Məhkəmə qərarları › İş №2-1(112)-6296/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6296/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6296/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X6 Xidmətinin Bakı Şəhər İdarəsinin və sabiq işçi X2 məhkəmə prosesinə cəlb edilərək dindirilməsini və X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 28 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və 10 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 xidməti Bakı şəhər İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq işçisi və öz xahişi ilə işdən azad edilmiş vətəndaş X2 hərbi hissədə mülki işçi kimi işlədiyi dövrlərdə müxtəlif vaxtlarda hüquqlarının pozulması barədə X6 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı müraciətə baxılmış və X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən belə nəticəyə gəlinmişdir ki, N nömrəli hərbi hissənin sabiq mülki işçisi vətəndaş Şəhriyar Mahmudovun, həqiqətən də, hərbi hissədə çalışdığı dövrdə hüquqları pozulmuşdur. N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən 2-ci dərəcəli kapitan İddiaçı məlumat üçün bildirir ki, N nömrəli hərbi hissənin sabiq mülki işçisi X4 hərbi hissənin təhkimatında olan hərbi təyinatlı üzən kranda takelajçı vəzifəsində çalışmışdır. Adı çəkilən üzən vasitə hərbi hissənin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin xidməti fəaliyyətində əhəmiyyətli rola malikdir. Belə ki, dənizdə batmış obyektlərin çıxarılmasında, naviqasiya işarələrinin qoyulması, götürülməsi, yerinin dəyişdirilməsi kimi işlərdə, dibdərinləşdirmə işlərinin və taktiki təlimlərin təminatında, döyüş və təlimlər zamanı döyüş gəmilərinə silah və döyüş sursatı, raket və digər partlayıcı maddə və qurğuların (mina) doldurulub boşaldılması və.s kimi həssas və vacib işlərə cəlb edilir. Belə bir taktiki vahiddə hər hansı bir hərbi qulluqçunun, o cümlədən mülki işçinin səhlənkarlığı, məsuliyətsizliyi eləcədə ani diqqətsizliyi nəticəsində yanğın, partlayış, batma və digər bədbəxt hadisələrin baş verməsi qaçılmazdır. Məhkəməyə təqdim edilən zəruri sənədlərdən (ərizələr, əmrdən çıxarışlar, əmək müqaviləsi, aktlar və şəxsi heyətin işə davamiyyət jurnalı və.s) aydın görünür ki, N nömrəli hərbi hissənin sabiq mülki işçisi X1 Neft Şirkətində özünə yeni iş tapmışdır. Bu səbəbdən də iyun ayında ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixində bir gün sənədlərini toplamaq üçün məzuniyyətə getmiş, xx.xx.2024-cü il tarixində heç kimə heç nə demədən və icazə almadan, ümumiyyətlə, işə gəlməmiş, xx.xx.2024-cü il tarixində isə iş yerinə gələrək təzə iş yeri tapmasını arqument gətirərək, öz xahişi ilə qısa zaman ərzində işinə xitam verilməsini komandirlərindən təkidlə xahiş etmişdir. Yuxarıda qeyd edilən hüquq pozuntusuna aydınlıq gətirilməsi və aradan qaldırılması məqsədi ilə X6 Xidmətinin Bakı Şəhər İdarəsində xx.xx.2024-cü il tarixində saat 11:30-da keçirilməsi nəzərdə tutulan işə baxılması planlaşdırılmış və həmin işə baxılmasında zəruri sənədlərlə birlikdə iddiaçının da iştirakı nəzərdə tutulsa da, bu barədə ona nə rəsmi, nə də qeyri-rəsmi məlumat verilmişdir. Belə ki, qeyd edilən tarixdə birtərəfli qaydada işə baxılmış və barəsində qərəzli inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib edilərək, xx.xx.2024-cü il tarixində 317-5/2-83479/2024 nömrəli bildirişlə birlikdə hərbi hissəyə göndərilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixində xx.xx.2024cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə 10 dekabr 2024cü il tarixində saat 11:30-da baxılması barədə hərbi hissəyə 317-5/2-86660/2024 nömrəli bildiriş daxil olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək məzuniyyətdə olması və 10 dekabra təyin edilmiş İnzibati xəta haqqında işə baxılması prossesində iştirak edə bilməyəcəyi barədə hərbi hissə tərəfindən rəsmi qaydada vəsatət verilməsinə və prosesin tarixinin dəyişdirlməsinin istənilməsinə baxmayaraq, X6 Xidmətinin Bakı Şəhər İdarəsində 10 dekabr 2024-cü il tarixinə təyin edilmiş prosesə qərəzli formada birtərəfli qaydada baxılmış, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN № ******* nömrəli qərar qəbul edilərək 1500 (min beş yüz) manat cərimə tətbiq olunmuşdur. İddiaçı qeyd edir ki, hərbi hissənin sabiq işçisi vətəndaş X3 qarşı hərbi hissədə hər hansı hüquq pozuntusu, eləcə də heç bir haqsızlıq və ədalətsizlik edilməyib. Dövlət Neft şirkətində yeni işə düzəlmək istədiyi üçün öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hətta inzibati xəta hadisəsi baş vermişdirsə belə, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlana bilməzdi. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 (üç) ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbindən görünür ki, bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatması inzibati xəta haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən müstəqil əsasdır. Hazırkı işin mübahisəsiz halıdır ki, Ş.Ə.Mahmudovla bağlanılmış əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixli 165 nömrəli əmrlə xitam verilmişdir. Yəni inzibati xəta baş vermişdirsə belə, bu xəta xx.xx.2024-cü ildə törədilmişdir. Belə olan halda inzibati xətanın aşkar edildiyi gündən Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində təsbit olunan inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti 27 sentyabr 2024-cü il tarixində bitmişdir. Hazırkı işin materiallarından, xüsusən də, barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat 3 (üç) aylıq müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixində başlanmış, həmin protokol üzrə inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb edilməsi barədə MN seriyalı ******* qərar isə 10 dekabr 2024-cü il tarixdə qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı məhkəməyə müraciət etmiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

I. İddianın mümkünlüyü

5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəziifəli şəxsə) verilir: hakimin qərarından – apellyasiya instansiyası məhkəməsinə (128.2.1); kollegial orqanın qərarından – kollegial orqanın olduğu yerin məhkəməsinə (128.2.2); səlahiyyətli orqanın (vəziifəli şəxsin) qərarından – yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə (128.2.3). 129.1.1-ci maddəsinə əsasən hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

7. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir.

8. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati tənbeh vermə haqqında qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməz. Göstərilən halda iddiaçı barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan müvafiq rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

9. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar