Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6296/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (sonradan - Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xidmətinin İQ-92/1 №-li, xx.xx.2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, onun xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanıstan İslam Respublikasının Səntəxtobəndər ulusvaliliyinin Qorzək kəndində anadan olmus, milliyyətcə həzarə, dini etiqadına görə müsəlman-şiədir. O, məktəb təhsili almamış, yalnız Kabildə 6 aylıq fars dili kursuna gedərək yazıb-oxumağı öyrənmiş, bir neçə musiqi alətində ifa etməyi (həzarə tənburu, darbuka, harmoni musiqi alətləri) və oxumağı bacarır, 11 yaşından etibarən musiqiçi kimi işləmiş, ailəsinin düşmənləri olduğu üçün 12 yaşından etibarən evi tərk etmiş, 1 il Xıdır ulusvaliliyində babasına məxsus olan evdə yaşadıqda sonra yenidən valideynlərinin yanına (Səntəxtobəndər ulusvaliliyinə) qayıtmışdır. 13 yaşından etibarən aliəsinin təkidi ilə Kabilə getmiş, 1 il X7 məntəqəsində yaşamış, tikintidə fəhlə işləmiş, daha sonra Негаt şəhərinə gedərək 2 il tikintilərdə fəhlə işləmiş, sonra Kabilə qayıtmış, valideynlərini və bacı-qardaşlarını da Kabilə aparmışdır. Mənşə ölkəsini tərk etməzdən əvvəl 7 il müddətində ailəsi ilə birlikdə Kabil şəhərində yaşamış, bu illər ərzində fəhləliklə yanaşı musiqiçi kimi də fəaliyyət göstərmiş, Əfqanıstanda yaşadığı son 1 ildə isə telefontəmiri və fəhləliklə məşğul olmuşdur. O, subaydır, 2 il əvvəl X5 ilə nişanlanmış, lakin başlıq pulunu verə bilmədiyi üçün onunla evlənə bilməmiş, 3 bacısı və 5 qardaşı vardır, böyük qardaşı Nurməhəmməd İranda, qardaşı X3 vilayətində, bacısı Fatimə Kabil şəhərində yaşayırlar. Ailə düşmənləri tərəfindən 2019-cu ilin dekabr ayında bacısı Şakila cinsi təcavüzə məruz qalmış, bu hadisədən sonra atası Huseynali və qardaşı İsmayıl evdən getmiş, özü isə anası Rahima, qardaşları Sabit və Əli, bacılar Şakila və Xədicə ilə birlikdə Əfqanıstanı tərk etmiş, Özbəkistandan keçməklə xx.xx.2020-ci il tarixdə Azərbaycana gəlmişlər. O, qan düşmənçiliyi və bacısı Şakilanın cinsi təcavüzə məruz qaldığı üçün ölkəsini tərk edib. Bundan əlavə, o, həzara olduğu üçün təqiblərdən çəkinir. Belə ki, hazırda ölkədə vəziyyət qeyri-stabildir və anti-həzara motivi olan talib silahlı qüvvələri bölgədə dominantlıq edirlər. O, xx xxxxxx 2020-ci ildə Azərbaycana gəlmişdir. xx xxx 2020-ci ildə o, sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 40-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O bildirmişdir ki, qan düşmənçiliyi və bacısı Şakilanın cinsi təcavüzə məruz qalması, eləcə də Əfqanıstandakı ümumi zorakılıq səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. xx xxxx 2020-ci ildə DMX İQ-92/1 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edilmişdir. DMX qərarını onunla əsaslandırmışdır ki, onun əsaslı qorxusu mövcud deyil. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin nümayəndəsi X1 məhkəməyə rəsmi məktubla müraciət edərək məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1996-cı ildə Əfqanıstan İslam Respublikasında doğulmuş və hazırda da həmin ölkənin vətəndaşı olan X6 xx.xx.2020-ci il tarixdə ona qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli, İQ-92/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı daha sonra həmin qərardan inzibati şikayət qaydasında yenidən Xidmətə müraciət etmiş və Xidmətin xx.xx.2020-ci il tarixli, 160 №-li qərarı ilə şikayət təmin edilməmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərarlar onunla əsaslandırılmışdır ki, ərizəçi Əfqanıstanda qan düşmənləri tərəfindən təhdid edildiyini, ölkə daxilində bu təhdidə görə dəfələrlə yer dəyişdiyini desə də ölkəni tərk etməzdən əvvəl 8 il Kabildə yaşadığı, işlədiyi və ötən müddət ərzində hər hansı bir ciddi təhdid və təqibə məruz qalmadığı məlum olmuşdur. Ərizəçi ölkəni tərk etməzdən əvvəl bacısı Şakilanın düşmənçilik səbəbindən təcavüzə məruz qaldığını söyləsə də onun və ailə üzvlərinin bu hadisə ilə bağlı polisə müraciət etməmələri, şübhələndikləri şəxslərə qarşı hər hansı tədbir görməmələri onların təqib və təhdid qorxusunu inandırıcılıq baxımından şübhə altına almışdır. İddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmadığı, iddiaçının nə özünün, nə də ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. İddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının izahatlarından müəyyən olunur ki, o, özünün fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür, qan düşmənçiliyi və bacısı Şakilanın cinsi təcavüzə məruz qalması, eləcə də Əfqanıstandakı ümumi zorakılıq səbəblərə görə ölkəsinə geri qayıtmaq istəmir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6296/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6296/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver