Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6302/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı qızının cavabdeh 4 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı birdəfəlik pul müavinətinin ödənilməsi barədə tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdeh 4 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin 190 manat verilməsinə başlanıldığı vaxtdan ona da verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 05 avqust 2021ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 07 may 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən iddiaçının tələbilə bağlı olaraq xx.xx.2020-ci il tarixədək müraciət edilməsinin müəyyən edilmədiyi, cavabdeh tərəfindən verilmiş imtina məktubunda xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlərin 27 aprel 2020-ci il tarixindən dayandırıldığı bildirilsə də, lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, hazırkı iş üzrə iddiaçı 2020-ci ilin 190 manat verilməsinə başlanıldığı vaxtdan ona da verilməsini cavabdehdən tələb edir. İşdə olan cavabdeh tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli, **********9 saylı məktubdan görünür ki, iddiaçı tərəfindən bununla bağlı cavabdehə müraciət olunmuş, onun müraciətinə baxılaraq bildirilmişdir ki, iddiaçının həyat yoldaşı X2 birdəfəlik ödəmənin təyin olunmaması ilə bağlı müraciətinə xx.xx.2020-ci il tarixli, ********** nömrəli məktubla müvafiq cavab verilmişdir. Müraciəti əsasında aparılan araşdırma nəticəsində onun xx.xx.2020-ci il tarixində onlayn qeydiyyatdan keçdiyi məlum olmuşdur. Bununla əlaqədar bildirmişlər ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixindən dayandırılmışdır. Həmin dövrdə “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatınız mövcud olmadığı səbəbindən Sizə birdəfəlik ödəmə təyin olunmamışdır. İddiaçının əyat yoldaşı X1 xx.xx.2020-ci il tarixində 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialında olmuş, ona "xxxx" MMC-də sosial işçi (əmək haqqı-250 manat) və "xxxx" MMC-də laborant (əmək haqqı 500 manat) işləri təklif olunmuş, lakin həyat yoldaşının səhhəti ilə əlaqədar bu təkliflərdən imtina etmişdir. Həmçinin, vətəndaş X2 aktiv məşğulluq tədbirləri haqqında ətraflı məlumat verilmiş və özünüməşğulluq proqramına cəlb olunması təklif olunmuş, o isə bu təkliflə razılaşmamışdır. Bununla yanaşı, iddiaçının və həyat yoldaşının işlə təmin olunmağına mümkün köməklik göstərilməsi məqsədilə “e-sosial.az” internet portalına daxil olaraq “Məşğulluq” altsistemində (MAS) boş (vakant) iş yerləri ilə tanış olaraq mövcud olan vakansiyaları mütəmadi izləməyi və istədiyi iş yerinə göndəriş formalaşdıra biləcəyi tövsiyə olunmuşdur. Göründüyü kimi “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsaəsən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata 4 alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə araşdırması zamanı cavabdehin imtina məktubunda qeyd olunanlardan məlum olmuşdur ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi MAS-da (Məşğulluq Alt sistemində) qeydiyyatdan keçmiş və ona 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. İddiaçı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamış, onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Eləcə də, yuxarıda qeyd edilən sözügedən Qaydaların 2.2-ci bəndində birdəfəlik ödəmənin qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmə üçün inzibati orqana müraciət etməsi barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunanlara istinadən bildirir ki, iddiaçı müraciət edən zaman o, MAS-da işsiz kimi xx.xx.2020-ci il tarixədək qeydiyyatdan keçməmiş, MAS-da yalnız xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçərək, cavabdehə birdəfəlik ödəmə üçün müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işsiz olaraq qaydalar üzrə tələb olunan 01 aprel 2020-ci il tarixədək işsiz kimi qeydiyyatdan keçmədiyindən, o cümlədən 27 aprel 2020-ci il tarixədək birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı qızının cavabdeh 4 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı birdəfəlik pul müavinətinin ödənilməsi barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6302/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6302/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver