Məhkəmə qərarları › İş №2-1(112)-6303/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6303/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6303/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən ona verilmiş 12.03.2020-ci il tarixli, M20No0775686 magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin “Orta ixtisas” ixtisası üzrə M20№0775686 saylı 12.03.2020-ci il tarixli magistr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci il tarixdə Ukrayna Respublikası M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti “orta ixtisas" ixtisası üzrə bitirərək “magistr" ali təhsil dərəcəsi alıb. Bu barədə ona 12.03.2020-ci il tarixdə M20№075686 saylı diplom verilmişdir. Həmçinin diploma əlavədən də görünür ki, o, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirib və qanuni əsaslarla təhsilini başa vurub. Diplomunu əldə etdikdən sonra həmin diplomun Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün aiddiyyatı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib. 09.03.2021-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.04.2021-ci il tarixli imtina məktubu göndərilmişdir, imtina məktubunda qeyd olunmuşdur ki, Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostirfikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostirfıkasiya) Qaydaları"nın 3.7-ci bəndinə əsasən **********7 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsasızdır. Məhkəmənin 23 iyun 2021-ci il tarixli 2-1(112)-6303/2021 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz olunmuş, Azərbaycan Respublikası Təhsil Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri- mümkün olduğu və tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (lil -13 gün, İİ il - 11 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi X4 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarına əlavə edilmiş; AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1986-ci ildə doğulmuşdur. Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet” tərəfindən verilmiş 12.03.2020-ci il tarixli B20 № 075686 saylı “Magistr” diplomunun surətindən müəyyən olunur ki, İddiaçı “Orta təhsil” (Dil və ədəbiyyat (İngilis dili)) ixtisası üzrə magistr ali dərəcəsini almışdır. Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet” tərəfindən verilmiş 12.03.2020-ci il tarixli B20 № 075686 saylı diploma əlavənin surətindən müəyyən olunur ki, İddiaçı Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet”də oxuduğu müddət ərzində “Orta təhsil” (Dil və ədəbiyyat (İngilis dili)) ixtisası üzrə qiyabi tədris formasında təhsil almışdır. Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet” tərəfindən 21.07.2020ci ildə № A-25222-20 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet”nin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, **********7 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 2.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarı ilə təsdiq edilmiş “Çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında Əsasnamə” 3.1. Magistratura təhsil pilləsində kadr hazırlığına iddiaçı olan təhsil müəssisəsində istiqamət üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5 nəfəri elmi dərəcəli olmalıdır. 3.3. Ali təhsil müəssisəsində magistr hazırlığının məzmununu təmin edən şərtlər: magistr təhsili proqramlarına daxil edilmiş fənlərin işçi proqramlarında nəzərdə tutulan tədris-informasiya vasitələrinin lazımi miqdarda olması; - ali təhsil müəssisələrində müasir milli və beynəlxalq informasiya şəbəkələrinin və məlumat bankları ilə əlaqə terminallarının mövcudluğu və bunlar üçün zəruri miqdarda işçi yerlərinin olması təmin edilməlidir. 5.2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir. Magistr təhsilinin normativ müddəti müvafiq dövlət standartları ilə müəyyən edilir və ixtisasdan asılı olaraq 1,5-2 il müəyyənləşdirilir. 5.4. Magistr proqramı üzrə təhsildə tələbənin fəal müstəqil işinə daha çox üstünlük verilməlidir. Bununla əlaqədar olaraq onun auditoriya tədris yükü bütün tədris müddətində orta hesabla həftədə 12-20 saat olmalıdır. Tələbənin fərdi tədris planının yerinə yetirilməsinə nəzarət məqsədilə tədris planında nəzərdə tutulmuş bütün fənlər üzrə müxtəlif formada attestasiyalar (məqbullar, müdafiəyə qədər imtahanlar və s.) aparılır. Magistr proqramının mənimsənildiyi (yerinə yetirildiyi) bütün müddət ərzində məqbulların sayına məhdudiyyət qoyulmur, imtahanların ümumi sayı isə 6-10 olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydalarında göstərilmişdir ki; 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; 2.1.17.akademik borcu olan tələbə- fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; 7 c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Konvensiyanın 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. Bu bölmənin 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram elementlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə anın verilməsi səpkisində baxılmalıdır”. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır”. Konvensiyanın 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, laboratoriya işləri və.s) oxşar tələblər (tibb və təbiət elmində) və ya qeyri-akademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil ediməsi formasında ola bilər”. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Qaydaların 1.5-ci bənində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”. Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 2.2-ci bəndində qeyd edilir ki, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materiallarından görünür ki, Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının təhsil aldığı institutun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması nəticəsində diploma əlavədə qeyd olunan tədris yükünü yetirməsinin qeyri mümkün olması və iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 13.07.2021-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin “Orta ixtisas” ixtisası üzrə M20No0775686 saylı 12.03.2020-ci il tarixli magistr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin 13.07.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-05-407/TKTA №li 10.09.2021ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin tərəfindən verilmiş 12.03.2020-ci il tarixli, B 20 seriyalı 075686 nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiaçı Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet”də oxuduğu müddət ərzində “Orta təhsil” ( Dil və ədəbiyyat (İngilis dili)) ixtisası üzrə qiyabi formada təhsil almasını bildirsə də, məhkəmə araşdırması zamanı onun təhsil aldığı institutun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunmuşdur ki, bu cür vəziyyətdə təhsil alan şəxsin özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi Ukrayna “M.P.Draqomanov Adına Milli Pedoqoji Universitet”də oxuduğu müddət ərzində “Orta təhsil” ( Dil və ədəbiyyat (İngilis dili)) ixtisası üzrə magistr dərəcəsini bitirməyi barədə verilmiş D20 No: 075686 saylı 12.03.2020-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar