Məhkəmə qərarları › İş №2-1(112)-6294/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6294/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6294/2023 04.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı1 oölunun iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçıların şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçıların mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçıların övladı X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 21 oktyabr 2021-ci il tarixdə ağır yaralanmış və şəhid olmuşdur. X5 rayonu ərazisində gedən döyüşlərdə şəhid olduğuna görə Beyləqan rayon Qeydiyyat şöbəsi həmin tarixə 585 nömrıli akt qeydi apararaq, AZ-İİ seriyalı 210371 nömrəli “Ölüm haqqında şəhadətnamə” vermişdir. İddiaçılar qeydiyyatda olduqları yer üzrə Bakı şəhəri Xətai RİH-ə ərizə ilə müraciət edərək, şəhid ailəsi olduqları nəzərə alınmaqla onların üç otaqlı evlə təmin olunmasını xahiş etmişlər. Müraciətdə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına istinad olunmuşdur. Bakı şəhəri Xətai RİH başçısının Aparatının 21 dekabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onlar (iddiaçılar) Beyləqan RİH başçısının 15 aprel 2022-ci il tarixli sərəncamı əsasında “Şəhid” ailəsi kimi güzəştli mənzil növbəsinə götürülmüşlər və Xətai rayonu, M.Hadi küçəsi, ev 41, mənzil 30 ünvanında qeydiyyatda olduğundan, ünvan 1 Xətai RİH-ə göndərilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli arayışa əsasən onların (iddiaçıların) adına əmlak aşkar edilmişdir: Beyləqan şəhəri, Səttarxan küçəsi, 6 saylı fərdi yaşayış evi və torpaq sahəsi. Halbuki, həmin əmlaklar faktiki olaraq başqasına satılaraq özgəninkiləşdirilmişdir, yalnız sənədləşmə işi sona çatdırılmamışdır. İddiaçılar şəhid ailələrinə tətbiqi olunan imtiyazlara əsaslanaraq və qaydalara uyğun olaraq, mənzillə təmin edilmək məqsədilə 18 noyabr 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişlər. Lakin həmin müraciətə bu günədək cavab verilməmişdir. Məhkəmənin X1 şəhid olduğuna görə 6 yanvar 2022-ci il tarixdə iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilənlərə və İPM-in 2.2.2, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsaslanaraq, iddiaçıların Bakı şəhərinin Xətai rayonu ərazisində üç otaqlı mənzillə təmin olunması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Dövlət Sosial Müdafiə Fondu iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 iyun 2023cü il tarixli məktubunda bildirir ki, iddiaçılar İddiaçı1 və X2 iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İddaçılar hesab edir ki, onların mənzillə təmin edilməsi ilə bağlı iddia tələbi üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondudur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Fond məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçllar məhkəməyə şəhid ailəsi olduqları üçün mənzillə təmin olunması ilə bağlı müraciət etmişlər. Tələbdən də aydın olur ki, Dövlət Sosial Müdafiə Fondu hazırkı iddiaya cavab verməli inzibati orqan deyil. İlk olaraq, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmamasını yoxlayır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmənin səlahiyyətinə aid olmalı; 2) İddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi, yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmamışdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1, 35.1-ci maddələri). Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh Bakı şəhəri Xətai RİH olmaqla iddianın dəyişdirilərək «iddiaçıların şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Xətai RİH-lə əvəz olunmuşdur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddia ilə bağlı məhkəməyə ünvanlanmış 24 oktyabr 2023-cü il tarixli məktubunda bildirilir ki, RİH iddia ilə razı deyil. İddiaçılar iddia ərizəsində Bakı şəhərinin Xətai rayonu ərazisində 3 otaqlı mənzillə təmin olunmasını tələb edir. Beyləqan RİH-dən daxil olmuş 30 noyabr 2022-ci il tarixli 1661 saylı məktubda Beyləqan RİH başçısının 15 aprel 2022-ci il tarixli Sərəncamı əsasında vətəndaş İddiaçı1 “Şəhid ailəsi” kimi güzəştli mənzil növbəsinə götürüldüyü və hazırda Xətai rayonu, M.Hadi küçəsi, ev 41, mənzil 30 ünvanında daimi qeydiyyata alındığı bildirilərək, ünvan 3əri aidiyyəti üzrə qeydiyyatda olduğu Xətai RİH-ə göndərilmişdir. Araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli arayışa əsasən iddiaçıların adına aşağıda qeyd olunan mülklər müəyyən edilmişdir: Beyləqan şəhəri, Səttarxan küçəsi, 6 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0599 ha torpaq sahəsi. Göstərilənlərin və qanunvericiliyin tələblərinin nəzərə alınması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 gəlmiş, digər iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ 210371 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 25 oktyabr 2021-ci il tarixdə Xocavənd rayonu ərazisində ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı2 24 yanvar 2022-ci il tarixdə 006585 nömrəli və İddiaçı1 16 fevral 2022-ci il tarixdə 006663 nömrəli “Şəhid ailəsi üzvünün vəsiqəsi” verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən arayış”ın surətindən görünür ki, İddiaçı1 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 25 uyanvar 2023-cü il tarixli ********** nömrəli müraciətə əsasın daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RİH-in İddiaçı1 ünvanlanmış 21 dekabr 2022-ci il tarixli M-360-068 nömrəli məktubunda qeyd olunur ki, Beyləqan RİH-dən 1661 saylı 30 noyabr 2022-ci il tarixdə Xətai RİH-ə məktub daxil olmuşdur. Məktubda onun (İddiaçı1) Beyləqan RİH başçısının 15 aprel 2022-ci il tarixli sərəncamı əsasında “Şəhid” ailəsi kimi güzəştli mənzil növbəsinə götürüldüyü və ünvan 5 ünvanına daimi qeydiyyata alındığı bildirilərək ünvan 6 aidiyyəti üzrə Xətai RİH-ə göndərildiyi bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli arayışa əsasən ərizəçinin (İddiaçı1) adına aşağıda qeyd olunan əmlaklar aşkarlanmışdır: Beyləqan rayonu, Səttarxan küçəsi, 6 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,0599 ha torpaq sahəsi. Qeyd olunanları və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq qaldırılan məsələnin müsbət həllinin təmin edilməsi Xətai RİH-in imkanı xaricindədir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: (2.1.1) arvadı (əri), (2.1.2) valideynləri, (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar, (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa, (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qeyd olunmalıdır ki, mövcud qanunvercilik normaları inzibati orqanlar tərəfindən inzibati icraatın tam və hərtərəfli aparılmasını, habelə maraqlı şəxslərin xeyrinə olan halların araşdırılması ndan və nəzərə alınmasından imtina edilməsinin yolverilməzliyini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, işin hallarına görə iddiaçıların mərhum oğlu X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Qeyd olunan faktiki hal iş üzrə hüquqi dəyərləndirmənin predmetinə aid olmasa da, məhkəmə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həm ötən əsrin 90-cı illərində, həm də 2020-ci ilin sentyabr – noyabr aylarında döyüş əməliyyatlarında şəhid olmuş şəxslərə dövlət dəstəyinin davamı kimi xüsusi qrup şəxslər qismində şəhid ailələri üçün nəzərdə tutulmuş dövlət tərəfindən güzəştləri (o cümlədən, torpaq sahəsi ayrılması, mənzil verilməsi və s. ilə bağlı) vurğulamağı zəruri hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi baxımından bu qəbildən olan şəxslərə qeyd olunan formada müvafiq güzəştlərin tətbiqi konkret müəyyən edilmiş və məhkəmə övladını şəhid vermiş hazırkı iddiaçılara münasibətdə də bu güzəştlərin yolverilənliyi üzrə bütün xüsusatların nəzərə alınmasını vacib sayır. Hazırkı iş üzrə isə, iddiaçıların müraciəti üzrə cavabdeh Bakı şəhəri Xətai RİH tərəfindən aparılmış icraatda qaldırılan məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar, o cümlədən iddiaçıların mülkiyyətində daşınmaz əmlakın olması, olduğu təqdirdə həmin əmlakın göstəricləri tam araşdırılmamışdır. Məhkəmənin qənaəti belədir ki, iddiaçıların müraciəti üzrə icraat sadalanan xüsusat araşdırılmadan başa çatdırılmış və yekun qərar qəbul edilmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) yerli qurumundan alınmış arayışda iddiaçının adına hər hansı əmlkaın aşkar olunmadığı biuldirilir. Belə olan halda, məhkəmə cavabdeh Bakı şəhəri Xətai RİH-in iddiaçıların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinasını formal mülahizələrə söykənən hal kimi qanuna uyğun saymır və hesab edir ki, bu imtina onların hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 73.2, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar