Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6300/2022 16.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək müqavilə əsasında satın aldığı ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2011ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada olan qeyri-yaşayış sahəsi, yola çıxan ərazidə yerləşən 1-ci mərtəbənin tam sahəsi 100 kv.m. sahə (A oxundan C oxuna qədər olan məsafədə 10,6 metr: 6 oxundan 4 oxuna kimi olan məsafə 9,4 m) ona satılmışdır. Müqaviəlsyə əsasən qeyd edilən qeyri-yaşayış sahəsinin dəyəri olan 200000 manat vəsait onun tərəfindən "xxxx" MTK-ya tam şəkildə ödəndiyindən ona 115 saylı xx.xx.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Bununla əlaqədar həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını qeydə aldırmaq istəyir. Lakin onun hüquqlarının təmin olunmasından imtina edilmişdir.
3. Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi,17 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının istismara qəbul edilib-edilməməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.
4. Bakı şəhəri, A.Abbaszadə küçəsi, ev 17 ünvanında MARS-A MTK tərəfindən inşa edilmiş yaşayış binasının istismara qəbul olunub-olunmaması, olduğu təqdirdə istismara qəbul aktının surətinin verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasına dair istismara qəbul aktı İdarəyə daxil olmamışdır.
5. Bakı şəhəri Səbail Məhkəməsinin 2(009)-318/2016 saylı, 28 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçılar X5 və İddiaçı - cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «hüquqların tanınması və həyata keçirilməsinə maneələrə son qoyulması» ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin, həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238.1 kv.m olan mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsi və həmin binanın 11-ci mərtəbəsində yerləşən sahəsi 238.1 kv.m olan mənzilin X3 istifadəsinə verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən bildirilmişdir ki, həmin qətnamə xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır.
6. Səbail rayon icra şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, icra sənədində və "xxxx" MTK ilə sizin aranızda bağlanmış xx.xx.2011-ci il tarixli müqavilədə qeyd olunmuş ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi (A oxundan C oxuna qədər olan məsafə 10, 6 metr: 6 oxundan 4 oxuna kimi olan məsafə 9, 4 metr) ona təhvil verilmişdir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edərək, cavabdehin üzərinə iddiaçının müqavilə əsasında satın aldığı ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada olan qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi tələbi etirazla qarşılanır. Belə ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MTK-nın adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qabaqcadan qeydiyyata alındığı müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsinin iddiaçının adına əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim olunacağı halda müraciətə yenidən baxıla bilər. Bununla yanaşı, qeyri- yaşayış sahəsi yerləşən yaşayış binasının istismarına icazə sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-874/15 nömrəli, 05 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" MTK-nın ünvan 4 ünvanında tikdiyi cavabdeh X4 adına rəsmiləşdirilmiş “Prestij Palace” binasının birinci mərtəbəsindəki 100 kv.m qeyri-yaşayış sahəsinin, 4-cü mərtəbəsindəki 238,1 kv.m sahəsi olan mənzilin və cavabdeh Elçin Şahverdiyevin adına rəsmiləşdirilmiş həmin binanin 11-ci mərtəbəsindəki 238,1 kv.m sahəsi olan mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü 95,1 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı şifahi məhkəmə dinləmələrində (məhkəmə baxış iclasında) iştirak etmir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. X9 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
16. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
21. Binaya dair hüquqların qabaqcadan qeydiyyatı ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən institutun mahiyyəti (Mülki Məcəllənin əvvəlki məzmunlarda 147-ci maddəsi) 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693), daha sonra 15 dekabr 2017-ci il tarixli 918- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142) ilə köklü dəyişikliyə məruz qalmış, hazırda bu institut qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırda qanunverici yeni institut olan torpaq sahəsi barədə təminat qeydi (Mülki Məcəllənin yeni redaksiyada 147-ci maddəsi) münasibətlərini nəzərdə tutur ki, Təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir (Mülki Məcəllənin 147.2-ci maddəsi).
22. Odur ki, qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MTK-nın adına qabaqcadan qeydə alınmış olması hazırda iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün yetərli hesab edilə bilməz.
23. Beləliklə, məhkəmə hesab edir ki, qüvvədə olan məhkəmə aktına əsasən ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsi (A oxundan C oxuna qədər olan məsafə 10, 6 metr: 6 oxundan 4 oxuna kimi olan məsafə 9, 4 metr) ona təhvil verilmiş və iddiaçının istifadəsində olsa belə, binaya dair istismara qəbul aktı (və ya tikinti obyektinin istismarına icazə) olmadığından qeyd etdiyi sahəyə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.
24. Qeyd edilənlər iddianın təmin edilməməsi üçün yetərli olduğundan məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək "xxxx" MTK-nın ünvan 4 ünvanında tikdiyi cavabdeh X4 adına rəsmiləşdirilmiş “Prestij Palace” binasının birinci mərtəbəsindəki 100 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-874/15 nömrəli, 05 mart 2015-ci il tarixli qərarına əsasən qoyulmuş qadağanın hazırda qüvvədə olma məsələsinin araşdırılmasını zəruri hesab etmir.
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva