Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6299/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya 65 yaşdan əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı bildirir ki, onun ümumi iş stajı 25 ildən çox olmasına baxmayaraq, cavabdeh əmək haqqı cədvəllərinin olmadığına əsaslanmaqla onun müraciətinin təmin edilməsindən imtina edir. Halbuki, onun işləməsi müvafiq olaraq əmək kitabçasında öz əksini tapır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, təqdim olunan sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar (15 ay) da nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 6 ay 11 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən "xxxx" ASC-nin əmr kitablarının və əməkhaqqı dair arxiv sənədlərinin olmaması səbəbindən xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əməkhaqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Diplomun surətindən görünür ki, iddiaçı 1979-1984-cü illərdə “Əmək iqtisadiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək kitabçalarından görünür ki, iddiaçı: xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək dülgər köməkçisi, dülgər, santexnik; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək daşıyıcı; xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək qaz-elektrik qaynaqçısı; xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orduda xidmət etmiş; xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək qarderobçu; xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi Sumqayıt Üstgeyim Trikotaj Fabrikasında elektrik-çilingər; xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Xalq Təhsil Şöbəsinin X1 Şöbəsində mühasib, müvəqqəti rəhbər; xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Bakı Maliyyə Şöbəsinin Ştat şöbəsinin təftişçi-müffətişi, maliyyəçisi, böyük təftiş-müffətişi, aparıcı inspektoru; xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Baş Dövlət Vergi Müffətişliyində vergi müffətişi; xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Baş X2 Bakı şəhəri Nizami rayonu üzrə X2 Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət verginin müffətişi, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Sumqayıt şəhər üzrə Vergilər Şöbəsinin müffətişi; İnter-Textile ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1979 cu il tarixli, 583 nömrəli əmr əsasında Sumqayıt Yst Trikotaj Fabrikinə elektrik çilingəri vəzifəsinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37ci Maddəsinə əsasənföz xahişi ilə) xx.xx.1987 ci il tarixli,68 nömrəli əsasında xx.xx.1987 ci il tarixdən həmin vəzifədən azad olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədlərin surətlərinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar (15 ay) da nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 6 ay 11 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən "xxxx" ASC-nin əmr kitablarının və əməkhaqqı dair arxiv sənədlərinin olmaması səbəbindən xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixinədək əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 5 dekabr 2000-ci il tarixli, 335 nömrəli sərəncamı ilə Xalq üçün mallar Dövlət Konserninin Sumqayıt Üst Trikotaj fabrikinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi prosesi 11 iyul 2006-cı il tarixində yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC (Sumqayıt Üstgeyim Trikotaj fabriki) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi və faktiki ünvanı ünvan 1 X3r və hal-hazırda fəaliyyəti dayandırılmışdır. Bundan başqa bildiririk ki, 1979-1987-ci illər üzrə məlumatların vergi məlumat bazasında olmadığı üçün məlumatın verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi izahatdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi bir hala istinad etmişdir: -iddiaçının ümumi iş stajının 25 ildən az olmasıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2023-cü il tarixdən 31 iyun 2024-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı isə Məhkəmə aşağıdakiların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının mübahisələndirilməyən iş stajının 18 il 06 ay 11 gün olduğu qənaətindədir. Cavabdeh iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1987-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrü mübahisələndirir. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirilən iş stajı (1979- 1987-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş, mübahisələndirilən dövrlərdə iddiaçının işlədiyi müəssisəsinin mövcud olub-olmaması, həmin müəssisənin hər hansı daşınmaz əmlaka hüquqlarının olub-olmaması, hüquqları qeydiyyata alınmışdırsa bununla mülkiyyət sənədlərinin surəti, özəlləşdirilməsinin həyata keçirilib-keçirilməməsi, ləğv edilibedilməməsi, hüquqi varisinin mövcud olub-olmaması, ümumiyyətlə həmin müəssisənin özəlləşdirilməsi həyata keçirilmişdirsə özəlləşdirilmə ilə bağlı barədə məlumatların, iddiaçının həmin müəssisədə çalışmasını müəyyən edə biləcək məlumatların təqdim olunması xahiş olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş sorğulara cavab məktublarından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 5 dekabr 2000-ci il tarixli, 335 nömrəli sərəncamı ilə Xalq üçün mallar Dövlət Konserninin Sumqayıt Üst Trikotaj fabrikinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi prosesi 11 iyul 2006-cı il tarixində yekunlaşmış və müstəqil təsərrüfat subyektinə çevrilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir Məhkəmə qeyd edir ki, doğrudur ki, səhmdar cəmiyyətin özəlləşdirmə planında səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçının həmin dövrdə işləməyə əmək kitabçası ilə yanaşı həmçinin, hal-hazırda fəaliyyəti dayandırılmış "xxxx" ASC-nin arayışı ilə də təsdiq olunmuşdur. Bundan başqa Məhkəmə diqqətə çatdırmaq istəyir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, hər nə qədər də iddiaçının işlədiyi müəssisə tərəfindən arxiv sənədlərinin təhvil verilməsi təmin olunmasa da, həmin müəssisənin 1979-1987-ci illər ərzində mövcud olması təsdiq olunur. Həmçinin, qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının mübahisələndirilən dövrlər onun sığorta stajına daxil edir. Bu zamanda Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən dövrün bir hissə xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək qarderobçu kimi işlədiyi müddət ilə üst-üstə düşür. ƏPQ-nun müddəalarına əsasən Məhkəmə həmin dövrü kəsintisiz olaraq nəzərə alır. Digər tərəfdən nəzərə alınmalıdır ki, müəssisə tərəfindən xx.xx.2006-cı il tarixədək məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsinə münasibətdə qeyd edir ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1979-1987-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, o, 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, mübahisələndirilən dövrlər nəzərə alındıqda iddiaçının ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur. Odur ki, iddiaçının xx.xx.2023-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni 08 sentyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov