Məhkəmə qərarları › İş №2-1(112)-6293/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6293/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6293/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 800.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 600.00 manat, İcbari Tibbi Sığorta Fonduna 424.41 və İşsizlikdən sığorta Fonduna 169.14 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd “Samsunq“ markalı televizor, 1 vahidinin qiyməti 800 manat olan 1 ədəd “Hissense” markalı televizor, 1 vahidinin qiyməti 1000 manat olan 1 ədəd ”Boss” markalı kondisioner, 1 vahidinin qiyməti 600 manat olan 1 ədəd ”LG” markalı kondisioner olmaqla, ümumilikdə 2800 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2022ci il tarixə yaranan dövlət büdcəsinə 1595.27 manat, Dövlət Sosial Müdafiə Fonduna 10559.98 manat, İşsizlikdən sığorta Fonduna 169.14 manat və İcbari Tibbi Sığorta Fonduna 424.41 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində 1 vahidinin qiyməti 400 manat olan 1 ədəd “Samsunq“ markalı televizor, 1 vahidinin qiyməti 800 manat olan 1 ədəd ”Hissense”markalı televizor, 1 vahidinin qiyməti 1000 manat olan 1 ədəd ”Boss”markalı kondisioner, 1 vahidinin qiyməti 600 manat olan 1 ədəd ”LG”markalı kondisioner olmaqla, ümumilikdə 2800 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx/xx/2022 -ci il tarixli **********5, **********2, **********4 və **********1 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə, DSMF-na, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən sığorta fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən onun dövlət büdcəsinə 800.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 600.00 manat, İcbari Tibbi Sığorta Fonduna 424.41 və İşsizlikdən sığorta Fonduna 169.14 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh təqdim etdiyi iddiaya yazılı etirazı və etiraza əlavəsində bildirmişdir ki, İPM-2.1-ci maddəsinə əsasən tələb inzibati mübahisə deyildir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, “inzibati akt” mübahisələndirilməmişdir.İş üzrə cavabdeh, iddiaçı qismində, iddiaçının protokolunun əsassız olması barədə inzibati məhkəmədə iddia qaldıra bilərdi. 2.2.7-ci maddəsində inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri olduğu halda inzibati məhkəmə işə mahiyyəti üzrə baxmalıdır. Adından göründüyü kimi, iddiaçı “Siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə” iddia tələbi irəli sürmüşdür. Bu isə istinad edilən maddələrin tələbinə ziddir. İddia bu hissədə əsassızdır və İPM-nin 2.1-ci maddəsinin tələbinə əsasən aidiyyat məsələsi pozulmuşdur. Cavabdeh ilk növbədə vergi ödəyicisidir və hesabında pul vəsaiti olur. Bu halda qeyd edilən əmlakların kimə aid olduğunu göstərmədən, dəyərlərinin hansı formada qiymətləndirilməsi ilə bağlı rəy əlavə etmədən, əmlakların cavadehə və ya başqa şəxsə aid olduğunu təsdiq edən sübutlar təqdim etmədiyi halda, əsasız olaraq məhkəməyə sübut təqdim etmədən aşağı qiymətlərlə qiymətləndirmə və əmlakların texniki pasportları təqdim edilmədən,yəni əmlakların kimə aid olduğu araşdırılmadan məhkəmədə tələb kimi irəli sürülmüşdür. İlk növbədə iddiaçı İPM-nin 14-cü maddəsinə əsasən iddianı sübut etməlidir. Lakin iş materiallarına belə bir sübutlar əlavə edilməmişdir. İş üzrə tələb kimi qoyulan əmlaklar rəhbərliyin şəxsi əmlakı, işçilərin əmlakları, başqa bir MMC-nin əmlakı ola bilər. Eləcə də cavabdehin yerləşdiyi əmlak başqasına məxsusdur. Və cavabdeh həmin əmlakdan (sahədən) icarə müqaviləsi əsasında istifadə edir. Cavabdeh "xxxx" MMC , 01 fevral 2022ci il tarixli №09/B-2022-saylı İcarə müqaviləsinə əsasən, cavabdeh Bakı ş. Yeni Yasamal - 2, Kənar Dairəvi küç, ev-38 də yerləşən, 104-saylı mənzilin 118 kv.m sahəsindən istifadəyə görə vəsait ödənilməsini və həmin sahədə olan icarəyə verən X6 aid LG markalı kondinsionerin, Samsunq markalı televizorun qorunmasına, heç-bir ziyan vurulmamasına öhdəlik götrmüşdür. Başqasının əmlakı məcburi formada əsassız olaraq cavabdehə aid edilə bilməz və əmlak sahibinin mülkiyyət hüququ pozularaq ona aid əmlak başqasına əsassız olaraq aid edilərək əlindən alına bilməz. Bu halda həmin şəxsin konstitusion hüquqları pozulmuş olar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2022-ci il il tarixli, **********6 saylı bildirişdən görünür ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixinə ümumilikdə 169,14 manat, o cümlədən: işsizlikdən sığorta haqqı üzrə 141,30 manat, faizlər üzrə 27,84 manat borcu vardır. Vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin ünvan 2 ünvanında əmlakının siyahıya alınması qərara alınmışdır. X1 tanış olaraq imza etmişdir. “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siayhıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarın surətindən görünür ki, vergi borclarını ödəməyən Cavabdeh (**********) əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli **********9 saylı qərarlar bir icraatda birləşdirilmişdir. X1 tanış olaraq imza etmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd samsung markalı 400,00 manat dəyərində televizor olan daşınar əmlakı siyahıya alınmışdır. Siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilmişdir. Protokol vergi ödəyicisinin nümayəndəsi Ş.G.Hüseynov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2022-ci il il tarixli, **********3 saylı bildirişdən görünür ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixinə ümumilikdə 1,585.74 manat, o cümlədən: vergilər üzrə 1,192.90 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 292.84 manat borcu vardır. Vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd Hisense markalı 800,00 manat dəyərində televizor olan daşınar əmlakı siyahıya alınmışdır. Siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilmişdir. Protokol vergi ödəyicisinin nümayəndəsi Ş.G.Hüseynov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2022-ci il il tarixli, **********7 saylı bildirişdən görünür ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixinə ümumilikdə 424.41 manat, o cümlədən: icbari tibbi sığorta haqqı üzrə 362.88 manat, faizlər üzrə 61.53 manat borcu vardır. Vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır; “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********2 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd BOSS markalı 1000,00 manat dəyərində kondisioner olan daşınar əmlakı siyahıya alınmışdır. Siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilmişdir. Protokol vergi ödəyicisinin nümayəndəsi Ş.G.Hüseynov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2022-ci il il tarixli, **********6 saylı bildirişdən görünür ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixinə ümumilikdə 10,559.98 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 8,085.82 manat, faizlər üzrə 2,474.16 manat borcu vardır. Vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır; “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********5 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1 ədəd LG markalı 600,00 manat dəyərində kondisioner olan daşınar əmlakı siyahıya alınmışdır. Siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilmişdir. Protokol vergi ödəyicisinin nümayəndəsi Ş.G.Hüseynov tərəfindən imzalanmışdır. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və cavabdehin nümayəndəsi Ş.G.Hüseynov imza edərək əmlakı təhvil almışdır. xx.xx.2022-ci il tarixli siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıqlar tərtib edilmiş və xəbərdarlıqlar X3 tərəfindən imzalanmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. -89.4-cü maddəsinə görə vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. -89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. -89.10-cu maddəsinə görə siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. -90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. İşin hallarından müəyyən olunur ki, cavabdeh vergi ödəyicisi dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna vergilərin ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun ümumilikdə 2800 manat dəyərində daşınar əmlakları siyahıya alınmışdır. Belə ki, cavabdehin vergiləri və dövlət sosial sığorta haqqını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlakların siyahıya alınması barədə qərarlar qəbul edilmiş, həmin qərarlarla cavabdehin qanuni nümayəndəsi X3 tanış edilmişdir. Cavabdehə məxsus daşınar əşyaların qanunla nəzərdə tutulmuş qaydada siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli 04 ədəd **********1, **********4, **********2 və **********5 nömrəli cavabdehin qanuni nümayəndəsinin iştirakı ilə protokollar tərtib edilmiş, həmin protokollar cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, protokollara siyahıya alınmış əmlakların fotoşəkilləri əlavə edilmiş, siyahıya alınmış əmlaklar cavabdehin məsul sahibliyinə təhvil verilmiş, siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə cinayət məsuliyyəti barədə cavabdehin nümayəndəsi imza etməklə xəbərdarlıq edilmişdir. Cavabdeh tərəf məhkəmə icraatı gedişində iddiaya etirazında siyahıya alınmış əmlakların ona məxsus olmadığını bildirsə də bu barədə məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi inzibati icraat zamanı cavabdehin nümayəndəsi Ş.G.Hüseynov əmlakların siyahıya alınmasında şəxsən iştirak etmiş, siyahıya alınma barədə protokollar, aktları imzalamış və həmin protokollara siyahıya alınmış əmlakların ona məxsus olmaması barədə qeydlərini etməmişdir. Əksinə, inzibati icraat zamanı cavabdehin nümayəndəsi Ş.G.Hüseynov vergi orqanına verdiyi xx.xx.2022-ci il tarixli izahatında ünvan 3 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, bundan başqa heç bir yerdə digər obyekti olmadığı, obyektdə siyahıya alınmış əmlakların ona məxsus olduğunu, heç bir narazılığı və şikayəti olmadığını, izahatı öz sözləri ilə yazıldığı, oxunduğu və öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. -135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. -159 sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. -161 əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir -166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. -166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Beləliklə, sadalanan normalardan görünür ki, daşınmaz əşyalara olan əşya hüquqlarından fərqli olaraq daşınar əşyalara olan hüquqlar bir qayda olaraq (yalnız qanunvericilikdə nəzərdə tutulan hallardan başqa) dövlət qeydiyyatına alınmır. Eyni zamanda daşınmaz əşyaya hüquq sahibi hüquqları dövlət qeydiyyatına alınmış şəxsdirsə, daşınar əşyaların sahibliyində olan şəxs həmin daşınar əşyanın mülkiyyətçisi hesab olunur. Hazırkı iş üzrə iddiaçı vergi orqanı cavabdeh vergi ödəyicisinin büdcəyə olan borcunun ödənilməsini təmin etmək məqsədilə cavabdehin nümayəndəsinin iştirakı ilə vergi ödəyicisinin uçotda olduğu ünvan 4 ünvanında olan daşınar əşyalarına baxış keçirmiş, həmin əşyaların cavabdehin sahibliyində olduğunu müəyyən etmiş, əşyaların ona məxsus olması barədə cavabdehin qanuni nümayəndəsinin yazılı izahatını almış, əşyaların foroşəkillərini çəkmiş, protokollara əlavə edərək nümayəndəyə təqdim etmiş, cavabdehin nümayəndəsi əşyaların ona məxsus olmaması ilə bağlı hər hansı pretenziya irəli sürməmiş, müvafiq qaydada siyahıya alınma barədə protokollar, məsul saxlama barədə aktlara imza etməklə iradə ifadəsini nümayiş etdirmişdir. İşin qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı orqan üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etmişdir. Siyahıya alınmış əmlaklar dövlət qeydiyyatı tələb edilməyən daşınar əşyalar olmaqla inzibati icraat zamanı cavabdehin sahibliyində olduğu müəyyən edilmişdir. Belə olan halda həmin əşyaların cavabdehə məxsus olmasına dair həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh sözügedən əmlakların ona məxsus olmaması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, cavabdeh məhkəmə icraatı gedişində ilkin olaraq onunla "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsini təqdim edərək sözügedən daşınar əşyaların "xxxx" MMC-yə məxsus olmasını bildirmişdir. Halbuki, təqdim edilən müqavilə əvvəla, icarəyəverən "xxxx" MMC-nin Bakı şəhəri, Yeni Yasamal-2, Xarici dairəvi küçə, 38 nömrəli binada yerləşən 104 nömrəli mənzilin 18.9 kv.m hissəsinin "xxxx" MMC-yə icarəyə verilməsi barədədir. Həmin müqavilənin predmetini mübahisəli daşınar əşyalar deyil, daşınmaz əşyanın bir hissəsi təşkil etmişdir. Eləcə də müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, müqavilə müddətinin uzadılmasına dair razılaşma təqdim edilməmişdir. Qeyd edilən müqavilədən sonra cavabdeh əlavə olaraq xx.xx.2022-ci il tarixli 09/B- 2022 nömrəli müqavilə təqdim etmiş, müqaviləyə görə X9 Bakı şəhəri, Yeni Yasamal-2, Xarici dairəvi küçə, 38 nömrəli binada yerləşən 104 nömrəli mənzilin 118,00 kv.m hissəsini "xxxx" MMC-yə icarəyə vermiş, eyni zamanda icarəçi olan hazırkı cavabdeh ona təhvil verilmiş LG markalı kondisioner və samsunq markalı televizora heç bir ziyan vurulmayacağını öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, təqdim edilən sonuncu müqavilə hazırkı iddianın əsassızlığına dair mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, müqavilənin tarixi xx.xx.2022-ci il tarixli olmaqla xx.xx.2022-ci il siyahıya alınmadan öncə bağlanmış olduğu halda həmin müqaviləni cavabdeh vergi orqanına inzibati icraat zamanı təqdim etməmişdir. Bununla yanaşı cavabdeh təqdim etdiyi birinci müqavilədə daşınmaz əmlakın ona məxsus olduğu və icarəyə verəni qismində çıxış etdiyi halda, təqdim etdiyi ikinci müqavilədə eyni daşınmaz əmlakın icarəyəverəni deyil, icarəyəgötürəni qismində çıxış etmiş və bunun əsaslarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən sözügedən daşınmaz əmlak X6 məxsus olmuşdursa və yaxud həmin əmlakı cavabdeh icarəyə götürməklə istifadə edirdisə bu zaman hər iki şəxsin sözügedən daşınmaz əmlaka olan hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barədə sənədləri təqdim edilməsi tələb olunur ki, cavabdeh ən azından özünə aid hissədə -istifadə hüququnu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə cavabdehin təqdim etdiyi müqavilələri, etirazın dəlillərini vergi öhdəliyini yerinə yetirməkdən yayınmağa yönəlik formal mülahizələr olaraq qiymətləndirir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 800.00 manat, Dövlət Sosial Müdafiə Fonduna 600.00 manat, İcbari Tibbi Sığorta Fonduna 424.41 və İşsizlikdən sığorta Fonduna 169.14 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********1, **********4, **********2 və **********5 nömrəli protokollarla cəmi 2800 manat məbləğində siyahıya alınmış əmlakları ticarət şəbəkələrində satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən "xxxx" MMC-nin ödənilməmiş 2800 manat borcu tutulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar