Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-63/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X5) “registrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyatın (qeydiyyat №1133, əmlakın registr nömrəsi ***- *******9-003) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli evin 44 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxsus olan mənzil 1 mərtəbəli binada yerləşir və Xətai prospektinə qapısı açılır. İddiaçı uzun müddətdir həmin mənzili qeyri-yaşyaış sahəsi kimi istifadə edir. Həmin mənzilin texniki pasportunda, ümumiyyətlə binanın texniki sənədlərində mənzilin altında zirzəmi mərtəbəsi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən mənzilin döşəməsindən aşağıya giriş açılaraq, əllə qazılaraq torpaq çıxarılmaqla mənzilin altında zirzəmi sahəsi yaradılmışdır. İddiaçı mənzili qeyri-yaşayış sahəsi kimi istifadə etdiyindən döşəmədən aşağıya açılmış sahədən məişət məqsədilə saxlanc yeri kimi istifadə etmişdir. Bir neçə il əvvəl iddiaçı mənzilin Xətai prospekti tərəfindən giriş qapısının yanından zirzəmiyə giriş açmaq istəmişdir, kustar üsulla yoldan aşğıya açılmış giriş sahəsi ərazinin mənzil kommunal istismar sahəsi tərəfindən məcburən bağlatdırılmışdır ki, binanın zirzəmisi mövcud olmadığına görə burada giriş açılması evin divarlarının dayanıqlığına təsir göstərə bilər. Ona görə də iddiaçı mənzilin döşəməsindən aşağı açılmış girişdən istifadə edərək orada müəyyən avadanlıqlar və mallar saxlayır. Əvvəllər bir neçə dəfə iddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə və ərazi mənzil kommunal istismar sahəsinə müraciət edərək, mənzilin altındakı sahəyə bayırdan giriş qapısının açılmasına, zirzəminin genişləndirilməsinə və sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Lakin iddiaçıya 1910-cu ildə tikilmiş binanın zirzəmi mərtəbəsinin nəzərdə tutulmadığından, mənzilin altının əlavə qazılmasının və bayırdan giriş qapısının açılmasının binanın dayanıqlılığına xələl gəlirə biləcəyi, binanın zirzəmi mərtəbəsi nəzərdə tutulmadığına görə həmin sahənin sənədləşdirilməsi, özəlləşdirilməsinin də mümkün olmadığı bildirilmişdir. Lakin iddiaçı obyektin döşəməsindən aşağı açılmış girişdən xırda əşyaların yığılması üçün istifadə edir. Sonradan iddiaçının istifadəsində olan və mənzilin altında olan zirzəmi üçüncü şəxs X5 tərəfindən özəlləşdirilmişdir. İddiaçının mülkiyyətində olan obyektin zirzəmisinin uzun illər iddiaçının istifadəsində olmasına baxmayaraq, «qeyri-yaşayış sahəsi» adı ilə başqa şəxsin adına sənədləşdirilməsi iddiaçının hüquqlarının pozulmasıdır. Üçüncü şəxsin sözügedən zirzəmini hansı yolla əldə etməsini araşdırdıqda cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi ilə üçüncü şəxs arasında xx.xx.2018-ci il tarixli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi» bağlandığı, üçüncü şəxsin adına 20.1 kv.m qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi və xx.xx.2018-ci il tarixli «qeyri-yaşayış sahəsin»nin texniki pasportunun tərtib olunduğu məlum olmuşdur. Lakin nə xx.xx.2018-ci ildə, nə də ondan əvvəl və sonrakı tarixlərdə heç vaxt iddiaçının mülkiyyətində olan sahənin zirzəmisinə hər hansı bir orqan, həmçinin cavabdehin müvafiq qurumlarının əməkdaşları tərəfindən baxış keçirilməmişdir. Belə olduğu halda olmayan bir girişdən (texniki pasportda, guya, sahəyə girişin artırılmış sahədən olduğu yazılır), mövcud olmayan artırılmış sahədən «obyektə» girişin mümkünsüzlüyü aşkardır. Lakin cavabdehin əməkdaşları mövcud olmayan sahəyə, mövcud olmayan girişdən guya girərək, həmin sahənin texniki pasportunu hazırlamışlar. Beləliklə, həm müqavilə, həm də onun əsasında verilmiş çıxarış və texniki pasport formal olaraq, faktiki vəziyyət nəzərə alınmadan tərtib olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 izahatında bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanında yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsi cavabdeh Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Qeyd edilən Əsasnamənin 15-ci bəndinə uyğun olaraq balanssaxlayıcı Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin təqdim etdiyi sənədlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmışdır. İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına əsaslansa da, bunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədə malik deyil. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən qeyriyaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. İddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları yoxdur. Digər tərəfdən iddiaçının qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış evi ilə mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin ayrı-ayrı giriş-çıxış qapıları mövcuddur, mübahisə predmeti olan sahədən istifadə edilməsi iddiaçının öz mülkiyyətində olan sahədən istifadəyə hər hansı bir maneçilik törətmir. Eyni zamanda, iddiaçının əvvəllər qeyd olunan sahənin özəlləşdirilməsi üçün dəfələrlə yerli icra hakimiyyəti orqanına müraciət etməsi həmin sahənin mülkiyyət hüququ ilə dövlətə məxsus olmasının, həmin sahə üzərinə hər hansı hüquqlarının mövcud olmadığının ona məlum olduğunu sübut edir. Belə olan halda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan, həmin hüququn qeydə alınmasına əsas olmuş sənədlərin etibarlılığına hər hansı şübhə ola bilməz. Bu isə iddiaçının hazırkı iddia tələbini irəli sürməyə hər hansı bir subyektiv hüququnun olmadığını göstərir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahatında bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai prospekti, 33 ünvanda yerləşən 20.1 kv.m qeyriyaşayış sahəsini hərracdan almışdır, hazırda həmin qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin zirzəminin iddiaçıya məxsus olması barədə heç bir sənəd yoxdur, iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli evin 44 saylı mənzilində yaşayır. Sevincin evinin aşağısında əvvəllər zirzəmi olmamışdır, zirzəmi sonradan qazılmışdır. Onun əri ustadır və zirzəminin qazılmasında onun əri də iştirak etmişdir. Onun öz mənzilində də zirzəmi yoxdur, ümumiyyətlə sözügedən binada mənzillərin heç birində zirzəmi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusudur. O, özü 1989-cu ildən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli evin 46 saylı mənzilində yaşayır. Sevincin evinin aşağısında olan zirzəmi sonradan qazılmışdır, o da həmin zirzəminin qazılmasına kömək etmişdir. Həmin binada ümumiyyətlə zirzəmi olmamışdır. Zirzəminin ayrıca giriş-çıxışı olmamış, iddiaçının mənzilinin içəri tərəfindən girişi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən dövlət mənzil fonduna aid yaşayış binası Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 035919 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti, 33 saylı evin 44 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.1996-cı il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3/97 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanı 1910-cu ildə inşa edilmiş ümumi həyət tipli ev Birliyin balansındadır, ümumi həyət tipli evin texniki sənədləri yoxdur və balansda olan zirzəmi mövcud olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli ünvanda yerləşən bina (ev) 1910-cu ilin tikilisi olduğu üçün binanın layihəsi yoxdur, bu səbəbdən də sözügedən binanın zirzəmi mərtəbəsinin layihədə nəzərdə tutulub-tutulmamasını təyin etmək mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən (elektron) görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 saylı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 448 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən, sahəsi 58,2 kv.m olan 45 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №1133) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, 1910-cu ildə istismara verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanda yaşayış binası ***-*******9 registr nömrəsi ilə, sahəsi 20.1 kv.m olan zirzəmi isə ***-*******9-003 registr nömrəsi ilə qeydiyyata alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin: 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında - dövlət əmlakının yerli registrləri aparılır. 7-ci bəndinə əsasən dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. 8-ci bəndinə əsasən Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir. 15-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). 16-cı bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında sənədlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində registrdə qeydiyyata alınmalıdır. Zərurət yarandıqda, daşınmaz dövlət əmlakı barədə məlumatın təqdim olunmuş sənədlərə uyğun gəlməsini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz təşəbbüsü ilə və yaxud onun yerli qurumlarının təklifi ilə təqdim olunan məlumatların və sənədlərin dəqiqliyini yoxlaya bilər. 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 saylı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №1133) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən 1910-cu ildə istismara verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanda yaşayış binası ***-*******9 registr nömrəsi ilə, sahəsi 20.1 kv.m olan zirzəmi isə ***-*******9-003 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin zirzəmi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aşağı hissəsində yerləşir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli ünvanda yerləşən bina (ev) 1910-cu ilin tikilisi olduğu üçün binanın layihəsi yoxdur, bu səbəbdən də sözügedən binanın zirzəmi mərtəbəsinin layihədə nəzərdə tutulub-tutulmamasını təyin etmək mümkün olmamışdır. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3/97 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanı 1910-cu ildə inşa edilmiş ümumi həyət tipli ev Birliyin balansındadır, ümumi həyət tipli evin texniki sənədləri yoxdur və balansda olan zirzəmi mövcud olmamışdır. Göründüyü kimi, dövlət əmlakının Registrində qeydiyyata alınmış zirzəmi mövcud olmamışdır. Belə olan halda qeyd olunan zirzəmi ilə əlaqədar dövlət əmlakının Registrində qeydiyyat aparıla bilməzdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyat (qeydiyyat №1133, əmlakın registr nömrəsi ***-*******9-003) etibarsız hesab edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-63/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-63/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver