Məhkəmə qərarları › İş №2-1(112)-6296/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6296/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6296/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə qarşı, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi üçüncü şəxs qismində göstərilməklə “dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində xx.xx.2012-ci il tarixdən dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajının nəzərə alınaraq Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münaisbətinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu tarixdə analıq məzuniyyətində olan şəxsin yerinə Komitənin Ailə problemləri şöbəsində işə qəbul olunmuşdur. xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən bir il müddətinə stajçı kimi Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə qulluqda yüksəliş yolu ilə Komitənin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2013-cü il tarixdə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş və xx.xx.2013-cü il tarixdə ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2019-cu il tarixində inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. 2015-ci ildən etibarən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na əsasən hər il şöbə müdiri tərəfindən xidməti fəaliyyəti yüksək balla qiymətləndirilmişdir. Hal-hazırda iddiaçı Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı təxminən 9 ildir ki, dövlət qulluğunda dövlət qulluqçusu kimi uğurlu fəaliyyətini davam etdirir, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət qulluqçusu kimi hər ay vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, ildə 4 dəfə kollektiv mükafat, ildə 1 dəfə 1 aylıq vəzifə maaşı həcmində müavinət və məzuniyyət haqqı almışdır. Dövlət qulluğunda işlədiyi müddətdə dövlət əhəmiyyətli sənədlərin üzərində çalışmış, bir sıra Dövlət Proqramlarının hesabatının hazırlanması, təkliflərin irəli sürülməsi, tədbirlərin təşkil olunması, məktubların hazırlanması və s. fəaliyyət istiqamətlərində xidmət göstərmişdir. İddiaçı 2016-cı ildə Komitə sədri tərəfindən uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sədrinin əmri ilə dövlət qulluğuna qəbul edilərək, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərmişdir. Hazırda İddiaçı dövlət qulluğuna qanuni qəbul edilməsinin və dövlət qulluğu stajının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən tanınmaması qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının kobud pozulması halıdır. Belə ki, yuxarıda göstərildiyi kimi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla və həmin qanuna istinad edilməklə, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sədrinin əmri ilə dövlət qulluğuna qəbul edilmişdir. Onun fəaliyyəti hər il dövlət qulluqçusu kimi qiymətləndirilmişdir. Bundan başqa, onun adı dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli, 420 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət qulluqçuları reyestrinin aparılması Qaydaları”na əsasən Reyestrə daxil edilmişdir. Həmin reyestrinin aparılmasına və ümumi fəaliyyətinə nəzarətə görə isə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi məsuldur. Uzun illər ərzində dövlət qulluqçularının reyestrində İddiaçı dövlət qulluqçusu kimi görünsə də, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı nöqsan aşkar edilməmiş, 9 il ərzində bu fakta etiraz edilməmişdir, hətta ona 2019-cu ildə dövlət qulluğu stajının mövcud olması ilə bağlı arayış vermişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 04 mart 2022-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı 2012-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Komitədə inzibati vəzifələrin 5-ci təsnifatına aid olan aparıcı məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının Dövlət imtahan Mərkəzi tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən birbaşa dövlət qulluğuna qəbul edilmiş, 2013cü ildə isə əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edilmişdir. Eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun 14.1-ci maddəsində “dövlət qulluqçusu”nun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında” Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuşdur, İddiaçı çalışdığı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş müəyyən etmə və ya tanınma haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir. Eyni zamanda, iddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, iddiaçı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçının hazırkı iddia ilə etibarlı dövlət qulluğu münasibətlərinin qısa müddət ərzində mövcud olmasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olmasını müəyyən etməklə dövlət qulluqçusu kimi işlə təmin edilmə hüququnun yaranmasını müəyyən etmiş olur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur; 1327744 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6-cı maddəsinə uyğun olaraq 1 il müddətinə stajçı kimi Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 29.1 və 32.2-ci maddələrinə uyğun olaraq yüksəliş yolu ilə Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6 maddəsinə uyğun olaraq altı ay sınaq müddətilə Komitəyə qəbul edilmiş və Ailə problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir; Komitənin 31 may 2012-ci il tarixli, 110 “k” nömrəli əmrinə əsasən, İddiaçı 01 iyun 2012-ci il tarixdən 1 il müddətinə stajçı kimi Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir; Komitənin 02 dekabr 2013-cü il tarixli, 282 nömrəli əmrinə əsasən, İddiaçı 02 dekabr 2013-cü il tarixdən daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin beşinci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; Komitənin 02 iyun 2014-cü il tarixli, 106 nömrəli əmrinə əsasən, İddiaçı 02 iyun 2014cü il tarixdən qulluq stajına görə vəzifə maaşına 5% əlavə haqq ödənilmişdir; Komitənin 01 dekabr 2016-cı il tarixli, 312 nömrəli əmrinə əsasən, İddiaçı 02 dekabr 2016-cı il tarixdən inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir; Komitənin 01 iyun 2017-ci il tarixli, 114 nömrəli əmrinə əsasən, İddiaçı 01 iyun 2017ci il tarixdən İddiaçı qulluq stajına görə vəzifə maaşına 10% əlavə haqq ödənilmişdir; Komitənin 02 dekabr 2019-cu il tarixli, 321 nömrəli əmrinə əsasən, İddiaçı 02 dekabr 2019-cu il tarixdən inzibati vəzifələrin 5-ci təsnifatı üzrə Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir; İddiaçının Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunması barədə məlumatların 2012-ci ildən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilməsi və həmin dövrdən mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalan”nın 14-cü bəndinə və Azərbaycan Respublikasının Prezidenti yanında keçmiş X2 üzrə Komissiyasının 2011-ci il 11 mart tarixli 01/08/262-DQ- ST nömrəli məktubuna uyğun olaraq əlavələr edilməsi və yenilənməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır; 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı 2012-ci ildə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Komitənin 31 may 2012-ci il tarixli, 100 “k” nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır.. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində qəbul edilən Komitənin 31 may 2012-ci il tarixli, 100 “k” nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Komitədə dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı Komitədə dövlət qulluğu vəzifələrində 9 ildən artıq çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə iddiaçının ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 16.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; 17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində xx.xx.2012-ci il tarixdən işlədiyi aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində xx.xx.2012-ci il tarixdən işlədiyi aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar