlıqların istilik izolyasiyası işləri ilə məşğul olmuşdur. İş şəraitində tozluluq, səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İddiaçının 01.10.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək 01.08.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin “a” bəndinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri istehsalatı, fəhlə peşəsinə) uyğundur. "xxxx" MMC-də zərərli iş stajı 01.10.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək 07 il 03 ay 04 gün və 01.08.2013-cü il tarixdən 30.06.2020-ci il tarixədək 06 il 10 ay 29 gün təşkil edir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən, idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-"xxxx" MMC adlandıırlmışdır. II. İddianın növü və mümkünlüyü

8. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

15. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021ci il tarixdə imtina edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

17. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

23. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən:

a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

27. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır); 01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

29. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

30. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

31. 01.09.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək iş stajı 21 il 06 ay 3 gün (Təhsil aldığı 2 il 24 gün, hərbi xidmətdə olduğu 2 il, fəhlə işlədiyi 06 ay 24 gün, Mingəçevir texniki rezin məmulatları zavodunda işlədiyi 5 il 09 ay 19 gün, daşvuran işldəyi 01 il 19 gün, Mingəçevir şəhər toxuculuq kombinatında çıxarıcı işlədiyi 04 il 11 ay 06 gün, Azərbaycan DRES-də işlədiyi 04 il 03 ay 01 gün), ondan 5 il 09 ay 19 gününü əmək şəraiti zərərli və ağır olan işlərdə (24.06.1986-12.04.1992-ci il tarixlərdə Mingəçevir texniki rezin məmulatları zavodunda 5 il 09 ay 19 gün olmaqla 2 nömrəli Siyahıda 23200000—16987; 23200000—19905; 23200000—19906 kodlara uyğundur;) 04 il 03 ay 01 günü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (01.10.2001- 01.01.2006-cı il tarixlərdə Azərbaycan DRES-də işlədiyi 04 il 03 ay 01 gün 1 nömrəli Siyahıda 1010300a—12520 koduna uyğundur).

32. Odur ki, iddiaçının 2 nömrəli siyahı üzrə pensiya təyin edilməsi həm tam əmək stajı, həm də əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı mövcud deyil. 1 nömrəli siyahı üzrə tam əmək stajı olsa da, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə yetərli iş stajı mövcud deyil.

33. Məhkəmə qeyd edir ki, əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı ilə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı bir-birilə əvəz edilə və ya kompensasiya edilə bilməz.

34. İddiaçı 57 yaşının tamam olduğu 14 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1963-cü ildə anadan olub və 57 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar