Məhkəmə qərarları › İş №2-1(112)-63/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-63/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-63/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı "xxxx" MMC-nin fəaliyyətinə, şəxsi hesab vərəqəsinə, ƏDV sub-uçot, depozit hesabına hər hansı bir qanunsuz müdaxilə etməkdən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Eyni zamanda, iddiaçı "Perspektiv-A” MMC-nin sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün məhdudiyyətin aradan qaldırılması və sub-uçot depozit hesabından hər hansı məbləğin tutulmasının, habelə silinməsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4046/2019 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, "PERSPEKTİV-A” Məhdud Məsuliyyətinin Cəmiyyətinin sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün qoyulmuş məhdudiyyət aradan qaldırılmalı, sub-uçot depozit hesabından hər hansı məbləğin tutulması, habelə silinməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2582/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4046/2019 saylı 14 sentyabr 2018-ci il tarixli qərardadı dəyişirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 280/19 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2582/18 saylı, 19 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-720/2019 saylı, 13 mart 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4046/2019 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-252/2019 saylı, 15 may 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, "Perspektiv-A” məhdud məsuliyyətli cəmiyyətinin sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün məhdudiyyət aradan qaldırılması, subuçot depozit hesabından hər hansı məbləğin qanunsuz tutulması, habelə silinməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilmişdir. Həmin qərardaddan cavabdehlər tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1574/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-252/2019 saylı, 15 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 2907/19 saylı, 29 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1574/19 saylı, 09 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-252/2019 saylı, 19 dekabr 2019cu il tarixli qərardadı ilə iddiaçının direktoru X2 ərizəsi təmin edilmiş, "PERSPEKTİV-A” MMC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı "xxxx" MMC-nin fəaliyyətinə, şəxsi hesab vərəqəsinə, ƏDV sub-uçot depozit hesabına hər hansı bir qanunsuz müdaxilə etməkdən çəkinmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə inzibati iş üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin cavabdeh olduğu hissədə iddianın geri götürülmüş sayılması və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş hakim F.Mədətlinin icraatına verildikdən sonra bir sıra qanunamüvafiq prosessual hərəkətlər edilərək iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçının hüquqi ünvanına göndərilən məhkəmə bildirişləri “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində inzibati məhkəmə icraatından yayınmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin «Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz» müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı "xxxx" MMC-nin fəaliyyətinə, şəxsi hesab vərəqəsinə, ƏDV sub-uçot, depozit hesabına hər hansı bir qanunsuz müdaxilə etməkdən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar