Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6306/2024 17.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kredit borcunun məcburi restrukturizasiya edilməsi" tələbinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Mərkəzi Bankına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC-nin Nərimanov filialı ilə xx.xx.2015-ci il tarixdə bağlanmış, 4700 ABŞ dolları məbləğində kredit borcunun tam şəkildə məcburi restrukturizasiya olunması, kredit borcuna görə yaranmış, faiz və dəbbə pulu borclarının tam şəkildə silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə ləğv prosesində olan "xxxx" ASCnin Nərimanov filialı ilə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanaraq, 4700 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin tarixdən sonra 2 devalvasiya olaraq, ABŞ dollarının, ölkənin milli pul vahidinə nisbətdə dəyərinin artması baş vermişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə 10000 ABŞ dolları ekvivalentində kredit borclarının restrukturizasiyası, kreditə görə yaranmış faiz və dəbbə pullarının məcburi qaydada silinməsi barədə qərar qəbul edilmişdir. Həmin Fərmanın 7.1, 7.2-ci maddələrinə əsasən qərarın icrası Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. 10 il keçəndən sonra ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək, həmin kredit borcu üzrə yaranmış faiz və dəbbə borcunu silməli olduğu halda silməyərək, iddiaçıya qarşı iddia irəli sürmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən Fərmanın icrası həyata keçirilmədiyi üçün iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ciddi xələl gətirmişdir. İddiaçı bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya yardım etmək məqsədilə müvafiq tələblə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun olması izah edilsə də, məhkəmənin təklifinə baxmayaraq iddiaçı işə baxılmasına təkid etdiyindən iddianın mümkünlüyü məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər təyin edilmiş məhkəmə iclasında təmsil edilməmiş və səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsinə əsasən həmin bankdan xarici valyutada götürdüyü kredit borcunun restrukturizasiya olunması, həmin kredit borcuna görə yaranmış, faiz və dəbbə pulu borclarının tam şəkildə silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərmanında (bundan sonra – Fərman) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyyə edilmişdir (5.1.). Həmin Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 10-cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Fərmanın qeyd edilən müddəalarından görünür ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə restrukturizasiya müqavilələrinin bağlanması kreditor banklarla borcalanların arasında həll edilməli olan məsələlərdir. Həmin məsələlər isə mülki-hüquqi münasibətlərdən yaranır. Eyni zamanda Fərmanda “məcburi restrukturizasiya” anlayışı yoxdur. Hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı isə banklarla borcalanlar arasında bağlanmış müqavilələri “məcburi restrukturizasiya” etmək kimi bir səlahiyyətə malik deyildir. Yəni iddia ona cavab verməli olan inzibati orqana qarşı verilməmiş, eyni zamanda iddiaçı mülki-hüquqi müqavilədən irəli gələn tələblə inzibati məhkəməyə müraciət etmişdir. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı ləğv prosesində olan "xxxx" ASC-nin Nərimanov filialı ilə xx.xx.2015-ci il tarixdə bağlanmış, 4700 ABŞ dolları məbləğində kredit borcunun tam şəkildə məcburi restrukturizasiya olunması, kredit borcuna görə yaranmış, faiz və dəbbə pulu borclarının tam şəkildə silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına apelyasiya şikayəti verə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6306/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6306/2024
17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver