Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6305/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Bakı şəhəri X2 və Uçotun Təşkili üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X1 (bundan sonra – cavabdeh) ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, əsas fəaliyyəti rəngləmə və şüşə salma işləri ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona xx.xx.2022-cü il tarixli bildiriş verilmişdir. Borc ödənilmədiyinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli və xx/xx/2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə yaranan dövlət büdcəsinə 145.75 manat, Dövlət Sosial Müdafiə Fonduna 989.82 manat, İcbrai Tibbi Sığorta Fonduna 445.34 manat və xx/xx/2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna yaranan 376.50 manat borcuna görə fərqləndirici əlaməti “MERSEDES BENZ ML350” markalı **- RR-*** dövlət qeydiyyat nişanlı, qiyməti 20000 manat, fərqləndirici əlaməti “RENAULT MEGANE” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı, qiyməti 5000 manat, 2009-cu il istehsalı olan və fərqləndirici əlaməti “Mersedes BENZ E220CDİ” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat, 2002-ci il istehsalı olmaqla, ümumilikdə 35000 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********5, **********8, **********1 və **********3 saylı Protokollar tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi (hazırkı adı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili üzrə Baş İdarəsi) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 145.75 manat, Dövlət Sosial Müdafiə Fonduna 989.82 manat, İcbari Tibbi Sığorta Fonduna 445.34 manat və xx/xx/2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna 376.50 manat ödənilməmiş borcunun təmin edilməsi məqsidi ilə ünvan 1 ünvanında fərqləndirici əlaməti “MERSEDES BENZ ML350” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı, qiyməti 20000 manat, 2007-ci il istehsalı olan, fərqləndirici əlaməti “RENAULT MEGANE” markalı **-ML- *** dövlət qeydiyyat nişanlı, qiyməti 5000 manat, 2009-cu il istehsalı olan və fərqləndirici əlaməti “Mersedes BENZ E220CDİ” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, qiyməti 10000 manat, 2002-ci il istehsalı olmaqla, ümumilikdə 35000 manat məbləğində siyahıya alınmış əmlakların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, «cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, DSMF-yə, İTSF-yə və İSF-yə borcu yaranmış həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmiş, lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmiş qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərarlar çıxarmış və həmin qərar əsasında vergi ödəyicisinin 145.75 manat vergi borcuna görə dövlət bügəsinə, 989.82 manat DSMF-yə, 445.34 manat İTSF-yə 376.50 manat İSFyə borcuna görə, ümumilikdə, 35000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli **********5, **********8, **********1 və **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın iki vərəqdən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcu qalmışdır. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-7909/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi maddi tələbi üzrə onun adına iddia tələbində qeyd olunan dövlət qeydiyyat nişanları həmin avtonəqliyyat vasitələrinə təhkim olunmamışdır, başqa sözlə mövcud deyildir ki, belə olan halda da, İPM-in 35.1-ci maddəsinə əsasən iddia əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-965/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7909/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbindən göründüyü kimi, cavabdehin vergi ödəyicisinin vergi və icbari borclarına görə ona məxsus olan üç ədəd aşağıdakı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin hərracdan satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir: - **-RR-*** dövlət qeydiyyat nişanlı“Mercedes Benz ML350” markalı; - **-ML-*** dövlət qeydiyyat nişanlı “RENAULT MEGANE” markalı; - **-RA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220CDİ” markalı. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi həmin avtonəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olub-olmamasını dəqiqləşdirmək üçün AR DİN Baş X5 İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu göndərmiş, lakin sözügedən sorğusunda həmin avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını aşağıdakı kimi göstərmişdir. - **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” markalı; - **-ML-*** dövlət qeydiyyat nişanlı “RENAULT MEGANE” markalı ; - **-RA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220CDİ” markalı. Baş X5 İdarəsi isə məhkəmənin həmin sorğusuna ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda isə bildirmişdir ki: -10-RR-5*0 dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” markalı; - **-ML-*** dövlət qeydiyyat nişanlı “RENAULT MEGANE” markalı; - **-RA-*** dövlət qeydiyyat nişanlı-“Mercedes Benz E220CDİ” markalı - nəqliyyat vasitələrinə təhkim edilməmişdir. Məhkəmənin Baş X5 İdarəsinə ünvanlanmış sorğusunda və sonuncunun həmin sorğuya cavab məktubunda təsbit olunan dövlət qeydiyyat nişanlarının nömrə göstəricilərindən göründüyü kimi, həmin qeydiyyat nişanlarının nömrə göstəriciləri iddia tələbi üzrə siyahıya alınmış avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarındakı nömrə göstəricilərinə münasibətdə fərqlidir ki, belə olan halda da məhkəmənin həmin səhvi, təbii ki, onunla nəticələnmişdir ki, polis orqanı tərəfindən həmin dövlət qeydiyyat nişanlarının qeyd olunan markadan olan nəqliyyat vasitəlrinə təhkim olunmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar diqqətdən kənarda qalmış, eyni zamanda, iddiaçının elektron informasiya sistemi vasitəsilə əldə edib iddia ərizəsinə əlavə etdiyi cavabdehə məxsus avtonəqliyyat vasitələrinin siyahısı da qarşılıqlı surətdə tədqiq edilmədən və həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olubolmaması üzrə hərtərəfli araşıdırma aparılmadan əsassız olaraq, İPM-in 35.1-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə səhv nəticəyə gəlinmiş, bununla da prosessual hüquq normaları pozulmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona vaxt verilməsini bildirərək, həmçinin iddiaçı tərəfindən borcun düzgün hesablanmadığını bildirmişdir. İddiaçı məhkəməyə məktub göndərərək iş yükününü çoxluğu ilə əlaqədar işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Bu cür yanaşma “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 № li qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Həmin qərarın 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Baxılan işdə də, inzibati orqan olan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ Vergi Məcəlləsinin 90.1-ci maddəsində təsbit edilmişdir. Eyni zamanda hazırki iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı cavabdehin vergi ödəyicisinin vergi, məcburi dövlət sosial sığorta ödənişləri, icbari tibbi sığorta və işsizlikdən sığorta borclarına görə ona məxsus olan üç ədəd avtonəqliyyat vasitəsinin hərracdan satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir: Məhkəmə apellyasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq Baş X5 İdarəsinə təkrar sorğu vermişdir. BDYPİ tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubda cavabdehin mülkiyyətində olan (olmuş) avtonəqliyyat vasitələrinin q\eydiyyat hərəkətlləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna qoşma edilmiş çıxarışlardan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən avtomobillərin 2 si hazırda onun mülkiyyətində deyildir. Belə ki, “Mersedes Benz E220 CDİ” markalı **-ZA-*** (iddiaçı siyahıya alınma protokolunda və iddia ərizəsində qeydiyyat nişanını səhvən 90RA777 kimi yazmışdır) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə cavabdehin adına qeydə alınmış, xx.xx.2024-cü tarixdə qeydiyyatdan çıxmışdır. “Mersedes Benz ML350” markalı **-ZZ-*** (iddiaçı siyahıya alınma protokolunda və iddia ərizəsində qeydiyyat nişanını səhvən 10RR560 kimi yazmışdır) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxmışdır. “RENAUL MEGANE” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Qanunvericilik normalarından görünür ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna qoşma edilmiş çıxarışlardan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən avtomobillərin 2-si hazırda onun mülkiyyətində deyildir. İş materiallarından müəyyən edilir ki, satılması tələb edilən avtonəqliyyat vasitələrindən yalnız “RENAUL MEGANE” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hazırda cavabdehin mülkiyyətindədir. Göründüyü kimi iddiaçının satılması barədə tələb irəli sürdüyü avtonəqliyyat vasitəsilərindən “RENAUL MEGANE” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsindən başqa digər iki nəqliyyat vasitəsi hazırda cavabdehin mülkiyyətində deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir. “RENAUL MEGANE” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hissəsində isə məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə təmin olunmalıdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq DVX Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqəsində olan məlumata əsasən onun, vergilər üzrə ümilikdə 762,27 manat, o cümlədən 476,62 manat ödənilməmiş vergi borcu, 285,65 manat faiz borcu, 12448,17 manat MDSS borcu, 682,97 manat İTS üzrə borcu vardır. Cavabdeh məhkəməyə ödəniş qəbzləri təqdim edərək borcunun bir qisminin ödənildiyini bildirmişdir. Lakin iş materiallarından görünür ki, həmin qəbzlər 2023-cü il tarixlidir və DVX Lokal GBİ-in verdiyi məktubda xx.xx.2024-cü il tarixdə olan şəxsi hesab vərəqisinin məlumatlarına istinad edilir. Cavabdeh vergi borcunun düzgün hesablanmamasını bildirir ki, məhkəmə qeyd edir ki, bu hazırkı iddianın predmeti deyildir. Cavabdeh məhkəmə iclasında həmin vergi borcunu mübahisələndirmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə verilməsinə baxmayaraq hazırda məhkəmə icraatını 1 ildən çox keçdiyi dövrdə cavabdeh vergi borcunu ödəməmişdir. Ona görə də, iddia tələbi cavabdehin mülkiyyətində olan “RENAUL MEGANE” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması hissəsində əsaslıdır və təmin edilməlidir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 145,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 989,82 manat, İcbari Tibbi Sığorta Fonduna 445,35 manat və xx/xx/2022-ci il tarixə İşsizlikdən Sığorta Fonduna 376,50 manat ödənilməmiş borcuna görə siyahıya alınmış qiyməti 5000 manat olan, fərqləndirici əlaməti “RENAULT MEGANE” markalı, 90ML042 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə ilə satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən cavabdehin yuxarıda göstərilən məbləğdə borcu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6305/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6305/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver