Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6300/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı) “kompensasiya məbləğinin hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “Finca Azerbaijan” X4 Bank Kredit Təşkilatı ilə onun arasında bağlanmış 02.11.2015-cü il tarixli **********5124 nömrəli kredit müqaviləsi üzrə 2320,80 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 30.12.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının Mərkəzi Bankının Apelyasiya Komissiyasına daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, Fərmanın 6.1-ci bəndinə əsasən banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturizasiya) bağlanması tövsiyə edilmişdir. İş materiallarında olan “Finca Azərbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 02.11.2015-ci il tarixli **********5124 saylı kredit müqaviləsindən və kredit ödəniş cədvəlindən görünür ki, “Finca Azərbaijan” MM Qeyri Bank Kredit Təşkilatı tərəfindən İddiaçı 24 ay müddətinə illik 23,86 % hesablanmaqla 4.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Finca Azərbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş 08.06.2021-ci il tarixli məktubda qeyd olunur: 02 noyabr 2015ci il tarixli **********8119 saylı və eyni tarixli **********5124 saylı kredit müqavilələrinə əsasən İddiaçı illik 23.86% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min) manat və 4000 dollar məbləğində kredit verilmişdir. Müştəri barəsində tərəflərindən borc tələbilə məhkəməyə müraciət edilmiş və həmin şəxs barəsində İsmayıllı Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli 2(037)-1329/2017 saylı məhkəmə qərarı mövcuddur. Məhkəməyə müraciət edilərkən həmin sənədlərin əslləri İsmayıllı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bu səbəbdən həmin müqavilələrin və ona aid ödəniş cədvəllərinin surətini və müvafiq məhkəmə qətnaməsinin surətini Sizə göndəririk. Həmçinin bildiririk ki, sorğuda qeyd edilmiş kredit müqavilələri 02 noyabr 2015-ci il tarixinə aid olduğundan həmin kredit müqavilələri üzrə 21 fevral 2015-ci il tarixində kredit borcu olmamışdır. İddiaçı **********8119 saylı kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixində 3868 manat kredit borcu mövcud olmuşdur, həmin müqavilə üzrə hal-hazırki qalıq borcu 3795,56 manat təşkil edir. **********5124 saylı kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixində 3868 ABŞ dolları kredit borcu mövcud olmuşdur, həmin müqavilə üzrə hal-hazırki qalıq borcu 3354,55 ABŞ dolları və 23 manat məhkəmə rüsumu təşkil edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Belə ki, iddiaçının 02.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixə 3868 ABŞ dolları əsas borcu vardır. Belə olan halda ona hesablanacaq kompensasiya məbləği 2320,80 manat təşkil edir (1 ABŞ dollarına 0,6 manat olmaqla 3868 ABŞ dolları x 0,6 manat). Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “Finca Azərbaijan” X4-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 02 noyabr 2015-ci il tarixli **********5124 nömrəli kredit müqaviləsi üzrə 2320,80 (iki min üç yüz iyirmi manat səksən qəpik) manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6300/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6300/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver