Məhkəmə qərarları › İş №2-1(112)-6301/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6301/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6301/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri, Xətai rayonunda müvəqqəti qeydiyyatda olduğuna görə mənzil növbəsinə götürülməsindən əsassız olaraq imtina edir. Halbuki, onun ailə üzvləri ilə birgə mənzil növbəsinə götürülməsi hüququ mövcuddur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı, ailə üzvləri Məmmədova Gülüzar, Məmmədli Yusif, X2 şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. -2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. -4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. -5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X6 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın -7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. -8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Göründüyü kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yerli icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər kimi növbəyə alınması isə Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə bağlı normalarının tələblərinə uyğun şəkildə aparılır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati məhkəmə mübahisəsi iddiaçı və onun ailə üzvlərinin şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsi ilə əlaqədardır. Belə ki, cavabdeh həmin şəxslərin xx.xx.2022-ci il tarixdən Bakı şəhəri üzrə daimi qeydiyyata düşməsinə istinad edir. Bu səbəbdən də qanunvericiliyin tələbinə uyğun olaraq azı son 5 il ərzində həmin şəxslərin Bakı şəhərində yaşamadığına istinad edərək şəxslərin mənzil növbəsinə götürülməsindən imtina edilmişdir. İmtinanın hüquqi əsası qismində isə Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların hüquqi və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci hissəsi göstərilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini nəzərdə tutulsa da hazırki halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir Cavabdehdə həmin əsaslara istinad edərək iddiaçının xx.xx.2022-ci il tarixdən Bakı şəhərində qeydiyyata yaşayış yeri üzrə alınmamasına istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir ki, məhkəmə cavabdehin mövqeyini aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Doğrudur ki, adıçəkilən Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin, daimi yaşama müddətinin Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından öz əhəmiyyətini itirməsi və hazırkı işin faktiki hallarına münasibətdə tətbiq edilməməsi qənaətindədir. Belə ki, hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsindən də müəyyən edilir ki, Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəyə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin bir yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı mütləq şərt nəzərdə tutulsa da şəxsin bir-neçə yaşayış yerinin olması ilə bağlı da tənzimləmə həyata keçirilmiş və hər hansı şəxsin bir-neçə yaşayış sahəsinə malik olması hüququ tanınmışdır. Bu isə, o deməkdir ki, hazırkı mübahisənin həlli hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından iddiaçının Bakı şəhərində yaşamasını təkcə onun yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı yox, faktiki olaraq daimi Bakı şəhərində yaşamasının digər sübutlarla yoxlanılmasından asılı olacaqdır. Yəni, cavabdehin qeyd etdiyi kimi şəxsin Bakı şəhərində son 5 il ərzində yaşaması yoxlanılmalıdır ki, bu zaman cavabdehin mövqeyindən fərqli olaraq şəxsin hansı tarixdən yaşayış yeri üzrə qeydiyyata alınması əhəmiyyət kəsb etmir. Ümumilikdə onun Bakı şəhərində faktiki olaraq daimi yaşaması da nəzərə alınmalıdır. Məhkəmə də bu istiqamətdə yoxlama aparmış və müəyyən etmişdir ki, iddiaçının şəhid övladı Bakı şəhəri Şüvəlan qəsəbəsi, İlqar Muradov adına 237 nömrəli tam orta məktəbə 1998-ci il tarixdə qəbul edilmiş, 2007-ci il tarixdə orta məktəbi 9-cu sinifdən başa vurmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdkən Bakı şəhərində Mərdəkan qəsəbəsində “Ləzzət” şirniyyat dükanında şirniyyat ustası vəzifəsində çalışıb. Onun əmək müqavilələrinin bildirişlərinin qeydiyyatı sisteminə yüklənən əmək müqaviləsi isə xx.xx.2018-ci il tarixdəndir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin arayışından görünür ki, idiaçı ailə üzvləri ilə birlikdə 2012-ci il tarixdən Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin Bakı şəhərində məskunlaşması konkret sübut olunur. 1991-ci il təvəllüdlü övladının 1998-ci il tarixdən Bakı şəhərində orta məktəbdə oxumağa başlaması da, Bakı şəhərində iddiaçı və onun ailə üzvləri arasında yaşayış və birgə təsərrüfat aparma ilə bağlı faktiki halların təsdiqində xüsusi nəzərə alınmalı olan haldır. Ümumi məlum olan haldır ki, məcburi köçkünlərin məskunlaşması zamanı, bir-çox halda həmin şəxslərin qeydiyyat yeri işğal olunmuş rayon olaraq saxlanılsa da, həmin şəxslərin daimi yaşadığı yer məskunlaşdığı ərazi olur. İddiaçı və onun ailə üzvlərinin də Şüvəlan qəsəbəsində məskunlaşması konkret müəyyən edilmişdir. Cavabdeh isə həmin halları araşdırmadan, iddiaçı və ailə üzvlərinin Bakı şəhərində uzun müddətdir ki, məskunlaşmasını nəzərə almadan təkcə yaşayış yeri üzrə qeydiyyata alınma barədə formal əsasa istinad etmişdir ki, həmin mövqe ilə çıxış etdikdə qeydiyyatını dəyişməyən məcburi köçkün ailələrinin məskunlaşdığı yer üzrə mənzil növbəsinə götürülməsindən birmənalı imtina edilməlidir kimi mövqe müəyyən edilir. Məhkəmə isə hesab edir ki, şəhid ailəsi üzvlərinə münasibətdə hazırkı formal əsasa istinad edilməsi, onların daimi Bakı şəhərində yaşamasına baxmayaraq təkcə qeydiyyatının olmaması nəzərə alınması mənzil növbəsinə ehtiyacı olan şəxslərin hüquq və mənafelərinin təmini ilə bağlı dövlət dəstəyinin məqsədləri ilə uzlaşmır. Hər nə qədər imtina əsaslarında iddiaçının və ailə üzvlərinin mənzilə ehtiyac zərurətinə münasibət bildirilməsə də məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı və ailə üzvləri mənzilə ehtiyacı olan şəxslərdir. Belə ki, iddiaçı, X7, X3 adına daşınmaz əmlak mövcud deyil. X1 adında isə torpaq sahələrinin olması da vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, kənd təsərrüfatlı torpaq sahəsinin mövcudluğu iddiaçının mənzilə olan ehtiyacının ödəmir. Yaşayış məntəqəsi torpaq sahəsinin olması da iddiaçı və ailə üzvlərinin mənzil ehtiyacının ödənilməsinə birbaşa şərait yaratmır. İlk ona görə ki, iddiaçı və ailə üzvləri Bakı şəhərində yaşayırlar. Həmin şəxslərin Yevlax rayonunda yaşayış məntəqəsi torpaq sahəsinin olması mənzilə ehtiyac zərurətini azaltmağa səbəb olsa da, tam aradan qaldıran hal hesab edilə bilməz. Belə ki, həmin torpaq sahəsində mülkiyyət hüququ qeydiyyata alınan hər hansı yaşayış sahəsinin olması və iddiaçıların ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində yaşamasını mümkün edən hal müəyyən edilmir. Edilsə belə, Bakı şəhərində yaşayan şəxslərin mənzil ehtiyacının qarşılanması üçün Yevlaxa həmin şəxslərin köçməsinin gözlənilməsi də məntiqə uyğun deyil. Bundan əlavə, iddiaçının kredit borc məbləğinin iş materiallarında mövcudluğu da iddiaçı və onun ailə üzvlərinin mənzil növbəsinə götürülmə zərurətini təsdiq edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı, ailə üzvləri X5, X8, X4 şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar