Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6296/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı güzəştli şərtlərlə pensiya təyinatına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 17.02.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 2 saylı “ASAN xidmət” mərkəzinə güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Ancaq 15.04.2021ci il tarixdə **********5 saylı məktubla iddiaçının ərizəsinə imtina cavabı gəlmişdir. İddiaçının əmək stajı, fəaliyyəti və yaşı qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 2-1(112)-6296/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı 26.09.1979-cu il tarixindən 05.04.1981-ci il tarixinə kimi keçmiş “Bakı Alüminium- Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də təmirçi çilingər vəzifəsində, daha sonra isə 03.04.1994-cü il tarixindən 18.07.1996-cı il tarixinə kimi əlvan metal əyiricisi, 18.07.1994cü il tarixindən 23.06.2004-cü il tarixinə kimi yenidən təmirçi vəzifəsində işləməsini nəzərə alaraq ona güzəştli şərtlərlə 57 yaşından pensiya təyinatına dair qəbul edilməsi ilə bağlı iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakılar məhkəmənin diqqətinə çatdırılır: iddiaçı 17.02.2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 28.10.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, 16.10.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1593 nömrəli, 25.08.1979-cu il tarixli attestatının surətinə əsasən İddiaçı 02.01.1979-cu ildə Bakı şəhəri 62 nömrəli texniki məktəbinə daxil olmuş və 21.08.1979-cu ildə yarımkeçirici sınaq qurğuların quraşdırıcı və sazlayıcı peşəsi üzrə texniki məktəbin tam kursunu bitimişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 2684 nömrəli, 25.07.1974-cü il tarixli attestatının surətinə əsasən İddiaçı 01.09.1973-cü ildən 24.07.1974-cü il tarixədək Bakı şəhəri 37 nömrəli texniki peşə məktəbində təmirçi çilingər peşəsi üzrə təhsil almışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 13 may 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 13.05.1974-cü ildə Bakı Aviadəstə Birliyində 1ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 24.07.1974-cü ildə 3-cü çilingər dərəcəsi verilmiş, 22.08.1975-ci ildə 4-cü çilingər dərəcəsi verilmiş, 25.10.1976-cı ildə işdən azad edilmişdir. 26.09.1979-cu ildə Nazirlər Sovetinin “Azrənglimetal” Birliyi Bakı alüminumprokat zavodunda Şin prokatı sexinə 4-cü dərəcə ilə mexaniki avadanlığa xidmət üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 01.05.1980-ci ildə mexaniki avadanlığa xidmət üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 05.04.1981-ci ildə işdən azad edilmişdir. 03.05.1981ci ildə “Azenerjitikinti” trestinin “Krasnaya zvezda” HES Tikinti İdarəsinə üçüncü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 01.08.1981-ci ildə işdən azad edilmişdir. 27.07.1981-ci ildə 2706 nömrəli Avtokolonna sərnişin daşımaları istehsalat idarəsinə “D” kateqoriyası üzrə sürücü kurslarına müdavim qəbul edilmiş, 16.02.1982-ci ildə işdən azad edilmişdir. 20.02.1982-ci ildə Az. SSR MAT PUPP Avtobus Parkına “D” kateqoriyası ilə sürücü vəzifəsinə qəbul edilmiş, 02.04.1982-ci ildə təcrübə keçdikdən sonra “D” kateqoriyası üzrə 2-ci dərəcəli sürücü kimi müstəqil işə buraxılmış, 01.06.1983-cü ildə 4 saylı Avtobus parkının adı PUPP Nəqliyyat Nazirliyinin 2706 saylı avtokolonuna dəyişdirilmiş, 01.12.1984-cü ildə işdən azad edilmişdir. 23.01.1985-ci ildə Az. SSRANN-nin “Baktaksotrans” BLTD 6 saylı BTMP “B,C,D” kateqoriyalı sürücü işinə qəbul edilmiş, 07.05.1986-cı ildə işdən azad edilmişdir. 19.05.1986-cı ildə Bakı şəhəri, Əzizbəyov rayonu TTİ-35 İV dərəcə ilə çilingər işinə qəbul edilmiş, 29.04.1987-ci ildə işdən azad edilmişdir. 01.06.1987-ci ildə “Lesnoy” sovxozunun inşaat sexinə fəhlə ştatına qəbul edilmiş, 01.08.1987-ci ildə işdən azad edilmişdir. 03.04.1990-cı ildə Bakı Almüminum-Yayma Zavoduna rəngli metallardan naqillərin sürünülməsi sexinə 2-ci dərəcəli sürükləyən işinə qəbul edilmiş, 18.07.1994-cü ildə həmin sexin 2 nömrəli istehsal sahəsinə təmirçi çilingər işinə keçirilmiş, 16.09.1996-cı ildə attestasiya komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi verilmişdir. 23.06.2004-cü ildə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 15 fevral 2021-ci il tarixli, 03 nömrəli güzəştli arayışından görünür ki, “İddiaçı:
1. 26.09.1979-cu il tarixdən 05.04.1981-ci il tarixə kimi Metaləritmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092300a-18559.
2. 03.04.1990-cı il tarixdən 18.07.1994-cü il tarixə kimi məftilçəkmə sexində metal çəkicisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal çəkicisi, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-11487.
3. 18.07.1994-cü il tarixdən 23.06.2004-cü il tarixə kimi məftilçəkmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-18559. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur”. İş materiallarında olan "xxxx" ASC-nin 15 fevral 2021-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı 26.09.1979-cu ildən 05.04.1981-ci ilə, 03.04.1990-cı ildən 23.06.2004-cü ilədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin 04.05.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq 01.07.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə vermişdir. İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 22 fevral 2021-ci il tarixli, 2 nömrəli güzəştli arayışından görünür ki, “İddiaçı:
1. 26.09.1979-cu il tarixdən 05.04.1981-ci il tarixə kimi metaləritmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092300a-18559.
2. 03.04.1990-cı il tarixdən 18.07.1994-cü il tarixə kimi metalçəkmə sexində əlvan məftil çəkicisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı məftilçəkən, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-11487.
3. 18.07.1994-cü il tarixdən 23.06.2004-cü il tarixə kimi məftilçəkmə sexində təmirçi çilingər vəzifəsində işləmişdir. Vəzifəsinin adı təmirçi çilingər, siyahı İİ, bölmə Vİİİ, kod 2092304a-18559. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur”. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 10 sentyabr 2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, İddiaçı Beybalayeviç oğlu həqiqətən 26.09.1979-cu il tarixindən 05.04.1981-ci il tarixinə kimi keçmiş Bakı Alüminum-yayma zavodunda, yəni indiki "xxxx" ASC-də təmirçi çilingər vəzifəsində çalışıb. 03.04.1996-cı il tarixindən 18.07.1994-cü il tarixinə kimi əlvan metal əyiricisi, 18.07.1994-cü il tarixindən 23.06.2004cü il tarixinə kimi yenidən təmirçi çilingər vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. 19.02.2013cü il tarixində zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanıb. İddiaçı Beybalayeviç oğlunun da sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 31 avqust 2021-ci il tarixli, 4/1627 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı barəsində olan sorğuya cavab olaraq bildirilir ki, sorğuda qeyd olunan Bakı Alüminium yayma zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PB-nin 20.03.2013-cü il tarixli qərarından görünür ki, 10.03.2013-cü il tarixdə 4-cü ərazi DYNİ-nin rəhbərliyindən Şimal Dres yaşayış sahəsi ünvanında yerləşən "xxxx" ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış 004 saylı material daxil olmuşdur. Materialda göstərilmişdir ki, "xxxx" ASCnin sədri X1 4-cü ərazi DYNİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus "xxxx" ASC-nin arxiv otağında yanğın hadisəsi baş vermişdir. Ərizədə S.Musayev onu da qeyd etmişdir ki, həmin müəssisə 2000-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi yaradacaq hər hansı bir fakt yoxdur. Ona görə də qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 15.04.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (23 il 13 gün) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 33600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17553,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlərdən iş stajı ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İddiaçı ümumi iş stajını təsdiq edən sənədlər sırasında 2 əmək kitabçasını (bir üzlük altında tikilmiş 2 ayrı kitabça) təqdim etmişdir. İddiaçının birinci əmək kitabçası iki hissədən ibarətdir. Birinci hissə 13.05.1974-cü ildə açılmış, 13.05.1974-cü il tarixli əmək qeydi ilə başlayıb 01.08.1981-ci il tarixli qeyd ilə bitir. İkinci hissə 27.07.1981-ci ildə açılmış, 27.07.1981-ci il tarixli qeyd ilə başlayıb 01.08.1987-ci il tarixli qeyd ilə bitir. İkinci əmək kitabçası ИT-İ № ******* nömrəli olmaqla 05.04.1990-cı ildə doldurulmuşdur. Məhkəmə icaatına təqdim edilmiş adıçəkilən ИT-İ № ******* nömrəli, 05.04.1990-cı il tarixli əmək kitabçasının əslinə baxış keçirilərkən əmək kitabçasının içərisindəki səhifələrinin, üzərindəki yazıların rənginin kitabçanın doldurulduğu 1990-cı il tarixindək bu günədək saxlanma müddəti (keçən 31 il) nəzərə alındıqda aydın əks olunması (solmaması) adi gözlə müşahidə olunur. Bundan əlavə, 1990-cı ildən açılmış həmin əmək kitabçasında iddiaçının yalnız bir müəssisədə - Bakı Almüminum-Yayma Zavodunda işləməsi ilə bağlı qeydlər edilmişdir. Əmək kitabçasının rus dilindən tərcümə olunmuş nümunəsinə uyğun olaraq əmək qeydlərində iddiaçının 03.04.1990-cı ildə Bakı Almüminum-Yayma Zavoduna rəngli metallardan naqillərin sürünülməsi sexinə 2-ci dərəcəli sürükləyən işinə qəbul edildiyi, 18.07.1994-cü ildə həmin sexin 2 nömrəli istehsal sahəsinə təmirçi çilingər işinə keçirildiyi, 16.09.1996-cı ildə attestasiya komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi verildiyi qeyd edilsə də həmin qeydlərin heç birində (qeydin altında) əmrləri verən Bakı Alüminum- Yayma Zavodunun nə işəgötürəninin, nə də kadrlar şöbəsinin rəhbərinin adı və imzası qeyd edilməmişdir. Əmək kitabçasında Bakı Almüminum-Yayma Zavodundakı əmək fəaliyyəti dövrlərinin qeydləri zavodun kadr heyəti tərəfindən imzalanmamış, yalnız zavodun bazasında ASC yaradıldıqdan sonra iddiaçının 23.06.2004-cü ildə işdən azad edilmə barədə qeydləri "xxxx" ASC-nin kadrlar şöbəsinin imzası və ASC-nin möhürü ilə təsdiqlənmişdir. İddiaçının 1990-2004-cü illərdə Bakı Alümunium-Yayma Zavodunda işləməsini təsdiq edən işə qəbul, işdən çıxma barədə əmrlərin və əmək haqqı cədvəllərinin nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında əldə edilməsi mümkün olmamışdır. "xxxx" ASC 19.02.2013-cü ildə zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədlərinin yandığını və bu səbəbdən iddiaçıya heç bir sənəd verilə bilmədiyini, güzəştli arayışın isə əmək kitabçası qeydlərinə əsasən verdiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 21.02.2013-cü il tarixli yanğın haqqında aktdan görünür ki, komissiya üzvləri FHN BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru Fərhad Ələkbərov, inspektor d/x kapitanı Arif Quliyev və "xxxx" ASC-nin sədri Ş.Musayev 19.12.2003-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən "xxxx" ASC-də baş vermiş yanğın haqqında akt tərtib edilmişdir. Yanğın baş vermə ərəfəsində vəziyyət - yanğın baş verən sahədə heç bir təmir-tikinti işləri aparılmayıb. Obyektin fəaliyyəti 2000-ci ildən dayandırılıb. Beləliklə, məhkəmə təqdim olunan yanğın aktında müəssisənin 2000-ci ildən fəaliyyətinin dayandırıldığının qeyd edildiyi halda əmək kitabçası qeydində iddiaçının 23.06.2004-cü il tarixədək müəssisədə işlədiyinin göstərilməsini məntiqli hesab etmir. İddiaçı barəsində "xxxx" ASC-nin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş güzəştli arayışlardakı məlumatlar da qeyri-dəqiqdir. Belə ki, təqdim olunmuş arayışlarda İddiaçı 03.04.1990-cı ildən 18.07.1994-cü ilədək gah məftilçəkmə sexində metal çəkicisi, gah metalçəkmə sexində əlvan məftil çəkicisi, gah da əlvan metal əyiricisi işlədiyi qeyd edilməklə, işlədiyi peşənin konkret adı göstərilməmişdir. Beləliklə, müəyyən olunur ki, işəgötürən müəssisə adını qeyri-dəqiq bildiyi işçinin işlədiyi peşə barəsində güzəştli arayış təqdim etmişdir. Bundan əlavə, iddiaçı məhkəmə iclasında Bakı Alümunium-Yayma Zavodunda işlədiyi peşənin zərərliliyi ilə bağlı xüsusiyyətlərini izah edə bilməmiş, ümumiyyətlə işlədiyi vəzifələrin əmək funksiyalarının nədən ibarət olmasını təsvir edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məkəmə işin yuxarıda sadalanan hallarını nəzərə alaraq iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilən Bakı Almüminum-Yayma Zavodunda 03.04.1990-cı ildən 23.06.2004-cü ilədək olan dövrün müvafiq əmrlər, əmək haqqı cədvəlləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair sənədlərlə öz təsdiqini tapmadığından həmin dövrü iddiaçının ümumi iş stajına, eyni zamanda güzəştli iş stajına daxil etmir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı və güzəştli iş stajı yetərli deyildir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova