Məhkəmə qərarları › İş №2-1(112)-63/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-63/2025

14.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-63/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və 16 saylı şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 olan xəstəliklərlə bağlı olan əlillik dərəcəsinin verilməsini, əlilliyin verilməsinin kəsildiyi gündən ödənilməmiş məbləğin alınıb verilməsinə dair vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini və 16 saylı şəhər Poliklinikasını göstərməklə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının sağlamlığında olan xəstəliklərlə bağlı əlillik dərəcəsinin verilməsindən Tibbi-Sosial Ekspert Komissiyasının imtinası qanunsuz hesab edilməsi və cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onun Tibbi-Sosial Ekspert komisiyyasının üzərinə iddiaçıya 2-ci dərəcəli (2-ci qrup) ömürlük-əlillik dərəcəsinin verilməsi və əlilliyin verilməsinin kəsildiyi gündən ödənilməmiş məbləğin alınıb verilməsinə dair vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı daha sonra yenidən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 16 saylı şəhər Poliklinikasının cavabdeh qismində iştirakına xitam verilməsini və ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin olunmuşdur. İddia tələbi bununla əsaslandırılmışdır ki, 2016-cı ildən başlayaraq həkimlərin müayinəsindən keçmiş və ona qanunla müvafiq qaydada 3-cü dərəcə ömürlük əlillik təyin olunmuşdur. DİAQNOZ: Sol buzu oynağı Yarımçıxığı. Sol Bazu oynağının yaxınlaşdırıcı kontrukturası. Daimi ağrı .2.3. Üçüncü dərəcə əlillik 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3). Xəstəliyin əks göstəriş olmayan işlərdə işləyə bilər. 6 ay ərzində xəstənin halı pisləşmiş və onu yenidən həkim müayinəsindən keçirilmiş və komissiyaya göndərilmişdir. Bu dəfə komissiya tərəfindən 2016-cı il tarixindən 2021-ci tarixinə kimi 5 il müddətinə 2-ci qrup əlillik təyin olunmuşdur. DİAQNOZ: Bazu oyııaqlarn adəti çıxığı. Əzələlərin atrofivası. Oynaqların Kontrakturası, Skolioz. Döş qəfəsinin protruziyası. Veqetativ sinir sisteminin digər pozğunluqları. İkinci dərəcəli əlillik. Növbəti olaraq yenə də xəstəni Tibbi Sosial Ekspert Komissiyasına müayinə ilə bağlı göndərilmişdir. Bu dəfə isə iddiaçıya əllilik verilməsinə təmamilə imtina verilmişdir. Səbəb olaraq: Əlavə müalicəyə ehtiyacı olması. Ətraflı Reabilitasiya bərpa müalicəsinə ehtiyacının olması göstərilmişdir. DİAQNOZ: Hipomolillik sindromu. C6-7.Th 1-11. Th11-17 X6. Daimi ağrı sindromu. Hər iki bazu oynağının hipoplaziyası, Artrozu. Xəstəliyi ilə əlaqədartam aydınlıq gətirilməsi üçün aşağıda göstərilən arayışlar, xəstəlik tarixləri, diaqnozlar və sairə sənədlər (surətləri təqdim olunur) barəsində məlumat vermək istəyir. Belə ki, bu xəstəliyin ağır forması artıq 2015-cı ildən başlayaraq güclənməyə doğru gedirdi. Xəstəliyin dinamikasında yaxşılaşma olmadığı və əmək qabilıyyətsiz olduğu üçün HMK-nın rəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 saylı qərarına və xx.xx.2015-ci il tarixli 413 saylı qərarına istinadən, hər iki halda əsassız bahanələrlə imtina edilib. X10 ehtiyacın olması. Ətrallı: Reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır. DİAQNOZ: Hipemobillik sindromu. C6-7.Th 10-11. Th 11-17 X5. Daimi Ağrı sindromları. Hər iki bazu oynağının hipoplaziyası, Artrozu. «Təkrar əlavə müalicə, aparılmış ambulator və stas.müddətinin yetərli olmaması, xəstəlik tarixinin az olması» səbəbi göstərilib. Xəstəliklər ilə əlaqədar epikrizlər və ona əlavə olunmuş bütün sənədlər TSEKə göndərilmiş və TSEK-in cavabı «Diaqnoz: Xəstənin əlavə stasinar müalicəyə ehtiyacı var» olmuşdur. 2015-2016-cı ildən hal-hazırkı günə kimi onlarla xəstəxanalarda, bundan başqa ambulator müalicələr də almışdır. Lakin göründüyü kimi heç bir irəliləyiş yoxdu. Günü gündən vəziyyəti pisləşir. Xəstəlik ilə əlaqədar epikriz və ona əlavə olunmuş bütün sənədlər yenə də TSEK-ə göndərilmişdir. Lakin cavab dəyişmir. İlkin olaraq ona 3-cü dərəcəli əlillik ömürlük verilmişdir. Sonra onu 16 saylı Bakı şəhər Poliknikadan çağırdılar yenidən komissiyaya göndərmişlər. Bu dəfə ona 5 illik əlillik dərəcəsi verilmişdir. Hal hazırda isə iddiaçıya yuxarıda göstərilən xəstəliklərinə baxmayaraq imtina (05.04 2022-ci il) verilmişdir. AR Əmək və Əhalinin Sosial .Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat ona xx.xx.2022-ci il tarixində verilmişdir. 16 saylı Bakı şəhər Poliklinikasının həkimləri məhkəməyə dəvət ediləcəkləri halda göndərişin qanunvericiliyin tələbinə uyğun olduğunu təsdiq edəcəklərini bildirmişlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 16 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2; XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları-S43 - Yuxarı ətraf qurşağının kapsul-bağ aparatın; Diaqnozun mətni: sol bazu oynağinin yarimçixiği. sol bazu oynağinin yaxinlaşdirici kontrakturasi. daimi ağri sindromu. əzələlərin atrofiyasi; Meyar: 2.3 Üçüncü dərəcə əlillik=2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bakı 16 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri-S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları - S43 - Yuxarı ətraf qurşağının kapsul-bağ aparatın; Diaqnozun mətni: Bazu oynaqların adəti çıxığı.Əzələlərinin atrofiyası. Oynaqların kontrakturası. Skolioz. Döş qəfəsinin protruziyası. Vegetativ sinir sisteminin digər pozğunluqları; Meyar: 2.2 İkinci dərəcə əlillik - 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 16 nömrəli şəhər Poliklinikasının 29.11,2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları - S43 - Yuxarı ətraf qurşağının kapsul-bağ aparatın...; Diaqnozun mətni: S43.0 Bazu oynağının çıxığı, hər iki bazu oynağinin adəti ÇİXİĞİ Ağırlaşma 273.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, hər iki yuxari ətraf funksiyasinin qabariq pozulmasi. Ağırlaşma M25.3 oynağın digər qeyri-stabilliyi, hər iki bazu oynağinin qeyri-stabilliyi. Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki yuxari ətraf əzələlərinin hipotrofiyasi. Ağırlaşma S43.5 Akromialkörpücük oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi, ikitərəfli subakromial impinqement, hər iki supraspinal vətərində tendinozis. ağırlaşma m41 skolioz, onurğanin sag tərəfli skoliozu. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, hər iki bazu oynağinin hipoplaziyasi,artrozu. Ağırlaşma M17 Qonartroz [diz oynağının artrozu], hər iki diz oynağinin artrozu; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnozun ağırlaşmasını dəqiqləşdirmək üçün RTTOl da və nevroloji klinikada əlavə müayinə qərarı verildi.” səbəbi ilə imtina verilmişdir. Bakı 16 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrarən baxılmış və X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri - M00-M25 - Artropatiyalar - M20-M25 - Oynaqların digər zədələnmələri - M24 - Oynaqların digər spesifik zədələnmələri...; Diaqnozun mətni: Oynaqların təkrarlanan çıxıq və burxulmaları, hər iki bazu oynağinin adəti çixigi.Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki yuxari ətraf əzələlərinin hipotrofiyasi; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr yetərli deyil.Elektromieloqrafiya müayinə olunması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X2: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri - M00-M25 - Artropatiyalar - M20-M25 - Oynaqların digər zədələnmələri - M25 - Oynaqların başqa rubrikalarda təsnif olunm...; Diaqnozun mətni: Hipemobillik sindromu.C6-7.Th 10-11.Th11-17 fəqərəarasi disk protruziyasi.daimi agri sindromu.hər iki bazu oynağinin hipoplaziyasi,artrozu; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçıya verilmiş 2750003AAF0U nömrəli göndərişdə əsas diaqnoz olaraq “Oynağın digər qeyri-stabilliyi Hipermobillik sindromu” qeyd olunmuşdur. İddiaçıya dair X9 Çıxarışdan görünür ki, o, xx.xx.2016-cı il tarixdə müayinə olunmuş və həmin tarixdə ona ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin olunmuşdur (2.3 üçüncü dərəcə əlillik=»2.5.13 əlin və ya pəncənin iflici (G83.0-G83.3)). Diaqnozun mətnində “Sol Bazu oynağının yarımçıxığı. Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. daimi ağrı sindromu. əzələlərin atrofiyası” göstərilmişdir). Daha sonra xx.xx.2016-cı il tarixdə iddiaçının əlillik vəziyəti Agentlik tərəfindən yenidən qiymətləndirilmiş və ona əyani qiymətləndirmə nəticəsində 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (diaqnoz- bazu oynaqların adəti çıxığı, əzələrin atrofiyası, skolioz. Döş qəfəsinin protruziyası. Vegetativ sinir sisteminin digər pozğunluqları). İşdən müəyyən olunur ki, iddiaçıya təyin edilmiş əlillik müddəti bitdikdən sonra xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə onun barəsində tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmiş, həmin göndərişlər əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilməklə “göndərişin natamam doldurulması” səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmçinin İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozu “Hipemobillik sindromu. C6-7.Th 10-11.Th11-17 X5.daimi ağrı sindromu.hər iki bazu oynağının hipoplaziyası, artrozu.” olaraq göstərilmişdir. İddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş, imtina səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır.” kimi göstərilmişdir. Bu imtina ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə vaxt verilmiş, cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlilliyin təyini qərarı verilmişdir. İddiaçı cavabdehin ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməsi ilə razılaşmayaraq, hazırda ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İş materiallarından görünür ki, iddiaçı barəsində verilmiş xx.xx.2022-ci il tarixli göndərişdə M19.1-digər oynaqların posttravmatik artrozu, hər iki bazu oynağının hipoplaziyası, artrozu diaqnozu qoyulmuş, həmin xəstəliyin beynəlxalq təsnifat kodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Həsənov da iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 13.3.7-ci bəndində nəzərdə tutulan xəstəliyə uyğun gəldiyini qəbul etmişdir, hansı ki, həmin bəndə əsasən ağır dərəcəli bazu oynağının qeyristabilliyi, eləcə də laxlayan oynaq və daimi oynaq çıxıqları və ya bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulmasının müəyyən edilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlardan aydın olur ki, cavabdeh iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsindən imtina etsə də, iş materialları ilə bu hal tam təkzib olunmuşdur. Bu səbəbdən iddia tələbi müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində əsaslıdır. İşdən görünür ki, iddiaçı ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. Lakin o, həmin tarixdən sonra cavabdehin imtinalarını mübahisləndirməmişdir, buna görə də iddia həmin hissədə təmin edilə bilməz. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ikinci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar