Məhkəmə qərarları › İş №2-1(112)-630/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-630/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-630/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda onun fevral 1988-ci il tarixindən 09 oktyabr 1991-ci il tarixədək Göytəpə kənd özünümüdafiə dəsdəsinin tərkibində Erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Göytəpə kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı sübut olmuşdur. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, onun heç bir məhkumluğu yoxdur. Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 №-li qərarına əsasən yerli İcra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), növbə çəkmə kitablarında (arxiv post kitabı misal gətirmək olar), bununla da yerli İcra hakimiyyətində saxlanılan 1988-ci il fevraldan 09 oktyabr 1991-ci ilə kimi həmin kitablarda adı olan döyüşmüş insanlara müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq, son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin vasitəsi ilə sənədlər qaydasında göndərilsə də əsassız olaraq imtina edilmişdir. Ancaq hazırki ərizəyə əlavə edilmiş sübutlar təsdiq edir ki, o dövürdə ölkədə başsızlıq, yəni ölkə rəhbərinin ölkəyə rəhbərlik edə bilməməsindən döyüş zonalarında kənd soveti sədrləri və kalxoz-solxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələri yaradılaraq, erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında kənd camaatı tərəfindən postlar yaradılaraq ərazi bütövlüyününn qorunması təşkil olunmuşdur. Ona görə də ona "müharibə vetiranı" adının və vəsiqəsinin verilməsi cavabdehə həvalə olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 tərəfindən verilmiş 20 noyabr 2019cu il tarixli 142 nömrəli arxiv arayışından görünür ki, Dövlət X3nda saxlanılan Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən, X6 Vilayətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücumların qarşısını almaq məqsədilə Göytəpə kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstələri yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabında İddiaçı adı qeyd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab edilirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində......aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə,......müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı tərəfindən döyüşlərdə iştirakı sübut edən sənəd kimi təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli 142 arxiv arayış özü-özlüyündə əsassızdır, belə ki, Ağdam rayon İcra Hakimiyyəti həmin arayışın verilməsinə əsas kimi, “Göytəpə kənd sovetinin özününmüdafiə dəstəsinin post kitabı”nı göstərmişdir. Bu kitabın (siyahı) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməyib və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Qəbul olunmuş normalara əsasən, sənəd - aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan siyahıların kim tərəfindən tərtib olunmasının qeyd edilməməsi, vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edilməməsi və rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) identifikasıya edilməsini mümkünsüz edir. Bu səbəbdən həmin siyahılar mötəbər hesab edilə bilməz və “sənəd” kimi hüquqi qüvvəsi yoxdur. Beləliklə, Ağdam Rayon İcra Hakimiyyəti dolayısı ilə leqal olmayan “sənədləri” arxivə təhvil verməklə leqallaşdırmaq istəmiş, məhkəməyə arxiv arayışı adı ilə təqdim olunmuşdur. Həmin sənədlər arxivə 2017-ci ildən sonra təqdim edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hətta iddiaçının qeyd edildiyi kimi, Göytəpə kənd sovetinin özününmüdafiə dəstəsinin “post kitabı”nda adının olması və həmin postlarda dayanması onun bilavasitə döyüşlərdə iştirak etməsi anlamına gəlməməlidir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 12.06.2019-cu il tarixli məktubda qeyd olunur: Bildiririk ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim etdiyiniz sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 03.06.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Belə ki, toplanmış sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməyinizə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11.12.2017-ci il tarilxi arayışının surətindən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxxxxx 1964-cü ildə Azərbaycan Respublikası, Ağdam rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Arxivinin 20 iyun 2018-ci il tarilxi 20 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Ağdam rayonu Göytəpə kənd özünümüdafiə dəstəsinin tərkibində, fevral 1988-ci il tarixdən, 09 oktyabr 1991-ci il tarixədək erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X3nın 20 noyabr 2019-cu il tarilxi 142 saylı arayışından görünür ki, Dövlət X3nda saxlanılan Ağdam rayon icra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Göytəpə kənd ərazi nümayəndəliyinin 20 fevral 1988-ci il tarixli 02 №-li əmirinə əsasən, X6 Vilayətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücümlarının qarşısını almaq məqsədi ilə Göytəpə kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 77-ci sırada qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X3 tərəfindən məhkəməyə ünvanlanmış 07 iyul 2020-ci il tarilxi 22 saylı məktubda qeyd olunur: filialda saxlanılan Ağdam rayon icra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Göytəpə kənd ərazi nümayəndəliyinin 20 fevral 1988-ci il tarixli 02 №li əmirinə əsasən, X6 Vilayyətinin Ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücümların qarşısını almaq məqsədi ilə Göytəpə kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsi yaradılmışdır. Həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adı 77-ci sırada qeyd olunmuşdur. 09.10.1991-ci ildə batalyonun fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adı və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilmiş arayış və məktubda Ağdam rayon icra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Göytəpə kənd ərazi nümayəndəliyinin 20 fevral 1988-ci il tarixli 02 №-li əmirinə əsasən, X6 Vilayyətinin ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisinə hücümların qarşısını almaq məqsədi ilə Göytəpə kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsinin yaradılması, həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adının 77-ci sırada qeyd olunması göstərilsə də, iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlər məhkəməyə təqdim edilmədi. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən müharibə veteranı adı şəxsin döyüşlərdə iştirakını sübut edən sənədlər təqdim edildiyi halda verilir. İddiaçı onun döyüşlərdə iştirakını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar