Məhkəmə qərarları › İş №2-1(112)-6297/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6297/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6297/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********360200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarınln ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********360200 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 2020-ci il üçün kameral qaydada 131496,35 manat əlavə vergi məbləği hesablanmışdır. Qərarda hesablamanın əsası kimi göstərilmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək bank hesablarınıza 1693167,5 manat mədaxilin və online kassa üzrə satışın 2669,23 manat olmasına baxmayaraq, tərəfinizdən 2020-ci üçün təqdim edilmiş mənffət vergisi bəyannaməsində dövriyyənin 1122720,0 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, vergi orqanı bank hesabına 1693167,5 manat və kassa hesabına 2669,23 manat pulun daxil olduğunu əsas götürərək vergi tutulan dövriyyəni 1695836,73 manat nəzərə almışdır. Qeyd olunmalıdır ki, müəssisə 2020-ci ildə hesablama metodu ilə işləmişdir. Bu səbəbdən də müəssisənin vergi tutulan dövriyyəsinin müəyyən edilməsi zamanı pul vəsaitinin onun hesabına daxil olduğu vaxt deyil, gəliri almaq hüququnun əldə edildiyi vaxt nəzərə alınmalıdır. Bu səbəbdən də müəssisənin hesablarına daxil olmuş pul vəsaitlərinin dövriyyə kimi nəzərə alınması yolverilməzdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, müəssisəyə 131496,35 manat gəlir vergisi hesablanmışdır. Vergi orqanının göstərdiyi hesablama əsaslarından məlum olur ki, hesablama bu şəkildə aparılmışdır. ((1693167,5 + 2669,23)-1122720) *20 % =114623,35 Lakin, bu şəkildə hesablama zamanı belə vergi orqanının hesabladığı vergilərin düzgün olmadığı müəyyən olunur. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək iddiaçının bank hesablarına 1693167,50 manat mədaxilin və Online kassa üzrə satışın 2669,23 manat olmasına baxmayaraq, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyənin 1122720,00 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Uçot baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 1240398,57 manat dəyərində (invoys dəyərilə) malların idxal edildiyi, təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ilin əvvəlinə mal qalığının 932111,00 manat və ilin sonuna mal qalığının 1209965,14 manat olduğu müəyyən edilmiş və 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1054197,00 manat qeyd edilmiş xərclə müqayisədə 91652,57 manat xərcin təsdiqini tapmaması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********820100 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2020-ci mənfəət vergisi üzrə 131496.35 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********360200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bəyannamə üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma zamanı bank məlumatlarına əsasən, ******* manat (ƏDV daxil) məbləğin hesaba mədaxil olduğu, yükgömrük məlumatlarına əsasən 1 240 398,57 manat dəyərində malın idxal edildiyi, elektron qaimə-faktura məlumatlarına əsasən, 12527,41 manat mal (iş,xidmət) əldə edildiyi, nəticədə 79125,57 manat təsdiqini tapmayan xərclərin mövcudluğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi gəliri 1490585,59 manat (1758891/1,18) müəyyən edilmiş, xərcləri isə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədən 79125,57 manat azaltmaqla hesablanmış vergi məbləği 42098.12 manat azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********589200 nömrəli “Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********589200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə, 2020-ci il üzrə 89.398,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. (Vergi orqanı tərəfindən hesablanmış mənfəət verigisi 102.054,83 (144.152,95-42.098,12) manat - təqdim edilmiş bəyənnamə üzrə 12656,60 manat mənfəət vergisi) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. ... Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Cavabdeh inzibati orqan tərəfindən ilk olaraq xx.xx.2023-cü il tarixli **********360200 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 2020-ci il üçün kameral qaydada 131496,35 manat əlavə mənfəət vergisi hesablanmış, daha sonra xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında hesablanmış vergi məbləği azaldılaraq 89.398,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qeyd olunmalıdır ki, iddiaçı ən son xx.xx.2023-cü il tarixdə 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmiş, həm xx.xx.2023-cü il tarixli **********360200 nömrəli, həm də xx.xx.2023-cü il tarixli **********589200 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarlar xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsinin kameral qaydada yoxlanması nəticəsində qəbul edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Beləliklə vergi orqanı Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozaraq eyni bəyannamə üzrə iki dəfə ardıcıl kameral vergi yoxlaması keçirmişdir. Qeyd edilən hal cavabdehin etirazdında da göstərilmişdir. Belə ki, bəyənnamə üzrə yenidən araşdırma aparıldığı və yeni qərarın qəbul edildiyi bildirilmişdir. Hesablamaya münasibətdə qeyd olunmalıdır ki, hesablamanın əsası kimi iddiaçının bank hesablarına ƏDV daxil ******* manat (ƏDV-siz 1490585,59) manat vəsaitin daxil olması göstərilmiş və həmin vəsait cavabdeh tərəfindən dövr üzrə əldə edilən gəlir kimi qəbul edilmişdir. Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergi Məcəlləsinin 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən kassa metodu ilə çalışan vergi ödəyiciləri dövr üzrə bank hesabına daxil olmuş vəsaiti bütövlükdə mənfəət (gəlir) vergisi bəyannaməsində gəlirlər kimi bəyan etməyə borcludur, hesablama metodu ilə çalışan vergi ödəyicilərinə dair belə bir imperativ tələb qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh isə, hesablama zamanı iddiaçının ümumi gəlirini dövrü üzrə onun bank hesabına daxil olmuş vəsaitlərin cəmi kimi qəbul etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli mənfəət vergisi bəyannaməsində iddiaçının ümumi dövriyyəsi 1122720,0 manat göstərilmişdir. Eləcə də yanvar-dekabr 2020-ci il tarixləri üzrə iddiaçı tərəfindən təqdim edilmiş və vergi orqanı tərəfindən kameral qaydada yoxlanılaraq qəbul edilmiş ƏDV bəyannamələrindən iddiaçının 2020-ci il üzrə dövriyyəsinin 1122720,0 manat olduğu müəyyən edilir. Beləliklə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 2020-ci il üzrə iddiaçının gəlirlərinin 1122720,0 manat olmasının cavabdeh tərəfindən təsdiq edildiyi müəyyən edilir. Belə olan halda cavabdehin mənfəət vergisinə münasibətdə ümumi gəlirlərin 1122720,0 manatdan fərqli olmasını iddia etməsi ziddiyyətli olmaqla işin hallarına uyğun deyil. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır, bu da bu da qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********589200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar