Məhkəmə qərarları › İş №2-1(112)-6295/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6295/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6295/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxslər X18-lətif oğlu iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6, X21-lətif oğlu və X10) “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildə tərtib edilmiş 30/365 reyestr nömrəli texniki pasportda В tikilisinin ümümi əmlaka aid olmasına dair qrafanın ləğv edilməsi, texniki pasport əsasında tərtib edilmiş xx.xx.2005-ci il tarixli 032996 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsi əsasında mərhum atası Əliyev Əbdül-lətif Mustafa oğlunun adına tətib edilmiş ********** saylı çıxarışa dair qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X6, X21-lətif oğlu və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 111 də yerləşən mənzilə mərhum atası Əliyev Əbdül-Lətif Mustafa oğlunun adına O, vəfat etdikdən sonra **********02-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarış verilmişdir. Həmin çıxarış əsasında onun bacısı X7, qardaşları X18-lətif oğlu və X8 çıxarışlar verilmişdir. O, isə çıxarışı xx.xx.2023-cü il tarixdə almışdır. Qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi iki tikilidən ibarətdir. Ünvanda yerləşən A və В tikilisi arasında dalan mövcuddur və В tikilisini iddiaçı özü inşa etmiş və ilk günlərdən həmin tikili yalnız onun istifadə və sahibliyində olmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsinin sənədləşməsinin hansı şəkildə həyata keçirilməsi ilə bağlı Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27, mənzil 111 dair xx.xx.2005-ci ildə tərtib edilmiş 30/365 reyestr nömrəli texniki pasport mövcud olmuş və həmin texniki pasporta uyğun olaraq 032996 saylı qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmin qeydiyyat vəsiqəsində A və В tikilisi ümumi əmlak kimi göstərimişdir. Halbuki, bir daha qeyd edir texniki pasportda qeyd edilən В tikilisi dalan ilə A tikilisindən ayrılır və həmin tikili onun sahibliyində və istifadəsində olmuşdur. Onu da qeyd edir ki, yaşayış sahəsinin sənədləri itmişdir. O, sənədləri daha sonra əldə etmişdir. Nəticə etibarilə uzun illər yaşayış sahəsinin ümumi şəkildə sənədlərə işləndiyindən xəbərdar olmamışdır. Bu baxımdan 032996 saylı qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi əsasında mərhum atasına verilmiş çıxarış ləğv edilməlidir.

4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

5. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, ümumi sahəsi 190,0 kv.m olan “A” və ”B” literli fərdi yaşayış evləri üzərində ilkin hüquq sahibi Əliyev Əbdül-lətif Mustafa oğlunun mülkiyyət hüququ Bakı Şəhər İcra Hakimiyyəti başçısının 217 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 04 nömrəli, xx.xx.2002-ci il tarixli protokolundan çıxarış əsasında qeydiyyata alınmış və texniki pasport tərtib edilmişdir. Hazırda müvafiq əmlak həmin şəxsin vərəsələri X2 2/5 hissədə, X3, X5, İddiaçı Hər birinin isə 1/5 hissədə mülkiyyətindədir.

6. Üçüncü şəxs X2 iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı - qardaşı İddiaçı Əbdüllətif oğlu tərəfindən verilmiş “çıxarışa dair qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və iddia ərizəsində bildirilmiş faktiki hallar reallıqdan uzaqdır. İddiaçının В tikilisinin öz vəsaiti hesabına inşa etdirməsi barədə iddiaları yalandır. Belə ki, o, və qardaşlarının ümumi birgə mülkiyyətində olan daşınmaz əmlakda A və В tikilisi hər ikisi ailəlikcə hər birimizin ortaq vəsaiti hesabına tikilmişdir. Çünki onlar valideynləri ilə birlikdə bacı və qardaşlar eyni ünvanda yaşayıblar və ailənin təsərrüfatı ümumilikdə hər birinin vəsaiti hesabına formalaşmış və yaşadıqları evdə aparılmış hər bir tikinti-təmir işlərində hər birinin vəsaiti mövcud olmuşdur. Bugünkü gündə iddiaçının sözügedən В tikilisinin öz adına çıxması hər birinin haqqının tapdanılması deməkdir. Bundan başqa, iddiaçı təxminən 10-12 ildir ki, həmin В tikilisini kirayəçilərə kirayəyə verməklə oradan əldə olunan məbləği onlarla bölüşməyərək sadəcə özü faydalanmışdır. Sözügedən evlərin yerləşdiyi ərazi alınanda və evlər inşa ediləndə qardaşı İddiaçı hərbi xidmətdə olmuşdur. Atasının adına olan çıxarışdan necə olur ki, guya 20 il ərzində iddiaçı-qardaşı İddiaçı xəbəri olmamışdır? Bu barədə bildirdikləri real deyil, sadəcə öz məqsədinə çatması üçün uydurmuşdur. Sadəcə məsələ ondan ibarətdir ki, İddiaçı evləndikdən sonra valideynləri ona həmin В tikilisində müvəqqəti yaşaması üçün icazə vermişlər. Yuxarıda da qeyd etdiyi kimi İddiaçı özbaşına olaraq həmin tikiliyə əlavələr edərək bacı-qardaşların haqqının üzərindən pul əldə edir. Hər dəfə ayrı-ayrı yalanlar söyləyərək haqlarını almağa çalışır. İddiaçı ilk olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə “kompensasiya ödənilməklə cavabdehlərə məxsus payların iddiaçıya verilməsi və ona məxsus В tikilidə daşınmaz əmlakın naturada ayrılması tələbinə” dair iddia ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1095/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim: Mehriban Əfəndizadə) iddia təmin edilməmişdir. Daha sonra iddiaçı həmin qətnamə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bacı və qardaşları В tikilisindən məhrum etmənin mülki iddia verməklə mümkün olmadığını görən iddiaçı indi başqa yola əl ataraq çıxarış qeydinin ləğv edilməsi tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi iddia icraatı üzrə Nərimanov Rayon Məhkəməsində işə baxılarkən qardaşları Həsən və Namiqin həyat yoldaşları şahid qismində özləri öz dilləri ilə etiraf etmişlər ki, ev qaynatamızın evidir. Atası anası rəhmətə getdikdən sonra Həsən və Namiq qardaşı Rafailə və ona bir kağıza imza atdırmaq istəyirdilər ki, A bloku Namiqin oğlunun adınaa keçsin, В bloku Həsənin oğlunun adına keçsin. Beləcə bir çox yalanlara əl atıb onların haqqlarına sahib olmağa çalışırlar. Bundan başqa, sözügedən В tikilisinə dair işə Nərimanov Rayon Məhkəməsində baxılarkən iddiaçı iddia ərizəsində bildirmişdir ki, guya ataları tərəfindən mübahisəli ev alındığı zaman orada olan boş torpaq sahəsində öz vəsaiti hesabına tikdiyi həmin evdə çalışan usta və fəhlələrin zəhmət haqqlarını özü ödəmişdir. İddiaçının da bu bildirdikləri reallıqdan uzaq olmuşdur. Çünki yuxarıda da qeyd etdiyi kimi, sözügedən tikili ataanamızın pensiya məbləğləri, həmçinin bacı və qardaşlarının vəsaitləri hesabına inşa edilmiş, evin tikilməsini də bilavasitə qardaşı X9 həyata keçirmişdir. Qısacası iddiaçı əvvəlcə mülki iddia qaldıraraq, hər birinə 10.000 (on min) manat kompensasiya verilməklə onlara məxsus payların iddiaçıya ayrılmasını istəmişdir. Bu tələbə qəti və birmənalı etiraz edərək bildirmişik ki, bu məbləğ hazırda daşınmaz əmlak bazarında mübahisəli evin yerləşdiyi ərazidə olan əmlaklar üçün formalaşmış bazar qiymətlərindən qat-qat aşağıdır. 10.000,00 (on min) kompensasiya təklifi vermək sadəcə ədalətsizlikdir. İddiaçının əsas məqsədi cüzi qiymətlə onların paylarından məhrum etmək olmuşdur. Həmin iddiası təmin edilmədiyi təqdirdə iddiaçı hazırki iddianı qaldırmaqla sanki oyun oynamaqdadır və əsassız iddialarla məhkəmələrin iş yükünü artırmaqdadır. Çünki mübahisəli əmlakın yerləşdiyi ərazinin şəhərdə aparılan tikinti və yenidənqurma işləri ilə əlaqədar tikinti kooperativləri tərəfindən alınması ehtimalı vardır. Əmlaka bütövlüklə sahib çıxaraq tikinti şirkətləri tərəfindən veriləcək kompensasiyadan bütövlükdə faydalanmaq iddiaçının əsas məqsədidir. Eyni zamanda maraqlarına toxunulan şəxs olaraq, qardaşı X4 da üçüncü şəxs qismində məhkəməyə cəlb edəsiniz. O, hazırda ölkə xaricində olduğum üçün məhkəmə iclaslarında iştirak edə bilmir, odur ki, iddiaya münasibətini yazılı etirazla ifadə edir. Qardaşı X9 qaranlıq qalan bir çox məqama aydınlıq gətirə bilər. Bütün bunları nəzərə alaraq, iddia ərizəsinin qanunsuz və əsassız hesab edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışıla Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 xüsusi mülkiyyət hüququ əsasında 1/5 hissədə X5 adına, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışıla 1/5 hissədə İddiaçı adına, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışıla 1/5 hissədə X20-lətif oğlunun adına, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışıla 2/5 hissədə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X18-lətif oğlu iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. Odur ki, iddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki ümumi sahəsi 190,0 kv.m olan “A” və ”B” literli fərdi yaşayış evi üzərində ilkin hüquq sahibi Əliyev Əbdül-lətif Mustafa oğlunun mülkiyyət hüququ Bakı Şəhər İcra Hakimiyyəti başçısının 217 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 04 nömrəli, xx.xx.2002-ci il tarixli protokolundan çıxarış əsasında qeydiyyata alınmış və texniki pasport tərtib edilmişdir.

21. Əliyev Əbdül-lətif Mustafa oğlunun vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Miras qalmış əmlaka dair X2 2/5 pay hissəsi, X3, X5, İddiaçı Hər birinin isə 1/5 pay hissəsi müəyyən edilmişdir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

26. İddiaçı və üçüncü şəxslərin müraciətləri və qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən inzibati orqan tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən tərtib edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi 27, ev 111 xüsusi mülkiyyət hüququ əsasında 1/5 hissədə X5 adına, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 1/5 hissədə İddiaçı adına, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 1/5 hissədə X20-lətif oğlunun adına, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla 2/5 hissədə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

27. İddiaçı iddia tələbinin əsası kimi göstərdiyi əsas dəlili ondan ibarətdir ki, mübahisəli ünvanda yerləşən texniki pasportda qeyd edilən В tikilisi dalan ilə A tikilisindən ayrılır və həmin tikili onun sahibliyində və istifadəsindədir. Bu səbəbdən də 032996 saylı qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi əsasında mərhum atasına verilmiş çıxarış ləğv edilməlidir.

28. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.

29. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

31. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar